')

Bu gün:


FutbolPress.Az | “Dağların o yanında” bir ümid (YOL QEYDLƏRİ)

“Dağların o yanında” bir ümid (YOL QEYDLƏRİ)


oxunma sayı: 781 Paylaş:

FutbolPressI Divizionun Topaz Premyer Liqasından heç də geri qalmadığını, hətta bəzi komponentlərdə TPL-ə nisbətən önə keçdiyini daim qabartmışıqmı? Elə isə Divizionda 24-cü turun “Zaqatala” – “Səbail” oyununu “dağların o yanında” izləməyə dəyərdi. Xüsusən, bu səfərin təşkilatçılığı həll edilirdisə və Peşəkar Futbol Liqasının (PFL) “Topaz”la birgə reallaşdırdığı ənənəvi bölgələrə səfər layihəsi  bu istiqamətdə bütün işgüzar ehtiyacları qarşılayırdısa.. getdik!

...Uzun dolanbac  yolları aşaraq, gəlib çıxdıq uçub gözdən itən "Simurq"dan yadigar Zaqatala Olimpiya Kompleksinin stadionuna. Oyunun başlamasına (15:30) 5 dəqiqə qalmışdı. Qarşılaşmanı işıqlandırmaqçün hazır olan media nümayəndələrinin yerləşdirilməsiyçün klubdan bir nəfər təhkim olundu. Yoldaş jurnalistlərin  yerini göstərib, getdi və ondan bizə ərməğan bir o yer qaldı, bir də notbuklarımızı şarjlamaq üçün “press loja”ya yaxın  quraşdırılmış elektrik naqilləri. “Press loja” dediyim, yəni heç bir standarta cavab verməyən, ətrafımızda azarkeşlərin oturduğu bir yer.

Məsələn, bundan əvvəlki, “Mil Muğan” – “Zaqatala” oyununa səfərimizlə müqayisə etsək, böyük üstünlüklə İmişlidəki şərait öndə qeyd etmək olar. Biz orda, əvvəla nadir hallarda rastlandığımız dörd tribunalı stadionda oyun izləmişdik. Sonra əsas vacib məsələ o idi ki, media lojası hətta bəzi TPL iştirakçısı klubların mövcud şəraitindən də üstün idi. İnternetin sürəti Zaqataladakına nisbətən yaxşı, protokollar vaxtında təqdim edilmiş, iş görməkçün şərait daha uğurlu “ssenariləşdirilmişdi”. Sanki aran təmsilçisiylə  dağlar klubunun arasında   yerlə göy qədər fərq kimi bir şey...

Müqayisəmizi izlədiyimiz oyuna yönəltsək...

İlk hissədə meydan sahibləri daha kükrəyən, canfəşanlı oyun sərgilədi. Bunun məntiqi nəticəsi kimi Divizionun bombardiri Oruc Balaşlı bu oyunda da qol vurdu. Hesab açılana qədər və ondan sonra da “Səbail”in məqsəd və məramı aydın deyildi. Komanda pərakəndə müdafiə olunur, yersiz foullar edir, ən qəribəsi isə hansı taktikada oynadığı naməlum bir situasiyada çabalayırdı.  İlk hissə təxminən bu məcrada sonlandı. İkinci yarıya isə qonaqlar təpər qoydu. Xüsusən hissənin ilk 15-20 dəqiqəsində nizamlı oyun tərziylə diqqət çəkdi. Baş məşqçi Elman Sultanovun əvəzetmələri isə oyunun mənzərəsini müsbətə doğru dəyişdi və məntiqi sonluq kimi meydana buraxdığı Bayram Budaqov qol vurdu. Yekunda məhsuldar sülh – 1:1.

Bu nəticə “Səbail”in ikinci pillədə qalmasına səbəb oldu. Sona iki tur qalmış paytaxt təmsilçisi tutduğu mövqeni  əsas izləyiciləri olan “Qaradağ Lökbatan” (49), “Ağsu” (49), “Şəmkir” (47) və “Zaqatala”dan (46) birinə qapdırmamaqçün son nəfəsinədək döyüşməli olacaq. Yeri gəlmişkən, Divizionda rəqabətin, dinamikanın TPL-dən daha intensiv olduğunu göstərən bariz nümunələrdən biri də turnir cədvəlindəki gördüyümüz durumdu.

Son iki turda bu iki komandanı aşağıdakı qarşılaşmalar gözləyir:

XXV tur:

“Səbail” – “Şəmkir”
“Ağsu” – “Zaqatala”

XXVI tur:

“Zaqatala” – “Şərurspor”
“Bakılı”  -  “Səbail”

Elitaya yüksəlməkçün əsas namizədlərin amansız mübarizəsi davam edəcək. Biz isə “Zaqatala”nın buna nə qədər hazır olub-olmadığını öyrənməkçün klubun bazasını müşahidə elədik. Kompleksin içi və çölündən hazırladığımız fotoreportajda gördüyünüz kimi, peşəkar futbol klubunun fəaliyyəti üçün lazım olan baza mövcuddu. Ancaq “Simurq”dan qalan bazanın “yorğun demokrat”ı xatırlatdığını müşahidələrimizə əsasən deyə bilərik. “Zaqatala”nın kuratoru Musa Qurbanov “FutbolPress”ə müsahibəsində komandanın TPL-də iştirak üçün lisenziya tələblərinə uyğun bütün komponentlərdə hazır olduğunu bildirdi. Bizə görə isə klubun bununçün çatmayan iki əsas detalı var:

- Hazırkı duruma görə turnir cədvəlindəki mövqe (6-ci yer)
- Maliyyə imkanları


Birincinin dəyişə biləcəyi mümkündü. Qarşıdakı iki oyunda qalib gələcəyi və əsas rəqiblərin xal itirəcəyi təqdirdə “Zaqatala” elitaya yüksəlmək şansı qazanacaq. Son məlumat belədi ki, Diviziondan TPL-ə iki klub yüksələcək, ancaq durum bir neçə dəfə dəyişə də bilər.
Bilinən isə odur ki, “Zaqatala”nı azarkeşləriylə, infrastrukturuyla elitada iştrak eləməyə layiq saymaq olar. Yetər ki, klub daha sonra inkişaf üçün iş görə bilsin - cibində pulu olsun... Daha təfsil desək, məsələ klubun özündən asılı olmayan səbəblərdən asılı qalıb. Maliyyə isə vacib məqamdı. Nəinki sözügedən klub, Divizionda “Səbail”dən başqa bu cəhətdən rahat ikinci klub, demək olar ki, yoxdu. Bizi Diviziondan TPL-ə keçid prosesində maraqlı gedişat gözlədiyi sözsüzdü...

Istəyimiz isə növbəti mövsüm daha temperamentli, rəqabəti sıx olan TPL görməkdir - ən azı Divizion qədər. Biz də yoldayıq, növbəti səfərlərimizdə görüşənədək...

Elçin Cəlilov


oxunma sayı: 781 | Paylaş:




?>