')

Bu gün:


FutbolPress.Az | Elxan Abdullayevin psevdoxuliqan axtarışı və azmış “Neftçi”  (QEYD)

Elxan Abdullayevin psevdoxuliqan axtarışı və azmış “Neftçi” (QEYD)


oxunma sayı: 962 Paylaş:

FutbolPress“Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin dünənki mətbuat konfransında səsləndirdiyi fikirlər futbol ictimaiyyətinin diqqətini çəkdi. Onsuz da az qala hər tərəfdən “ağ-qaralar”la bağlı müxtəlif məzmunlu narazılıqların dilə gətirildiyi dönəmdə Elxan bəyin belə açıqlamalar verməsi klubun vəziyyətini bir qədər də qəlizləşdirdi. Gəlin bir yerdə baxaq: “Neftçi” hansı vəziyyətdədir, bu durum necə və niyə yaranıb?

“Neftçi” və azarkeşlər arasında narazılıq demək olar ki, klub Müşahidə Şurası idarəçiliyinə keçdiyi gündən var, yaxud daha kütləvidi. Bir vaxtlar “ağ-qaralar”ın “Ultra Neftçi”, “Neftçimania” və digər böyük fan-klubları olsa da, onlardan yalnız “Forza Neftçi” bu günə qədər qalır. Son vaxtlar baş verən klub-azarkeş əks-qütblülüyünün episentrində də həmişə “Forza Neftçi” dayanır.

Keçən ilin yayında “Neftçi”nin “Şkendiya” uğursuzluğundan sonra aeroportda həmin fan-klubun üzvləri komandanı kəskin etirazla qarşılamışdı. Onlar “ağ-qaralar”ın o zamankı baş məşqçisi Vəli Qasımovu sanki gilyotinə çəkməyə hazır idilər. Qasımov fanatların qarşısında özünü itirmişdi, müdafiə üçün deməyə heç nə tapa bilmirdi.

Elxan Abdullayevlə bağlı vəziyyət isə fərqlidir.  O, əksinə, sanki xarakter göstərir. Məşqçilər, klub rəsmiləri azarkeşlər haqqında nadir hallarda belə kəskin ittihamlar, fikirlər səsləndirirlər. Elxan Abdullayev bəzi məşqçilər kimi “malalamır”, açıq, konkret danışır, yola vermir. Bu cəsarət alqışalayiq və xoşagələndir. Müasir insan da məhz belə açıqfikirliliyi sevir. Ancaq  qəhrəmanımız sanki həddən artıq emosionaldır və hər dediyini ölçüb-biçmir. Komandanın baş məşqçisi məğlubiyyətdən, titulsuz qalmalarından, böyük ehtimalla avrokuboklara gedə bilməmələrinin səbəblərindən, qeyri-sabit oyundan danışmalı olduğu halda, sanki hər şeyin günahkarı kimi azarkeşlərdən narazılıq edir, klubun keçmiş idarəçilərindən kiminsə adını çəkir, jurnlistlərlə söz davasına çıxır; ittihamlar, ittihamlar, ittihamlar...

“Neftçi”nin azarkeşlərlə münasibəti onsuz da həddən artıq bərbaddır və klub bunu heç cür düzəldə bilmir. Premyer Liqanın “Sumqayıt”la oyununda fanatların yenə eyni səbəbdən – uğursuz nəticəyə görə rəhbərliyi və baş məşqçini istefaya səslənməsinə görə klubun azarkeşlərlə iş üzrə əlaqələndiricisi Kənan Hənifəyev qovuldu. Təbii ki, klub istefanın bununla bağlanmasını inkar edir. Rəsmi açıqlamaya görə, o, ştat üzrə belə vəzifəyə ehtiyac olmadığı üçün işdən kənarlaşdırılıb. Ancaq azarkeşlər Hənifəyevin məhz “Sumqayıt”la oyunda baş verənlər səbəbindən qovulduğunu iddia edirlər. Əgər belə deyildisə, niyə məhz fanatların etirazlarının kəskinləşdiyi dövrdə göndərildi? Əgər ştat işçisi deyildisə/lazımsız idisə, nə üçün indiyə qədər saxlanırdı? Yoxsa birdən-birə lazımsız oldu?

“Neftçi”nin idarəçiliyində nöqsanlar “N” qədərdir. Klub həddən artıq qapalıdır. Uğursuz nəticələrin fonunda bu qapalılıq “Neftçi”yə qarşı aqressiyanı da artırır. Klub rəsmiləri, Müşahidə Şurası suallara konkret cavab versəydi, indiki vəziyyət yaranmazdı. “Neftçi” ilə bağlı sual vermək üçün yalnız oyunsonrası mətbuat konfranslarında imkan olur. Bunda da jurnalistlər komandanın oyunundan əlavə də məqamlara toxunurlar. Bu halda Elxan Abdullayev əsəbiləşir, hisslərini cilovlaya bilmir və mətbuatla söz davasına çıxır.

Bir çox məsələlərdə “Neftçi”nin Müşahidə Şurası üzvləri, rəhbəri Çingiz Abdullayev, elə icraçı direktor Orxan Hüseynzadə açıqlamalar verməlidir. Çünki klubun uğursuzluğa düçar olmasında əsas səbəbkarlar onlardır. “Neftçi”nin 80 illiyində titulsuz qalmasında Elxan Abdullayevdən daha çox onlar məsuliyyət daşıyırlar. Elxan bəy özü isə hələ bunu başa düşməyib. Əks halda o da rəhbərlik kimi, azarkeşlərə və mətbuata müharibə elan etməzdi/dissmedia durumu yaranmazdı. “Neftçi”nin cızdığı  hərəkət trayektoriyasına baxanda görünür ki, klub özünü itirib və tapa bilmir...

Faiq Tahirov



oxunma sayı: 962 | Paylaş:




?>