')

Bu gün:


FutbolPress.Az | "Artıq valideynlər inanırlar ki, uşaqları futboldan pul qazana biləcək" (MÜSAHİBƏ)

"Artıq valideynlər inanırlar ki, uşaqları futboldan pul qazana biləcək" (MÜSAHİBƏ)


oxunma sayı: 1150 Paylaş:

FutbolPress“Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimovun “FutbolPress”ə müsahibəsi...

- Əvvəlcə bu mövsüm üçün akademiyadakı ümumi vəziyyətdən danışardız...
- U-7-dən U-19 komandasına qədər liqalarda çıxış edirik. Bu sıralamada U-8 və U-18 mövcud deyil. U-10, U-11 və U-12 yaşları üçün iki komandamız var. Bu da həmin yaşlarda futbol oynamaq istəyən uşaqların sayının çoxluğu ilə əlaqədardır və biz onların hər birinə oynamaq şəraiti yaratmaq istəyirik.

- Komandalarınız liqalarda necə çıxış edir?
- Hazırda başa çatan yalnız bir liqa var – U-16 liqası. Komandamız burda 1-ci yeri tutdu. U-17 liqasında sonuncu tur öncəsi birincilik şansımızı itirmişik. U-19 liqasında 2-ciyik və liderdən 9 xal geri qalırıq. Bu fərqi aradan qaldırmaq ehtimalımız demək olar ki, yoxdur. U-15 liqasında çempionluğa çox yaxınıq. Qalan iki oyunumuzun birində qalib gəlsək, 1-ci yeri tutacağıq. Daha aşağı yaşlılarda regional liqalar başa çatıb və final mərhələləri başlayıb. Bu yarışlarda hələ ki, mübarizəni dayandıran komandamız yoxdur. Bir qədər əvvəl də U-13 yarımfinala yüksəldi.

- Bu nəticələr futbol ilini qənaətbəxş hesab etməyə yetərlidirmi?
- Keçən il bütün yaş qruplarında mükafatçılar sırasına düşdük, 5 komandamız 1-ci yeri tutdu. O zaman deyirdilər ki, bu, sizin üçün böyük uğurdur. Amma mən bununla razılaşmıram. Çünki biz liqalarda çempionluğa oynamırıq. Digər tərəfdən hansısa çempion olmayan komandamızın zəif olduğunu demək olmaz. Eynilə, 1-ci yeri tutanlar da qüsursuz deyillər. Ən əsası catışmayan cəhətlərimizi görürük və onları düzəltməyə çalışırıq. Hansısa komandamız çempion olursa, bunu böyütmürük, rahatlaşmırıq. Çalışırıq ki, çatışmazlıqları aradan qaldıraq. Ancaq əgər nəticələrdən danışırıqsa, mövsümün əvvəlində yalnız U-19-un qarşısına çempionluq məqsədi qoyulmuşdu. Çünki bu çempionatın qalibi UEFA Gənclər Liqasında mübarizə aparmaq hüququ qazanır.

- Demək olar ki, U-19 çempionluq şansını itirib...
- Hələ çempionat davam edir. İndidən şansımızın itirildiyini demək istəmirəm, hələ nəzəri baxımdan çempionluq mümkündür.

- Amma real görünmür...
- Bəli. Çünki bizim çempion olmağımız üçün rəqib xeyli xal itirməlidir. Amma “Qarabağ” çox güclüdür və çətin ki, belə imkanı əldən versin. Ümumiyyətlə, bu mövsüm əvəzedicilərin, U-19 və U-17-lərin yarışında çox yaxşı komandalarla çıxış etdilər. Əslində, özümüz də bunu axtarırıq, bunu istəyirik. Nəhayət ki, liqalarda ciddi rəqabət əmələ gəldi. Keçən il yarışların əksəriyyətində qalib olmağımız bir qədər rahatlıq da yaratmışdıq ki, güclü rəqibimiz yoxdur. Ancaq bu mövsüm “Vətən” və “Qarabağ” kimi çətin komandalarla mübarizə aparmalı olduq. U-19-a qayıtsaq, çempionluq üçün cəhdlərimiz oldu, ancaq təəssüf ki, bunlar bəs etmədi.

- Çempionluq yarışını uduzmağınızda hansı amillər həlledici oldu?
- Bu il U-19 komandasına 1998-ci il və sonra doğulanlar düşürlər. Bizim 1998-ci il təvəllüdlü oyunçularımızın əksəriyyəti isə əvəzedici komandada çıxış edir. Onların da arasında 2 futbolçu mövsümün gedişində əsas komanda ilə məşq edib – Fərid Nəbiyev və Hacıağa Hacılı. Hətta Fərid kubok oyununda 1 dəqiqə meydanda olsa belə əsas komandada debüt edib. 1998-ci il təvəllüdlü oyunçuları əvəzedicilərin yarışına göndərməkdə məqsədimiz onların daha gərgin mübarizə şəraitinə uyğunlaşmasını təmin etməkdir. Çünki əvəzedicilərin çempionatının səviyyəsi U-19 liqasından yüksəkdir və həmin uşaqlar orda daha yaxşı inkişaf edə bilərlər. Ancaq “Qarabağ”la oyunlarda əvəzedici komandaya göndərilənləri U-19-a cəlb etmişik. Bu da onunla əlaqədardır ki, “Qarabağ” U-19-un səviyyəsi bir sıra əvəzedici komanalardan yüksəkdir və biz onlara qarşı qarşı istədiyimiz rəqabəti, gərginliyi ala bilirik. Ancaq digər rəqiblərdən bu təzyiqi görə bilmirik. U-19 liqasında qalib olub, UEFA Gənclər Liqasında 1-2 oyun keçirmək üçün futbolçuların bütün mövsümünü heyf etmək istəmirik. Ona görə də bir neçə oyunçunu daha gərgin yarışa göndərmişik. Digər tərəfdən əvəzedici heyətdə oynamaq həm əsas komandaya, həm də digər klublara yol baxımından daha qısadır.

