')

Bu gün:


FutbolPress.Az | I Divizion nəyə lazımdı? (LAYİHƏ)

I Divizion nəyə lazımdı? (LAYİHƏ)


oxunma sayı: 1847 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində qalib olan “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda yazıları davam etdirir. 
 
2016/17 futbol mövsümündə Azərbaycan Premyer Liqası nisbətən, kuboku xüsusilə səs-küysüz keçsə də, bunu qətiyyən I Diviziona aid etmək olmaz. Oyun alqı-satqısı, tez-tez dava-dalaş, hər oyun söyüşmələr, bir sözlə qırğın-qiyamət. Bütün bunların fonunda isə çempion olan komanda yüksək liqaya buraxılmadı. Aşağı dəstənin son mövsümü ilə bağlı hər hansı müsbət, pozitiv məqamı qabartmaq, az qala mümkün deyil.


via GIPHY

 
Burda xüsusi PFL-in yarışa diqqətini qeyd etmək lazımdır. I Divizionda ayın qolunun seçilməsi və qalib oyunçuya mükafatın təyin edilməsi uğurlu addım idi. Futbolçunun mükafatına qovuşmasının bölgə matçlarının birində olması, jurnalistlərin səfərinin təşkili isə I Diviziona diqqəti xeyli artırmışdı. Müsbət məqamlar məhz belə, barmaqla sayılacaq qədər idi. Əvəzində isə...
 
Danışılmış oyunlar
 
Keçən mövsüm I Divizionda Azərbaycan futbolu üçün ən böyük skandallardan biri baş verdi. Əslində çox əvvəldən hamının bildiyi, mətbuatın yazdığı bir məsələdən gedir söhbət – oyun alqı-satqısı. Az qala hər tur hansısa oyun(lar)la bağlı şübhələr ortaya çıxırdı, xarici bukmeyker kontorlarında I Divizion matçlarına 10 minlərlə pulların yatırıldığı bildirilirdi. Təqdim olunan videogörüntülərdə də aşkar hiss olunurdu ki, nəsə “barmaq” var və s.
 
Ancaq ölkə futbolunun rəhbərləri uzun müddət bunu inkar etdilər, yaxud görməzdən gəldilər. O vaxta qədər ki, UEFA-dan xəbərdarlıq məktubları, konkret faktlar göndərildi. Yalnız bundan sonra AFFA danışılmış oyunların araşdırılması ilə bağlı tərkibi gizli (!) saxlanılan komissiya yaratdı və oyun alqı-satqısının olduğunu etiraf etməyə bir növ məcbur qaldı.
 
Prosesin davamı olaraq, keçən ilin noyabrında “günah keçisi” kimi 22 futbolçu, 1 inzibatçı və 1 hakim ictimaiyyət önünə çıxarıldı – AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırıldılar. İkinci mərhələdə 16 nəfərin adı silindi, əvəzinə 2-si əlavə edildi.
 
Araşdırmaların yekunu AFFA-nın martın 15-də keçirilən Hesabat Konfransından bir gün sonra açıqlandı. 9 futbolçu mövsümün sonuna qədər, “Şahdağ”ın inzibatçısı Rafael Kübərov 2 il müddətinə, hakim Anar Niyazov isə ömürlük bütün yarışlardan kənarlaşdırıldı. Araşdırmaların daha sərt nəticəsi isə “Rəvan” və “Şərurspor”un I Diviziondan uzaqlaşdırılması oldu. Hər iki komandaya növbəti oyunlarda məğlubiyyət, futbolçularına azad agent statusu verildi.


 
Ancaq bu cəzaların yetərli olmadığı aşkar idi. Məsələ burasındadır ki, daha sonra da şübhələr qalırdı, videogörüntülərdə, qeydə alınan nəticələrdə uyğunsuzluqların olduğu nəzərə çarpmaya bilmirdi. Üstəlik danışılmış oyunlarda yalnız müxtəlif komandalardan 9 futbolçu, 1 hakim, 2 klubun iştirakı inandırıcı görünmürdü. Ən azı 2-3 klubla bağlı da belə iddialar var idi. Nədənsə martda açıqlanan qərarlardan sonra bu mövzu sanki gündəmdən çıxdı.
 
Oyunun ortasında mükafat  istəyənlər və ...
 
