')

Bu gün:


FutbolPress.Az | Rəmiş Malıyev də getdi, bəs Mikayıl müəllim... (QEYD)

Rəmiş Malıyev də getdi, bəs Mikayıl müəllim... (QEYD)


oxunma sayı: 1469 Paylaş:

FutbolPressAzərbaycan futbolu uçurumun kənarındadı. Belə davam eləsə, dibə yuvarlanacağını çoxumuz təxmin edirik. 

Maliyyə bumunun səngidiyi ərəfədə AFFA, islahat adı verilən addımlardan birini də Premyer Liqa klublarına Müşahidə Şurasının yaradılması istiqamətində atdı.

MŞ sisteminə keçən klubların günü göz qabağındadı. Bu yanaşmanın uğursuz olduğunu ideya müəllifləri və onların ətrafındakılardan başqa hər kəs etiraf edir/görür.

Azərbaycan Premyer Liqasında MŞ sistemi tətbiq edilən klublara fikir verin. Hamısı maddi cəhətdən AFFA-dan asılıdır. Di gəl ki MŞ-nın funksionallığını kimsə bilmir. Süni, maket bir şeydir; tətbiq olunur da özüyçün...

Bu formatdan de-fakto imtina edən iki klub var – “Qarabağ” və “Qəbələ”. Ölkənin son illər beynəlxalq arenadakı ciddi nəticələri də tamamən bu ikisinin adına qazanılıb. AFFA da illik hesabat seçki konfranslarında uğurdan nəsə danışmaq lazım olanda ən əvvəl bu məqamı qabardır. Sanki zorla tətbiq edilən MŞ sistemindən imtina edən  bu klublara qısqanc münasibət göstərən heç AFFA deyil.

Bəs MŞ-laşmış “Neftçi” hanı? Ölkədə Avropa Liqasının qrup mərhələsinə  ilk vəsiqə qazanan “flaqman”nın MŞ-laşandan sonrakı taleyi, odey, orda: mövsümü 8 komanda arasında 7-ci başa vurdu. Tarixinin ən pis məğlubiyyətinə (0:8) uğradı və s.

“İnter” də təxminən o cür – bir addım irəli, iki addım geri. Rəhmətə getmiş AZAL, sanki “alimentlə” dolanan “Sumqayıt”, elə-belə “Zirə”  öz yerində, siz “Kəpəz”ə baxın. Azərbaycan futbolunun “qaynar bulağı” indi AFFA-nın ayıracağı puldan asılıdı. MŞ sistemindən bəh-bəhlə bəhrələnənlərdən biri də keçmişi parlayan, indisi alabəzək “Kəpəz”di. Çünki  bu klubun Müşahidə Şurasında Mikayıl Nərimanoğlu var. AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr departamenti rəhbəri. 

Ümumiyyətlə, MŞ sistemi AFFAkratiya modelinə çevril(məkdə)di.

O vaxt Elnur Məmmədli AFFA-dan “Neftçi”yə göndərildi, sonra ordan qovuldu. Həmin ərəfələrdə Gəncə klubuna göndərilən Mikayıl bəy hələ ki, kotanı daşıya bilir; görək, haradək. Elnur əfəndidən  fərqli olaraq o, təyin olunduğu yerdən başqa istiqamətlərə əl uzatmadı, ayaq soxmadı. Nə buyuruldu, onu elədi. Elnur müəllim isə icraçı direktor ola-ola bir xeyli yeyintinin həmmüəllifi oldu və Vəli Qasımovla birlikdə klubdan çıxdaş edildi.

Qışda AFFA-dan kluba təhkim edilmiş daha bir ad Rəmiş Malıyev oldu. Qurumun baş hüquqşünası. Kifayət qədər ciddi postdur. Bu şəxsin dünən AFFA-dakı vəzifəsindən de-yure  getdiyi haqda məlumat çıxdı. Özünü tamamən “İnter”dəki işinə həsr edəcək. Klubun icraçı direktorudu artıq. Qovulmuş Elnur müəllim də “Neftçi”yə səlahiyyətli nümayəndə kimi göndıriləndə AFFA-dakı postundan ayrılmışdı.

Bundan əvvəl də klublara AFFA-dan transferlər olub və onlar qurumdakı yerindən de-yure qopmalı olublar. Bircə bizim Mikayıl bəydən başqa. Əcəba, nəyə görə?

Kifayət qədər açıq qalan və cavabı mütləq verilməli olan sualdır. Bəli, Mikayıl bəy adını qeyd etdiklərimizdən fərqli, kluba vəzifəyə getməyib, MŞ-dadır. Bu da ictimai vəzifədir. Aha. Bəli. Ancaq MŞ-nın ictimailiyi öz yerində, ordan da klubu idarə eləmək olur və bu praktika var. Mikayıl bəy “Kəpəz”in MŞ-nda olsa da, klubun əsas idarəçisidi. Bütün maliyyə əməliyyatları, vacib qərarların məsuliyyətini o daşıyır.

Onda onun AFFA-dakı məsul vəzifəsində də qalması nə qədər normaldı? Digərləri kimi o da postunu tərk etməli deyilmi?

Lap o işi bu işinə heç bir maneə törətməsə də, ki törədir və törədə bilər – bu, bəraət üçün kifayət qədər ciddi arqument ola bilməz. Mikayıl bəy də bu haqda düşünməlidir: ya AFFA-nın Media PR meneceri, ya da “Kəpəz”in Müşahidə Şurası/idarəçiliyi.  İndiki situasiya isə davam edə bilməz/etməməlidir. Xeyirlisi...

Elçin Cəlilov



oxunma sayı: 1469 | Paylaş:




?>