')

Bu gün:


FutbolPress.Az | “Bəzi futbolçulara qarşı qərəzli münasibət var” - Emin Abbasov

“Bəzi futbolçulara qarşı qərəzli münasibət var” - Emin Abbasov


oxunma sayı: 739 Paylaş:

FutbolPressAzərbaycanın İslamiadada çıxış edəcək U-23 millisinin ilkin heyəti açıqlanıb. Komandanın baş məşqçisi Yaşar Vahabzadə 37 futbolçuya dəvət göndərib. Onların arasında hamının daha maraqla gözlədiyi – yaşı 23-dən yuxarı olan futbolçular Ruslan Abışov, Rauf Əliyev, Rəşad Sadiqov, Elvin Məmmədov və Ağabala Ramazanovdur. Son siyahı aprelin sonlarında açıqlanacaq.
 
Vahabzadənin ilkin seçimi ilə bağlı həmkarımız, "CBC Sport"un şərhçisi Emin Abbasovun fikirlərini öyrəndik:
 
“Siyahı ilə tanış olmuşam. Yəqin ki, əsas diqqət yaşı 23-dən yuxarı olanlaradır. Çünki o yaşa qədər olanların arasında üzdə olan futbolçuların demək olar, hamısı çağırılıb. Təcrübəlilərə gəlincə, onlar da 5 nəfərdilər və 3-ü son siyahıya saxlanacaq. Burda əsas müzakirə mövzusu yenə Nizami Hacıyevdir. Çoxları düşünürdü ki, heyətdə olacaq. Hətta “CBC Sport”da verilişdə ona bununla bağlı sual da verilmişdi. Məmnuniyyətlə, oynayacağını demişdi. Bu heyətə belə çağırılmaması kənardan ciddi suallar doğurur. Problem hansısa məişət səviyyəsindən çıxıb çox ciddi məqamlara gedir. Nədir bu ədavətin kökündə dayanan? Bundan sonra çətin kimsə bunu anlayar. Amma ümumilikdə yaşı 23-dən yuxarı olanların çağırılması bir qədər də könüllülük prinsipi əsasında baş verir. Ola bilər, kimsə mövsümün sonudu deyə yorğundu, oynamaq istəmir və s. Yəqin ki, məşqçinin fikrində başqaları da olub, onların arasında təklifi bu oyunçular qəbul edib. Müəmmalı məqam kimi Nizamidən başqa kiminsə adını çəkə bilmərəm. Çünki siyahıda əksəriyyəti Premyer Liqada oynayan futbolçulardı. Hamısı kömək edə bilərlər və məncə, pis heyət deyil”.
 
Bəs Təmkin Xəlilzadə, Kamran Abdullazadə? Üstəlik nəzərə aldıqda ki, cinahlarda həmişə problem olub...
 
“Əslində, maraqlı məqamdır. Əgər məndən soruşsalar, bu mövsüm ən yaxşı gənc oyunçular kimlərdi, deyərəm ki, biri Tellur Mütəllimov, digəri Təmkin Xəlilzadədi. Haqq eləyir, çağırılmalı idi. Həmçinin, Kamran Abdullazadə. “Sumqayıt”da cinah futbolçusu kimi əla mövsüm keçirir. Bu suallara konkret cavab vermək çətindir. Bəzi futbolçulara qarşı qərəzli münasibət var. Bilmirəm bu nədən qaynaqlanır. Yaşar Vahabzadədən soruşsaq, deyəcək ki, həmin mövqelər üçün daha yaxşı alternativlərim var. Sağda Məqsəd, Tellur var və onları daha üstün sayıram. Amma sırf bu iki futbolçuya gəldikdə, çağırmaq olardı. Xüsusilə bizdə sol cinah müdafiəçisi mövqeyində problemlər olur. Təmkin isə “Zirə”nin aparıcı futbolçusudur.”
 
Çoxları klubsuz Kamran Ağayevin də Şimali İrlandiya ilə seçmə mərhələ oyunuöncəsi praktika qazanmaq baxımından İslamiada üçün heyətdə olacağını gözləyirdi...
 
“Prosineçkinin Kamrana münasibəti bəllidir. Hətta klubsuz qaldığı vaxtlarda da çağırıb millinin əsas heyətində oynadır. Düşünmürəm ki, burda başqa məqam var. Yəqin özü ilə söhbət ediblər, oynamaq istəməyib, yaxud zədəsi var və s. Amma hər halda bu heyətə çağırılsa, daha yaxşı olardı”.
 
Bu oyunçuların arasından seçiləcək yekun heyətdən yarışda gözləntilər...
 
“Buna cavab vermək çətindi. Belə götürəndə komanda zəif deyil. Əksəriyyəti Premyer Liqada daim oynayan futbolçulardı. Digər tərəfdən rəqibləri tanımaq lazımdır. Bilmirik, Türkiyə hansı vəziyyətdədir, Kamerun nəyə qadirdir və s. İlk oyunlardan sonra hansısa fikir yürütmək olar. Amma ev sahibi kimi biabırçı çıxış gözləmirik. Ən azından qrupdan çıxmaq, nəsə uğur qazanmaq lazımdır. Bunun əksi xoşagəlməz olar”.

Faiq Tahirov



oxunma sayı: 739 | Paylaş:




?>