')

Bu gün:


FutbolPress.Az | TPL 2016/17: Mövsümün yaddaqalan 5 sitatı (FOTOLAR)

TPL 2016/17: Mövsümün yaddaqalan 5 sitatı (FOTOLAR)


oxunma sayı: 1593 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihə ilə bağlı ilk yazıda TPL-də 2016/17 mövsümünün ən yaddaqalan, səs-küylü futbolçu və məşqçi sitatlarından danışacağıq.


Premyer Liqada 2016/17 mövsümü başa çatmaq üzrədi. Yalnız aprelin 29-da formal xarakterli sonuncu turun oyunları qalıb. Hansı ki, demək olar heç bir dəyişikliyə səbəb olmayacaqlar.
 
Mövsüm məşqçi və futbolçuların bir sıra maraqlı, səs-küylü, eyni zamanda qalmaqallı açıqlamaları ilə yadda qaldı. Bunlar müəyyən məqamlarda mənfi/müsbət çalarları ilə diqqət çəkdi, bəzən isə sadəcə çarəsizliyi göstərdi.
 
TPL-də 2016/17 mövsümünün sitatları...
 

Dino Nlovunun ürəyində qalan arzusu
 


“Qarabağ” Premyer Liqada III dövrənin  ən vacib matçında səfərdə çempionluq yarışında əsas rəqibi “Qəbələ”yə uduzdu – 0:2. Oyundan sonra “süvarilər”in afrikalı futbolçusu Dino Ndlovu bəlkə də mövsümün ən iddialı açıqlamasını verdi. Jurnalistlərin bu məğlubiyyətin çempionluq yolunda böyük zərbə olması ilə bağlı sualına əsəbiləşən hücumçu IV dövrənin matçında “Azərsun Arena”nı “Qəbələ” üçün cəhənnəmə çevirəcəklərini bildirdi.
 
Ancaq tale elə gətirdi ki, Suraxanıdakı arenada həmin görüş ərəfəsində qazon problemi yarandı və qarşılaşma Respublika stadionunda baş tutdu. Ndlovunun açıqlaması ilə bağlı suala isə komandanın baş məşqçisi Qurban Qurbanov zarafatyana cavab verdi: “Azərsun Arena” demişdi, bu gün Respublika stadionunda oynadıq”.
 
“Ötən il “Qəbələ”yə qalib gəldiyimiz oyundan sonra eyni sualı onlara vermişdinizmi? Mən buna inanmıram. Çempionatın sonuna bir neçə tur var və “Qəbələ”ni öz meydanımızda qəbul edəcəyik. Rəqib  həmin oyuna indidən hazırlaşsa, yaxşı olar. “Azərsun Arena”nı “Qəbələ” üçün cəhənnəmə çevirəcəyik. O görüş cəhənnəm oyunu olacaq”.



Futbolçunu namaz qılmamış meydana buraxmayan Samir Abasov


 
Mövsümün sonlarına doğru daha çox müzakirə mövzusu olan məsələlərdən biri “Sumqayıt”ın futbolçusu Bəhlul Mustafazadənin dini baxışları oldu. Gah ateist, gah deist deyilən gənc oyunçu özü də müsahibəsində dinlə bağlı fərqli fikirlərinin olduğunu qeyd etmişdi. Sonra çıxan xəbərlərə görə, komandanın baş məşqçisi Samir Abasov belə düşüncələrinə görə onu meydana buraxmır. İş o yerə çatdı ki, həmkarlardan biri mətbuat konfransında çalışdırıcıya bəlkə bir qədər ironik, bir az da provakativ xarakterli sual verdi. “Zirə” ilə matçın son dəqiqələrində qol buraxaraq, avrokuboklarla bağlı şansını çətinı salan mütəxəssisdən soruşulan bu idi:
 
“Sonradan meydana buraxdığınız Bəhlul Mustafazadə dinə inanmır. Siz isə namaz qılan bir şəxssiniz. Bəlkə, Allah buna görə sizi cəzalandırdı?”

Abasovun cavabı da maraqlı alındı:

“Hərənin öz əqidəsi var. Mən belə şeyə önəm vermirəm. Oyunçunu 2 rükət namaz qıldırıb meydana buraxmıram”. 


