“Qəbələ” “gümüş”ü rəsmiləşdirəcək?
Paylaş:
Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulacaq. Bağlanış oyunu Qəbələdə keçiriləcək. Eyniadlı komanda “İnter”lə qarşılaşacaq.
Bu matç çempionatın gümüş və bürünc medalçılarının kimliyinə aydınlıq gətirə bilər. 26 turdan sonra 49 xalla 2-ci olan “Qəbələ”ni 43 xalla “İnter” izləyir. Meydan sahibləri bu oyunda 1 xal qazanaraq ikinci yeri rəsmiləşdirə bilər. “İnter” isə qələbə qazanıb medal əyarının müəyyənləşməsini son tura saxlamaq əzmindədir.
“Qırmızı-qaralar”ın ev oyununda şansı əldən verməyəcəyi və medalına qovuşacağı gözlənilir. Hətta Peşəkar Futbol Liqası uyğun əyarlı medalları görüşün keçiriləcəyi Qəbələ şəhər stadionuna aparıb və matçın nəticəsindən asılı olaraq komandalar mükafatlandırıla bilərlər.
“Qəbələ” bu oyuna itkilərlə çıxacaq. Roman Qriqorçuk uzun müddətdir zədəli olan Vitali Vernidub və yüngül zədəyə görə matçı buraxacaq Asif Məmmədovun xidmətindən istifadə edə bilməyəcək. Zaur Svanadzenin isə belə problemi yoxdur.
Bu, komandaların 36-cı dueli olacaq. Əvvəlki 35 matçın 8-də “Qəbələ”, 14-də “İnter” 3 xalı bayram edib. 13 görüşdə qalib müəyyənləşməyib. Top fərqi paytaxt təmsilçisinin lehinədir - 45:29. Lakin “İnter” son 6 oyunda qələbə qazana bilməyib. “Qırmızı-qaralar”ın meydanında baş tutan son 5 qarşılaşma isə heç-heçə bitib.
| Paylaş: