')

Bu gün:


FutbolPress.Az | Son tur öncəsi iki müəmma: bombardirlik və Avropa Liqasına 4-cü vəsiqə  (LAYİHƏ)

Son tur öncəsi iki müəmma: bombardirlik və Avropa Liqasına 4-cü vəsiqə (LAYİHƏ)


oxunma sayı: 1154 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihə ilə bağlı növbəti yazıda TPL-in son turuna önbaxışı təqdim edəcəyik.
 
Topaz Premyer Liqasında mövsümə yekun vurulur. Sabah sonuncu – 28-ci turun oyunları keçiriləcək. Matçların ikisi Bakıda, ikisi paytaxtdan kənarda baş tutacaq. 3 oyun eyni vaxtda – 16:00-da başlayacaqsa, “Neftçi” ilə “Qarabağ” arasında keçiriləcək mövsümün son oyununun start fiti 17:00-da səslənəcək. Matçların ikisi formal, ikisi isə nisbətən vacib xarakterlidir. Məsələ burasındadır ki, son tur öncəsi Avropa Liqasına dördüncü vəsiqəyə iki iddiaçı var – “Zirə” və “Kəpəz”. Bu mübarizədə daha şanslı bakılılar görünür, ancaq gəncəlilər də sona qədər iddiasını qoruyub.
 
“Kəpəz” – “İnter”
 


IV dövrənin geridə qalan 6 oyununun 5-də qalib gələrək, ən yaxşı göstəriciyə malik olan “Kəpəz” son turda “İnter”i qəbul edəcək. Avropa Liqasına vəsiqə iddiasını qoruyan Şahin Diniyevin komandası bu oyunda mütləq qələbə qazanmaq əzmindədir. Əsas rəqibi “Zirə”dən 3 xal geri qalan Gəncə klubu qalib gələrsə, xalları eyniləşdirmək imkanı qazanacaq.
 
“İnter” üçün isə Gəncə səfəri formal xarakter daşıyır. Ötən tur “Qəbələ” ilə matçdan sonra bürünc medallara qovuşan bakılılar uduzsalar belə heç nə dəyişməyəcək. Bu baxımdan koandanın baş məşqçisi Zaur Svanadze meydana əsasən gənclərdən ibarət heyəti buraxacaq. Vəziyyətin belə olması isə “Kəpəz”ə sərf edir. Rəqibin motivasiyasız olması, oyuna əhəmiyyətsiz yanaşması “sarı-göylər” üçün əlavə üstünlükdür. Şahin Diniyev bu görüşdə komandanın əsas heyət üzvlərindən sayılan Kərim Diniyevin xidmətindən məhrum ola bilər. Zədəli futbolçunun matçda iştirak edib-etməyəcəyi bəlli deyil.

Oyunöncəsi komandanın kapitanı Tural Axundov gəncəli azarkeşlərə müraciət edərək, mövsümün son oyununda onların hər birini stadiona səsləyib. Klub son ana qədər Avropa Liqası şansının arxasınca getməkdə israrlıdır.
 
"Kəpəz" - "İnter" oyunu qonaqların hücumçusu Rauf Əliyev üçün əhəmiyyətlidir. "Qəbələ" ilə maçda dubl edərək, bombardirlik yarışında Filip Ozobiçə çatan forvard daha az oyunda 11 dəfə fərqləndiyi üçün hazırda liderdir. Əliyev son turda şans qazansa, qol vurmaq üçün alışıb-yanacağı şübhə doğurmur.

Komandalar indiyə qədər 25 dəfə üz-üzə gəliblər. Bu matçların 15-də “İnter” üstün olubsa, cəmi 4 dəfə “Kəpəz” 3 xala sevinib. 6 qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqi də bakılıların xeyrinədir -47:22.
 
Sonunu dəfə 6 il 7 ay əvvəl qələbə qazanan “Kəpəz” 12 matçdır 3 xal qazana bilmir. Gəncə təmsilçisinin son 3 ev oyununda heç-heçə qeydə alınıb.
 
