')

Bu gün:


FutbolPress.Az | Dronqo qədər uzaq müşahidə (QEYD)

Dronqo qədər uzaq müşahidə (QEYD)


oxunma sayı: 661 Paylaş:

FutbolPressDünən “Neftçi”nin, nəhayət, muzeyi açıldı. Daha çox açılış xatirinə açılış motivində olan bu dekorativ məqam bir qədər bər-bəzəkli, eyzən mahiyyətsiz detallarıyla zəngin oldu.

Klubun Müşahidə Şurasının sədri  Çingiz Abdullayev açılışda klub tərəfdən ən əsas fiqur kimi iştirak etdi. Lap çoxdan idi ki, görkəmli detektiv yazarımızı meydanlarda görmürdük. Varlığıyla yoxluğu arasında elə bir fərqin hiss olunmadığı Müşahidə Şurasının sədri brifinqdə bir xeyli maraqlı-mozaik cavabları olub.

Çingiz müəllim hər cavabında futbolumuza Dronqo qədər uzaq olduğunu büruzə verib. Misalçün cavablardan birinə fokuslanaq: “Sizə bir sirr açım. I divizion və Premyer Liqa klublarının hamısını bir yerə yığsaq, hamısının ümumi azarkeş sayı “Neftçi” azarkeşləri qədər deyil”.

Ups! Sirr?  Belə sirr olar? 

***                     ***                     ***

Bəli, “Neftçi” “flaqman” olub - SSRİ dövründə. Hər bölgəmizdə də ən çox ona azarkeşlik ediblər və s. Ancaq müstəqillik dönəmində forma dəyişilib. Özü də bir neçə dəfə.

Baxın, məhz ən pis dönəm - azarkeşlərin küsdüyü, tribunalardan uzaqlaşdığı, klub/ komanda ilə arasında münasibətlərin ən piss həddə çatan dövr indiki idarəçiliyin vaxtına təsadüf edir. Bu səbəbdəndi ki, məhz indi sizin belə bir “sirr açmağınız” az miqdarda olsa da məzəli, baməzə, dodaqqaçırdan kimi gəldi bizə.

Fan-şopun açılışıyla bağlı sualda verdiyi cavabı da xudmani dartışaq, mövzunu çox uzatmağa gərək yox.

“İnanmıram ki, burdan böyük bir gəlir əldə edək. Bunu azarkeşlər üçün edirik. Açıq danışaq, bizdə heç bilet pulundan böyük qazanc götürmürük”.

Abdullayev, Azərbaycan müstəqillik qazanandan cəmi iki klubumuz heç vaxt  dağılmayıb – “Qarabağ” və “Neftçi”. Biri adına görə sponsorlara maraqlı, hökumətə mühüm görünüb, biri də daim ARDNŞ-dən maliyyələşib deyə.

Digər bütün klublar subyektiv, obyektiv və sair səbəblərdən dağılıb, bərpa edilib, yenə dağılıb.

“Qarabağ”ın iş əmsalı  traektoriyası göz qabağında. Klub və komanda müəyyən bir təmərküzləşmə prosesi keçib və faydasını da görür. Bəs “Neftçi”?

Üçüncü ildi ki, “ağ-qaralar”ın qara günləri bitmir. Gah fan-şop açılır, gah fan-şopun ideyası təqdim edilir, gah da fan-şop bla bla bla...

Bəs klub strukturu, bəs komandanın nəticələri?

“Gələn mövsüm ilk iki yer uğrunda mübarizə aparmalıyıq” söhbətini bundan öncə  hər üç mövsümdən əvvəl  eləmisiniz. Alınmayıb. İndi sizə necə inanaq? Nəyi nümunə göstərə bilərsiz ki, baxın, bu islahatlara, bu proseslərə əsasən dediyimiz reallaşacaq. Axı nəinki klub islahatları getmir, əksinə, Müşahidə Şurası deyilən və sədri olduğunuz qurum belə faktiki olaraq çoxdandı yoxdur.

Siz vəd verirsiz. Nəyə əsasən?

Fan-şop açılıb deyə, “Neftçi” gələn mövsüm yaxşı oynayacaq? Yoxsa nə? Hm?

“Fan-şop gəlir gətirməyəcək”. Olmadı ki. Klubun reklam, marketinq işi yoxdur? Klub atributikasını hazırlayıb, PR hüquqlarını ciddi reklam şirkətlərindən birinə satmaq olmazmı?

Gəlir nəzərdə tutulmayıbsa, bəs fan-şop niyə açılıb? “Neftçi” gələn il çempionluq uğrunda mübarizə aparacaq” deməkçün açdınız bunu? Ordan bir tuş...


Elçin


oxunma sayı: 661 | Paylaş:




?>