I Divizionun geridən qalan mövsümündə istənilən növ tərbiyəsizlik tapmaq olardı. Az qala hər oyunla bağlı komanda üzvlərinin bir-birini, klub rəsmilərinin hakimləri, hakimlərin klub rəsmilərini, futbolçuların hakimləri söyməsi ilə bağlı faktlar ortaya çıxırdı. Aşağı liqa oyunlarının bir qismi bölgələrdə keçirilirdi, işıqlandırılmırdı deyə, çox hallarda bu cür xoşagəlməz faktların üstü bağlı olaraq qalırdı. Ancaq paytaxtda baş tutan oyunlarla bağlı konkret faktlar göz önündə idi.
 
Məsələn, mövsümün televiziyada yayımlanan tək-tük oyunlarından birində - MOİK – “Qardağ Lökbatan” matçında meydan sahiblərinin oyunçusu Məhəmməd Bədəlbəylinin qeyri-etik jesti (orta barmağı) kameranın obyektivindən yayınmadı. Daha sonra bunun mətbuatda əksini tapması AFFA İK-nın futbolçunu 3 oyun cəzalandırmasına səbəb oldu.
 
Şübhə yoxdur ki, I Divizionda belə hadisələr tez-tez baş verirdi. Sadəcə, bəzən ya hakimlər görmür, yaxud görməzdən gəlirdilər və həmin oyunçular cəzasız qalırdılar.
 
Mövsümün ən xoşagəlməz hallarından biri “Bakılı” – “Energetik” matçına təsadüf etmişdi. İki komandanın oyunçuları arasındakı dava-dalaşı lentə almaq istəyən reportyorun telefonunu əlindən alaraq, yerə atdılar. Jurnalistə hücum edən qonaq komandanın futbolçusu Tural Məmmədov sonradan cəmi 3 oyunluq cəza aldı.
 
Daha bir qeyri-adi hadisə yenə “Bakılı”nın oyununda baş verdi. “Mil Muğan”la matçda qol vuran Vurğun Həsənzadə klub prezidentinin olduğu tribunaya gedərək pul mükafatı istəmişdi. Misir Əbilov isə cibindən pul çıxararaq ona tərəf uzatmışdı və s.
 
Bu və belə kuryoz hadisələr Divizionda az qala hər tur baş verirdi. Azğınlaşmış komandalar heç nədə özlərinə sərhəd qoymur, daha sonra maksimum 80-100 manatlıq cərimələrlə yaxalarını qurtarırdılar.

 
“Turan Tovuz” nümunəsi: I Divizion lazımsızdı?
 
Azərbaycanda son 10 mövsümdə I Divizionda çempion olan komandalardan yalnız üçü Premyer Liqaya buraxılıb: “Bakılı” (2008), “Gəncə” (2010) və “Araz Naxçıvan” (2014). Digər 7 mövsümdə birinci yeri tutan “ABN Bərdə”, “Abşeron”, “Qaradağ Lökbatan”, “Ağsu”, “Neftçala” (2 dəfə) yüksək liqadan kənarda qalıb. Bəzən klublar özləri imtina ediblərsə, əsasən lisenziya tələbləri ödənilməyib deyə Premyer Liqaya yüksəlmək mümkün olmayıb. Bu uğursuz ənənə artıq 3-cü mövsümdür ki, davam edir. Sonuncu belə hal bu il qeydə alındı.
 
I Divizionun qalibi “Turan Tovuz” Premyer Liqaya buraxılmadı/lisenziya ala bilmədi. Əvəzində debüt ilindəcə ikinci yeri tutan “Səbail” növbəti mövsüm yüksək liqada oynayacaq. Baxmayaraq ki, “Turan Tovuz” öz oyunu və nəticələriylə buna layiq olduğunu göstərmişdi. Komanda I Divizionda əsas rəqiblərindən ( məsələn, “Səbail”) heç birinə uduzmamışdı. Ümumiyyətlə, qərb təmsilçisi yalnız 1 matçda meydanı başıaşağı tərk etmişdi. Tovuzda baş tutan görüşlərə baxdıqda isə ordakı atmosferdən adamın “gözü-könlü açılırdı”.


 
Di gəl ki, komandaya yiyə duran tapılmadı. Lisenziya üçün qoyulan “amansız” tələbləri ödəyə bilməyən Tovuz klubu növbəti ili də ya I Divizionda keçirməli, ya da dağılmalıdır. Hazırda komandanın taleyi ilə bağlı qeyri-müəyyənlik hökm sürür.
 
Ancaq belə görünür ki, “Turan Tovuz” sponsor tapa bilməyəcək, növbəti dəfə I Divizionda oynamağa isə nə motivasiya olacaq, nə qarşıya qoymağa bir məqsəd. Əgər çempion olub Premyer Liqaya yüksəlmirsənsə, belə çıxır ki, bu, ümumiyyətlə, lazımsız bir yarış imiş.
 