AZAL – “Zirə”
 


28-ci turun turnir cədvəli baxımından ikinci əhəmiyyətli qarşılaşması Bakıda keçiriləcək. Hazırda 4-cü pillədə qərarlaşan “Zirə” AZAL-nn qonağı olacaq.
 
Ayxan Abbasovun komandasına bu matçda həm heç-heçə, həm də qələbə sərf edir. Hazırda əsas izləyicisi “Kəpəz”i 3 xal qabaqlayan qəsəbə təmsilçisi 1 xal qazansa, Avropa Liqasına vəsiqə qazanacaq. Ancaq komanda uduzsa belə şansları yüksəkdir. Məsələ burasındadır ki, Gəncə klubunun top fərqi mənfi, “Zirə”də isə bərabərdir. Bu göstəricidə üstünlük qazanmaq üçün ya “Kəpəz” özü böyük hesabla qələbə qazanmalı, ya da “Zirə” ən azı 3 top buraxmalıdır. Ancaq bu ehtimallar az inandırıcıdır. “Zirə”nin belə imkanı əldən verməyəcəyini gözləmək olar.
 
Artıq bir neçə tur öncədən Premyer Liqanın sonuncusu olacağı dəqiqləşən AZAL üçünsə qarşılaşmanın heç bir əhəmiyyəti yoxdur. Tərlan Əhmədovun komandası yalnız təqvim gərəyi meydana çıxacaq və “Zirə”yə problem yaradacağı inandırıcı deyil.
 
Komandalar buna qədər cəmi 7 dəfə qarşılaşıblar. 1 oyunda AZAL, 4 matçda “Zirə” qələbə qazanıbsa, 2 görüş sülhlə yekunlaşıb.Top fərqində 12:7 “Zirə”nin üstünlüyü var.
 
AZAL evdəki bütün oyunlarda 1 qol vurub və uduzmayıb. Son 5 qarşılaşmada hər iki komanda qol vurub. AZAL son 5 matçda qalib gəlməyib.
 
“Sumqayıt” – “Qəbələ”
 


Gümüş mükafatçı “Qəbələ” bu mövsüm ən arzuedilməz rəqiblərindən biri “Sumqayıt”ı qonağı olacaq. Qarşılaşma hər iki komanda üçün formal xarakter daşıyır. “Qırmızı-qaralar” ötən tur gümüş medalları boyunlarından asıblar. “Sumqayıt” isə artıq Avropa Liqasına vəsiqə şansını itirib.
 
Gənclik şəhəri təmsilçisi 27-ci turda “Qarabağ”a uduzaraq, 4-cü yerdə qərarlaşan “Zirə”dən 4 xal geri düşüb. Oyun Samir Abasovun komandası üçün yalnız mövsümü bir pillə yuxarıda – 5-ci yerdə bitirmək baxımından əhəmiyyətli ola bilər. Bunun baş verməsi isə, həm də “Kəpəz” – “İnter” oyununun nəticəsindən asılıdır. “Sumqayıt”ın 5-ci ola bilməsi üçün Gəncə klubu öz meydanında xal itirməlidir.
 
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk arıq kubokun finalını düşünür. Bu baxımdan ukraynalı çalışdırıcını “Sumqayıt” önünə az şans qazananlardan ibarət heyət çıxaracağını ehtimal etmək olar.

"Kəpəz" - "İnter" oyunu Rauf Əliyev üçün nə qədər əhəmiyyətlidirsə,  "Sumqayıt" - "Qəbələ" matçı da Filip ozobiç eyni dyərdədir. Mövsümün böyük hissəsini bombardirlik yarışında zirvədə olan xorvatiyalı sona bir tur qalmış üstünlüyü əldən verb. Onun "Sumqayıt"la matçda onun meydana çıxıb-çıxmayacağı sual altındadır. Roman Qriqorçuk şans verərsə, Ozobiç növbəti qolunu vurmaq üçün əlindən gələni edəcək.

