')

Bu gün:


FutbolPress.Az | "Neftçi" üçün ölüm-qalım savaşı: diqqət Zirəyə! (ÖNBAXIŞ)

"Neftçi" üçün ölüm-qalım savaşı: diqqət Zirəyə! (ÖNBAXIŞ)


oxunma sayı: 705 Paylaş:

FutbolPressSabah Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək. İki gün ərzində təşkil ediləcək turun 3 matçı bazar günü, sonuncusu bazar etəsi keçiriləcək. Sabah baş tutacaq hər 3 matç eyni saatda – 17:00-da başlayacaq. Oyunların hər 3-ü paytaxt Bakıda təşkil olunacaq.
 
AZAL – “Kəpəz”
 
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Kəpəz” autsayder AZAL-ın qonağı olacaq. Sona iki tur qalmış 4-cü pillənin sahibi “Zirə”dən 3 xal geri qalan gəncəlilər qələbə qazanmaqla xalları eynilşdirəcəklər. Autsayderlə oyunda istənilən xal itkisi Şahin Diniyevin yetirmələrinin Avropa Liqasından əlini üzməsinə gətirib çıxara bilər.
 
Sonuncu olacağı bir neçə tur əvvəldən bəlli olan Tərlan Əhmədovun komandası üçünsə maç formal xarakter daşıyacaq. Ancaq “Təyyarəçilər”in “AZAL Arena”da heç bir rəqibə asan təslim olmadığı nəzərə alınsa, “Kəpəz”in də işi çətin görünür.
 
Bu, komandaların 20-ci dueli olacaq. Əvvəlki 19 matçın 10-u AZAL-ın, 4-ü “Kəpəz”in qələbəsiylə başa çatıb, 5 görüşdə qalib müəyyənləşməyib. Top fərqi 27:11 Bakı klubunun xeyrinədir. Ancaq son 3 oyunda AZAL qəəbə qazanmayıb. Üstəlik bu mövsüm qonaq komanda uduzmayıb.
 
“Zirə” – “Neftçi”
 
Turun ən əhəmiyyətli matçı Zirədə keçiriləcək. Eyniadlı komanda “Neftçi”ni qonaq edəcək. Hər iki komandanın 4-cü yer uğrunda mübarizə aparması oyunu həyati əhəmiyətli edir. Xüsusilə, “Neftçi” qələbə qazanmasa, avrokubok xəyalının üstündən xətt çəkiləcək. “Ağ-qaralar”ı heç-heçə də razı salmır. Qələbədən başqa istənilən nəticə Elxan Abdullayevin komandasının Avropa Liqasından kənarda qalmasını rəsmiləşdirəcək.
 
“Zirə” isə heç-heçə ilə də mövqeyini qoruya bilər. Avrokubok yarışında ən şanslı komanda indiyə qədər Premyer Liqada uduzmadığı “Neftçi” ilə növbəti matçda da uğurlu nəticə qazansa, böyük ehtimalla 4-cü yeri tutacaq.
 
Komandalar indiyə qədər 7 dəfə üz-üzə gəliblər. 5 oyunda qəsəbə klubu 3 xalı bayram edib, 2 matçda qalib müəyyənləşməyib. Top fərqi 11:2-dir. “Ağ-qaralar” son 3 qarşılaşmada xal qazanmayıb. “Zirə” öz meydanındakı bütün oyunlarda quru hesablı qələbə qazanıb.
 
“Qarabağ” – "Sumqayıt"
 
“Azersun Aena”da meydan sahibləri üçün özəl, bir o qədər də formal, “gənclik şəhəri” təmsilçisi üçün çox vacib oyun baş tutacaq. Artıq çempionluğunu rəsmiləşdirən “Qarabağ” kubok və medallara məhz bu oyunda qovuşacaq. Eyni səbəbdən ağdamlılar üçün qarşılaşma heç bir əhəmiyyət daşımır. “Sumqayıt” isə Avropa Liqasına iddiasını davam etdirir. “Zirə”nin “Neftçi” ilə oyunda uğursuzluğu Samir Abasovun komandasının 4-cü yerə yüksəlməsinə imkan yarada bilər. Ancaq “Qarabağ”ın bu mövsüm öz meydanında keçirəcəyi son matçında qələbə qazanmaq istəyəcəyi şübhə doğurmur. Üstəlik “atlılar” “kimyaçılar” üçün ən arzuolunmaz rəqiblərdəndir.
 
“Qarabağ” son 5 matçda qol buraxmadan qalib gəlib. “Sumqayıt” son 6 oyunda qələbə qazana bilməyib. Komandalar ümumilikdə 19 dəfə qarşılaşıblar. 13 dəfə “Qarabağ”, 4 dəfə “Sumqayıt” 3 xal qazanıb, 2 oyunda heç-heçə qeydə alınıb. Top fərqi - 46:9.
 
“Qəbələ” – “İnter”
 
Turun bağlanış oyunu bazar ertəsi Qəbələdə keçiriləcək. Eyniadlı komanda “İnter”i sınağa çəkəcək. Bu qarşılaşma “gümüş” və “bürünc”ün sahiblərini rəsmən müəyyənləşdirəcək. 49 xalla 2-ci olan “qırmızı-qaralar” məğlub olmasalar, mövqelərini rəsmilşdirəcəklər. “İnter” isə rəqibindən 6 xal geri qalır və yalnız qələbə ilə “gümüş”ə iddiasını saxlaya bilər. Ancaq bu matçda artıq hər şeyin müəyyənləşəcəyi və “Qəbələ”nin gümüş, “İnter”i isə bürünc medallara qovuşacağı gözlənilir. Matçın nəticəsindən asılı olaraq PFL komandalara uyğun mükafatları təqdim edəcək.
 
Bu, rəqiblərin 36-cı dueli olacaq. Əvvəlki 35 görüşün 14-də “İnter”, 8-də “Qəbələ” qalib gəlib. 13 görüşdə qalib müəyyənləşməyib. Top fərqində “sabiq bankirlər”in üstünlüyü var 45:29. “İnter” 6 oyundur qələbə qazanmır. “Qəbələ”nin son 5 ev oyununda heç-heçə qeydə alınıb.

Faiq Tahirov


oxunma sayı: 705 | Paylaş:




?>