')

Bu gün:


FutbolPress.Az | “Qəbələ”nin ümidi “Neftçi”yə qalıb? (TƏHLİL)

“Qəbələ”nin ümidi “Neftçi”yə qalıb? (TƏHLİL)


oxunma sayı: 447 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirildi. Eyni gündə baş tutan 4 matç turnir cədvəlində müəyyən dəqiqləşmə və dəyişikliklərə səbəb oldu.

Hər şeydən əvvəl AZAL-ın Premyer Liqanın sonuncusu olacağı rəsmiləşdi. “Təyyarəçilər”ə “İnter”lə səfər oyununda qələbə lazım olsa da, Tərlan Əhmədovun komandası mövsümdə 16-cı məğlubiyyətini aldı. Hazırda 10 xalla sonuncu olan Şüvəlan təmsilçisi 7-ci pillədəki “Kəpəz”dən 14 xal geri qalır ki, qalan 4 turda bu fərqi aradan qaldırmaq mümkünsüzdür. Ancaq komandanın gələn mövsümdə yenidən Premyer Liqada oynamaq ehtimalları qalır. Ölkə futbolunda dəfələrlə qeydə alınan anormal hallar onu deməyə əsas verir ki, I Divizionda “layiqli” komanda tapılmasa, AZAL yenə Premyer Liqada mübarizə aparacaq.

AZAL-ın sonuncu pilləni rəsmiləşdirdiyi oyunda “İnter” də praktiki olaraq, “bürünc”ü təmin etdi. Zaur Svanadzenin komandası ən yaxın izləyicisi “Zrə”dən 11 xal öndədir və artıq növbəti turda, elə qəsəbə təmsilçisinin özüylə qarşılaşmada 3-cü pilləni rəsmiləşdirə bilər.

“Neftçi”nin yubileyinə “Qarabağ” kimi “Sumqayıt” da “2” verdi. Öz ampluasında olan Elxan Abdullayevin komandası yenə xüsusi heç nə ilə yadda qalmadı və avrokuboklara vəsiqə məsələsini bir qədər də qəlizləşdirdi. Kubokdan əlini üzməsi dəqiq olan “ağ-qaralar” 4-cü pillədəki “Zirə”dən 5 xal geri düşdü.

Gənclik şəhəri təmsilçisi isə bu qələbə ilə iddiasını ortaya qoydu. Turnir cədvəlində “Neftçi”ni geridə qoyan “kimyaçılar” 4-cü pillədəki “Zirə”dən 3 xal geridədir. Samir Abasov avrokuboklara mütləq vəsiqə tapşırığı olmadığını desə də, komandanın bunu etmək üçün dəridən-qabıqdan çıxacağı şübhəsizdir. Eyni quruma bağlı “Neftçi”yə xal verməyən “Sumqayıt” növbəti tur AZAL-a niyə qalib gəlməsin ki?

Çempionluq baxımından daha əhəmiyyətli oyunlar isə eyni vaxtda, dünən 18:30-da başlandı. “Qəbələ” namünasib rəqibə çevrilən “Zirə” ilə, “Qarabağ” isə “Kəpəz”lə qarşılaşdı.

Qeydə alınan nəticələr Ağdam klubunu razı saldı. Baxmayaraq ki, oyunların heç biri son çempionun istədiyi məcrada başlamamışdı. “Qəbələ” erkən qolla irəli keçmiş, “Qarabağ” ilk hissəni məqbul olmayan nticə ilə bitirmişdi.

Ancaq sonluq “süvarilər”i tam razı saldı. “Zirə” Qəbələ səfərindən xalla dönməklə həm avrokubok arzusu yolunda növbəti addımı atdı, həm də “Qarabağ”ın əsas rəqibi ilə xal fərqini 4-ə yüksəltməsində rol oynadı. Təbii ki, bunda Ağdam klubunun “Kəpəz” üzərində qazanılan qələbəsinin əhəmiyyəti daha çox oldu.

Turnir cədvəlində yaranan son vəziyyətə görə “Qarabağ”dan 4 xal geri düşən “Qəbələ”nin çempionluq taleyi artıq öz əlində deyil. Komanda ilk növbədə gələn tur, özü də səfər oyununda əsas rəqibinə qalib gəlməli, üstəlik “Qarabağ”ın daha bir oyun büdrəməsinə ümid etməlidir. Qalan 3 matçın da hər birində “qırmızı-qaralar”a mütləq qələbə lazım olacaq.

Komanda 26-cı turda III dövrədə xal itirdiyi Gəncə səfərinə yollanacaqsa, növbəti tur “İnter”i qonaq edəcək. Sonuncu turda isə Qriqorçuk komandasını “Sumqayıt” səfərinə çıxarmalıdır. Əgər “Qəbələ” bu matçlarda əvvəlki oyunlardakı kimi yaradılan qol vəziyyətlərini sağa-sola xərcləsə, azı 1 dəfə də xal itirəcək.

“Qırmızı-qaralar” xal itirməsə belə, çepionluq şansları yüksək olmayacaq. Bunu deməyə “Qarabağ”ın oyun qrafiki əsas verir. “Atlılar” “Qəbələ” ilə oyunun ardınca özü üçün naqolay, amma yaxşı vaxtlarını yaşamayan “İnter”in qonağı olacaqsa, 27-ci turda çox asan rəqib “Sumqayıt”ı sınağa çəkəcək. “Qarabağ”ın xal itirmək ehtimalı yüksək qiymətləndirilən yeganə matç sonuncu turda – “Neftçi”yə qarşı keçirəckləri oyun olacaq. Növbəti turda “Qarabağ”ı məğlub edəcəyi halda da, “Qəbələ”nin bütün ümidi məhz bu oyunla bağlı olacaq.

Ancaq, əlbəttə, aprelin 9-da ev oyununda uduzmamaqla Qurban Qurbanovun yetirmələri ardıcıl 4-cü çempionluğu praktik olaraq, təmin edə də bilər. İstənilən halda, Qriqorçuk və komandası bu cür mürəkkəb vəziyyətin yaranmasında bütün günahı özlərində, qol vəziyyətlərini sağa-sola xərcləməyində axtarmalıdır.


oxunma sayı: 447 | Paylaş:




?>