- Qayıdaq akademiyadakı fəaliyyətə. Uşaqların futbola cəlb olunması işi necə aparılır?
- Bununla bağlı iki fərqli istiqamət var. Biri sırf qəbələli uşaqlara, digəri bütün Azərbaycana aiddir. Ölkədə yeganə klub bizik ki, skaut heyətimiz var. 10 nəfərdən ibarət heyət əsasən Bakıda, eyni zamanda müxtəlif regionlarda oyunları izləyir. Onların seçdiyi, bəyəndiyi futbolçulara baxırıq, akademiyaya götürürük. Naxçıvan Muxtar Respublikası ilə də əlaqələrimiz var və ordan da uşaqları cəlb edib seçimlərdə yoxlayırıq. İldə iki dəfə - yayda və qışda açıq seleksiya günlərimiz olur və hamıya iştirak imkanı yaradırıq. Az da olsa, fərqlənən uşaqlar nəzərə çarpır. Sırf Qəbələ ilə bağlı isə futbolun kütləviləşdirilməsi proqramımız var. Bununla əlaqəli kəndlərə, məktəblərə gedirik, 3-5 yaşlı uşaqları belə topla tanış edirik. Çalışırıq, futbolu sevdirək.

- Çox vaxt regionlarda uşaqların futbola cəlb edilməsiylə bağlı başlıca problem kimi valideynlərin bu sahəyə biganə yanaşmasını göstərirlər. Qəbələdə belə problem varmı?
- Məncə, bu, bölgədən asılı olaraq dəyişir. Futbol daha çox ənənə ilə formalaşır. Qəribə bir deyim var ki, futbol kimin, yaxud hansısa millətin qanındadır. Məncə, bu oyun hər şeydən əvvəl ənənədir. Harda ki, futbolla daha çox məşğul olunub, əhali bu sahəni daha yaxşı bilir, məşqlər təşkil edilir, ordan daha çox uşaq bununla məşğul olur və beləcə istedadlar üzə çıxır.

- Demək olarmı ki, artıq Qəbələdə bu ənənəni qoymusuz?
- Bəli. Əvvəllər xeyli əziyyət çəkmişik. Ən çox da sizin bayaq dediyiniz kimi, valideynlər uşaqlarının futbolçu olmasını istəmirdilər və bunun faydalı olacağına inanmırdılar. Əksəriyyət övladının hansısa sənətə yiyələnməsini, yaxud ali məktəbdə oxumasını istəyirdi. Ancaq illər bu vəziyyəti dəyişdi. Artıq qeyd etdiyim kimi bəzi yaş qruplarında 2 komandamız var. Əminəm ki, çox keçməyəcək, biz eyni yaş üçün 3 komanda da yaradacağıq. Günü-gündən futbola gələnlərin sayı artır. Bizim işimizdən əlavə təbii proses də gedir. Valideynlər inanmağa başlayırlar ki, uşaqları futboldan pul qazana biləcək.

- Son sualım Azərbaycan futbolu üçün bir qədər yaralı, həm də hamının çoxdan arzusunda olduğu məsələ ilə, yerli oyunçuların Avropa klublarında çıxışı ilə bağlıdır. Qarşıdakı illərdə “Qəbələ” Futbol Akademiyasından - böyük beşlik deməyək - Türkiyə, Rusiya, Portuqaliya kimi ölkələrin çempionatlarında yüksək səviyyədə oynayacaq futbolçuların yetişəcəyini gözləyəkmi?
- Təbii ki, istərdik yetirmələrimiz Avropanın yaşıl meydanlarındakı oyunları ilə diqqətdə olsunlar. Amma indiki məqamda əsas məqsədimiz əsas komandaya yaxşı futbolçular yetişdirməkdir. Çünki “Qəbələ” artıq Avopanın yaxşı komandalarından biridir. Ardıcıl iki il Avropa Liqasının qrup mərhələsində iştirak edib və s. Oyunçuların ölkə xaricinə çıxarılmasına gəlincə bunu süni yolla, ordan mütəxəssisləri dəvət edib uşaqları göndərməklə də edə bilərik, amma biz bunun daha təbii formada baş verməsini istəyirik. Onun tərəfdarıyıq ki, yetirmələrimiz “Qəbələ”də, yaxud digər komandaların birində yaxşı oynayıb Avropa klublarının diqqətini cəlb etsinlər. Akademiyada böyük ümid vəd edən uşaqların sayı az deyil.

Faiq Tahirov



oxunma sayı: 1150 | Paylaş:




?>