')

Bu gün:


FutbolPress.Az | “Neftçi”: tarixinin antirekorduna doğru

“Neftçi”: tarixinin antirekorduna doğru


oxunma sayı: 916 Paylaş:

FutbolPress“Neftçi” Azərbaycan çempionatları tarxində ən pis nəticəsini göstərməyə yaxındır. Sona 3 tur qalmış Premyer Liqada sondan ikinci – 7-ci sırada  qərarlaşan “ağ-qaralar” vəziyyətini yaxşılaşdırmağı bacarmasa, antirekorda imza atacaq.
 
1992-ci ildən  təşkil edilən Azərbaycan çempionatlarında hamıdan çox – 8 dəfə qızıl medallara yiylənən komandanın ən pis nəticəsi 8-ci pilləni tutmaq olub. 2008/09 mövsümündə qeydə alınan həmin göstərici 14 komandalı çempionatda baş tutub.
 
Paytaxt klubu daha iki dəfə də 6-cı yeri tutub. 1997/98-ci illər mövsümündə yenə 14 komanda arasında 6-cı olan “ağ-qaralar” növbəti dəfə ötən mövsüm “5-lik”dən kənar qalıb. Bu dəfə 10 komanda arasında. “Neftçi” qalan bütün çempionatlarda ilk 5 komanda arasında olmağı bacarıb.
 
Cari çempionatda da “Neftçi”nin hələ 4-cü pilləni tutmaq ehtimalları qalır. Amma bu yerə birdən-birə 4 iddiaçının olası vəziyyəti gərginləşdirir. Üstəlik “Neftçi” son 3 tura onların hamısından geridə yollanır. “Zirə”dən 6, “Sumqayıt”dan 5 xal arxaya düşən Bakı klubu son turda məğlub olduğu əzəli rəqibi “Kəpəz”i də 1 pillə və 1 xal irəli buraxıb.
 
“Neftçi”nin oyun qrafiki də əlverişli deyil. Növbəti tur autsayder AZAL-ı məğlub edəcəyi gözlənilsə də, 27-ci turda Azərbaycan çempionatları tarixində heç vaxt qalib gələ bilmədiyi “Zirə”nin qonağı olacaq. Qəsəbə klubunun avrokuboklarda oynamaq ehtimalının yüksək olması bu matçı “Neftçi” üçün daha da çətinləşdirəcək. “Ağ-qaralar” son turda çempionluğa əsas namizəd “Qarabağ”la qarşılaşmalıdır. Bakılılar Azərbaycan derbisində Ağdam klubunun artıq çempionluğu rəsmiləşdirib ehtiyat oyunçularla başlamasına ümid edir. Əks halda “Qarabağ”ın əzəli rəqibinə şans verəcəyi inandırıcı deyil.
 
Son 3 turda 4 xal qazanması qənimət sayılacaq Elxan Abdullayevin komandasının ən yaxşı halda 6-cı olacağını gözləmək olar ki, bunun özü də tarix ərzində ən pis nəticə sayılacaq. Çünki “flaqman” heç vaxt sondan 3-cü də olmayıb.
 
“Neftçi”nin mövsümü medalsız başa vuracağı isə artıq rəsmiləşib. Sonuncu dəfə 2013/14-cü illərdə Azərbaycan kubokunu qazanan komanda ardıcıl üçüncü mövsümdür ki, titula həsrətdir. Azərbaycan kubokunun yarımfinal mərhələsində mübarizəni dayandıran “ağ-qaralar”ın çempionatda da “üçlüy”ə daxil olması qeyri-mümkündür.
 
Bu göstərici isə artıq rəsmiləşmiş antirekorddur. “Neftçi” buna qədər heç vaxt ardıcıl 3 mövsüm itulsuz qalmayıb. Yalnız 2008 – 2010-cu və 1993 – 1994-cü illərdə ardıcıl iki mövsüm mükafatçılar sırasından kənarda qalıb. Qalan zamanlarda isə, “ağ-qaralar” ən çox 1 il medal həsrəti çəkib. Son üç ili enişə doğru gedən komandanın sanki məntiqi nəticə olaraq, belə vəziyyətə düçar olması bu nəticədə özünü büruzə verib.
 
Ötən mövsüm kubokun finalçısı kimi Avropa Liqasına vəsiqə qazanan “Neftçi” bu dəfə azarkeşlərini heç bununla da təsəlli edə bilməmək təhlükəsi ilə üz-üzə qalıb. Artıq qeyd etdiyimiz kimi avroliqalara vəsiqə verən 4-cü pillədən çox geri düşən komandanın taleyi öz əlində deyil. İndiki məqamda “İnter”in sponsor tapmaması, “Zirə”nin lisenziya ala bilməməsi ehtimalları “Neftçi”nin 4-cü pilləni tutmaq variantından daha real görünür.
 
Faiq


oxunma sayı: 916 | Paylaş:




?>