Tərlan Əhmədovun etirafı



AZAL-ın baş məşqçisi Tərlan Əhmədov XII turda "İnter"ə uduzduqları oyundan sonra bəlkə də mövsümün etirafını etdi. Çempionata autsayder kimi başlayıb, elə o cür də bitirən “təyyarəçilər”in çalışdırıcısı heç cür komandasını I Divizion psixologiyasından uzaqlaşdıra bilmədiyini dedi. Premyer Liqanın sonlarına doğru Əhmədovun bunu bacarmadığı aydınlaşdı. Çempionatın başa çatmasına bir neçə tur qalmış artıq AZAL I Diviziona yuvarlandı.
 
“Futbolçuların başından I Divizion psixologiyasını çıxara bilmirəm. Ordan gələn bura öyrəşə bilmir. Premyer Liqada böyük sürət tələb olunur”.
 

Nizami Hacıyevin bitməyən milli həsrəti
 


Azərbaycan futbolunda yola salmaqda olduğumuz mövsüm üçün ən çox müzakirə mövzusu olanlardan biri Nizami Hacıyev oldu. Bir çox oyunlarda kapitanı olduğu “İnter”i təkbaşına daşıyan futbolçu heç cür yığmanın məşqçilər heyətinin diqqətini cəlb etmədi. O, hər dəfə açıqlamalarında millidə oynamaq üçün alışıb-yandığını dedi, şans verilməsini istədi. 19-cu turun AZAL-la oyununda “Aqil Məmmədovun karyerası ərzində buraxdığı ən yaxşı qol”un müəllif olan futbolçu axırda öz paltarlarını götürüb millinin düşərgəsinə gedəcəyini və gəldiyini, oynamalı olduğunu deyəcəyini bildirdi. Bu açıqlamadan az müddət keçdi ki, millinin çalışdırıcısı Robert Prosineçki Hacıyevin onun futbol fəlsəfəsinə uyğun gəlmədiyini açıqladı.
 
İndi Nizaminin “Neftçi”yə keçdiyi deyilir – millidə Prosineçkinin köməkçisi olan Elxan Abdullayevin yanına.
 
- Bəlkə özün formanı götürüb millinin toplanışına gedəsən?
- (gülür) Axırda elə olacaq. Paltarımı götürüb gedəcəyəm, deyəcəyəm ki, gəlmişəm, oynamalıyam.  
 

Elxan Abdullayevin psevdoxuliqan axtarışı
 


2016/17 mövsümünün ən qalmaqallı komandası, şübhəsiz, “Neftçi”dir. Bu həm nəticələrdə, həm açıqlamalarda, həm də ümumiyyətlə klub ətrafında dolaşan söz-söhbətlərdə özünü qabarıq şəkildə göstərdi.
 
“Ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayevin açıqlamaları isə ayrıca kateqoriyadır. “Qarabağ”la kubokun yarımfinal mərhələsinin cavab matçından sonra mətbuat konfransında səsləndirdiyi fikirlər məşqçilər arasında mövsümün ən cəsarətli, eyni zamanda ölçülüb-bçilməyən ifadələri idi. Azarkeşləri xuliqan adlandıran mütəxəssis "Forza Neftçi"ni ümumiyyətlə fan-klub saymadığını bildirdi.
 
“Forza Neftçi” isə deyir: “80 illiyində vurdular 8 dənə. Hər kəs atdı getdi, “Forza” əl çəkmdi”. Ancaq yayılan son məlumatlara görə, onlar da artıq Premyer Liqada son turun “Qarabağ”la oyununa getməyəcəklər.
 
“Azarkeşlərin fikriylə oturub-durmuram. Mən "Forza Neftçi"ni heç azarkeş klubu saymıram.Əsl fanat özünü elə aparmır. Komandanı sevən azarkeş 60-cı dəqiqədə "istefa" qışqırmaz. Biz "Neftçi"nin köhnə fanatları üçün oynayırıq. “Forza Neftçi” gəlib stadionda xuliqanlıq edir. Doğma futbolçularını söyənlərə necə azarkeş demək olar?!”

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb



oxunma sayı: 1593 | Paylaş:




?>