Futbol mütəxəssisi AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov isə çempionların Premyer Liqaya yüksəlməməsinə rəğmən bu yarışın əhəmiyyətli olduğunu düşünür:
 
Əlbəttə, növbəti mövsüm də Premyer Liqada 8 komandanın olmasını istəməzdik. Ancaq klub sponsor tapa bilmirsə, tələbləri ödəmirsə, onu buraxmaq olmaz. Bu, yerli federasiyanın yox, UEFA-nın tələbidir. Bir üzv kimi Azərbaycan da bu şərtlərə uyğun davranmalıdır.
 
Klubun maliyyəsi olmalıdır ki, oyunçusunun məvacibini ödəsin, səfər xərclərini qarşılasın və s. UEFA-nın tələbi var: hər klubun özünün stadionu, aşağı yaş komandaları fəaliyyət göstərməlidir. Bunlar yoxdursa, komandanı necə Premyer Liqaya buraxmaq olar? Lisenziya şərtləri Premyer Liqada oynamaq üçün ən minimal tələblərdir. Bəlkə çox ağır görünür, ancaq bunları yüngülləşdirmək mümkün deyil. Biz də istəyərik ki, bölgələrdə klublar çox olsun. Mən “Xəzər Lənkəran”da işləyəndə məşqlərimizə 2000 adam gəlirdi. Son illərdə Gəncə şəhər stadionundakı azarkeş sayına baxın... Ancaq hər şey o qədər də sadə deyil. Klub saxlamaq indiki maliyyə durumunda çox çətindir.
 
I Divizionun lazımsızlığına gəlincə, bəli, çempion Premyer Liqaya yüksəlmirsə, belə təəssürat yaranır. Ancaq I Divizion bölgə futbolu üçün əhəmiyyətlidir. Orda klub saxlamaq daha asandır, nəinki Premyer Liqada. Ən azı yerli camaatın futbolsuz qalmaması üçün bu yarış keçirilməlidir. Yüksək liqaya çıxmaq isə artıq AFFA-nın edəcəyi deyil. Onsuz da 6-7 komanda federasiyaya baxır. Elə götürək “Turan Tovuz”u, yerli əhalidən kimsə çıxıb sponsor ola bilməzdi? Klublar gərək müstəqil olsunlar – “Qarabağ” kimi, “Qəbələ” kimi. Onların prezidentləri, sponsorları olmalıdır. SOCAR bunların hamısına sahiblik edə bilməz axı...”
 
Ancaq fikrimizcə, lisenziya şərtləri mövcud vəziyyətdə olduqca ağırdır. Əvvəllər də ara-bərə bu barədə qeydlərimizi etmişik. Tələb kimi qoyulan bank təminatı, aşağı yaş komandalarının mövcudluğu və s. həddən artıq “amansız”dır. Çıxış yolu şərtləri yüngülləşdirməkdir. Gah 300, gah 500 min olduğu deyilən bank təminatının çox olduğu aydın məsələdir. Aşağı yaş qrup komandaları isə gülməli tələbdir. Çünki klublar məcburiyyətdən bunda istənilən növ saxtakarlığa gedirlər. Guya “Səbail”in belə komandaları var? Məlumatlara görə, “Vətən” klubunun komandaları “Səbail”in adına keçirilib və bakılılar bunun hesabına lisenziya ala biliblər.
 
Əgər lisenziya tələbləri yüngülləşdirilməsə, güman ki, növbəti mövsüm də eyni hal təkrarlanacaq – yenə çempion olan qalacaq kənarda, hardansa sponsor tapan 3-cü, 5-ci Premyer Liqaya yüksələcək, yaxud yüksək liqada sonuncu olan I Diviziona düşməyəcək.
 
Elə isə nəyə lazımdır rəzalət dolu bu yarış? İndiki məqamda artıq məsrəfdən başqa heç nədir. Nəzərə alındıqda ki, bu turnirin bir neçə iştirakçısı AFFA-dan maliyyələşir, həmin məbləğləri də Premyer Liqada asossiasiyadan asılı olan klublara yatırmaq daha səmərəli olardı.
 
Yox, I Divizion lazımdısa, bu yarışın iştirakçılarına Premyer Liqaya lisenziya almaq üçün qoyulan şərtlərdə korrektəyə gedilməli, mənasız sərt tələblər yüngülləşdirilməlidir. 


Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb





oxunma sayı: 1847 | Paylaş:




?>