Bu, komandaların 20-ci dueli olacaq. Əvvəlki 19 matçın 13-də “Qəbələ”, cəmi 1-də “Sumqayıt” qalib gəlib, 5 matç sülhlə yekunlaşıb. Top fərqi 37:14 “qrmızı-qaralar”ın xeyrinədir.
 
 “Sumqayıt” 14 oyundur qələbə qazanmır. Son iki qarşılaşmada qollu heç-heçə qeydə alınıb. “Qəbələ” bütün matçlarda qol vurub.
 
“Neftçi” – “Qarabağ”
 


Premyer Liqaya Azərbaycan derbisi ilə yekun vurulacaq. “Bakcell Arena”da mövsümün uğursuzu “Neftçi” əzəli rəqibi “Qarabağ”ı qəbul edəcək. Qarşılaşma turnir cədvəli baxımından əhəmiyyətsiz olsa da, komandalar arasındakı tarixi rəqbət gərgin oyun vəd edir.
 
Bir tur əvvəl “Zirə” ilə matçda legioner limiti pozulduğuna görə texniki məğlubiyyət verilən və avrokubok şansını itirən “Neftçi” bu qarşılaşmada qələbə qazanmağa çalışacaq. Ən azından komanda mövsümün son matçında qalib gəlməklə azarkeşlərini sevindirmək istəyir. Klubun tarixinə bir neçə antirekordla düşən çempionatın son akkordlarını əzəli rəqib üzərində qələbə ilə qoymaq bir qədər cəlbedici görünür.
 
Elxan Abdullayev bu qarşılaşmada Namiq Ələsgərovun xidmətindən məhrumdur. Məsələ burasındadır ki, komandalar arasındakı razılığa əsasən, qış fasiləsində “Qarabağ”ı “Neftçi”yə dəyişən milli üzvü mövsümün sonunadək bu komandalar arasındakı matçlarda meydana çıxmayacaq.

"Neftçi" derbidə azarkeş dəstəyindən də məhrum olacaq. "Ağ-qaralar"ın bütün oyunlarında əsas qüvvə olan "Forza Neftçi" fan-klubu bu matçı boykot etdiyini açıqlayıb.
 
Keçən tur çempionluq kuboku və qızıl medallara sahib çıxan Ağdam klubu üçün isə “Bakcell Arena”dakı oyunun heç bir önəmi yoxdur. Ancaq baş məşqçi Qurban Qurbanov əsas heyət oyunçularının bəzilərinə şans verəcək. Bunu mütəxəssis bir neçə tur əvvəl özü açıqlamışdı. O bildirmişdi ki, komanda çox da gərgin qrafiklə oynamayıb və oyunçulara istirahət verməyəcək.
 
Əzəli rəqiblər indiyə qədər 67 dəfə qarşılaşıblar. 18 görüşdə “Neftçi”, 24 oyunda “Qarabağ” 3 xal qazanıb. 25 qarşılaşmada isə qalib müəyyənləşməyib. Top fərqində də Ağdam klubu üstündür – 70:61.
 
“Qarabağ” 5 oyundur uduzmur. Son 5 matçda ən azı 2 qol vurulub.


 
N Klublar O Q H M T-F X
1 Qarabağ 27 18 5 4 44-13 59
2 Qəbələ 27 14 10 3 47-19 52
3 İnter 27 11 10 6 39-32 43
4 Zirə 27 9 9 9 26-26 36
5 Kəpəz 27 8 9 10 23-27 33
6 Sumqayıt 27 8 8 11 26-34 32
7 Neftçi 27 9 2 16 23-43 29
8 AZAL 27 1 7 19 13-47 10
 
Rauf Əliyev ("İnter") - 11 qol 
Filip Ozobiç ("Qəbələ") - 11 qol 

Dino Ndlovu ("Qarabağ") - 9 qol

 
 
 
Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb




oxunma sayı: 1154 | Paylaş:




?>