')

Bu gün:


FutbolPress.Az | Jurnalistlərin “Neftçi”dən narazılığı: “Ağılsız və biabırçı qərardı” (SORĞU)

Jurnalistlərin “Neftçi”dən narazılığı: “Ağılsız və biabırçı qərardı” (SORĞU)


oxunma sayı: 732 Paylaş:

FutbolPressBu gün “Neftçi”nin 80 illik yubiley tədbirləri çərçivəsində qala gecə keçirilir.

Ziyafətə rəsmi şəxslər, klubun sabiq futbolçuları və d. dəvət edilsə də, heç bir mətbu orqan çağırılmayıb.
 
"FutbolPress" məsələ ilə bağlı idman jurnalistlərinin fikirlərini öyrəndi.
 
Görəsən, onlar “Neftçi”nin mediaya bu laqeyd münasibətini necə qarşıladılar?

 
Səxavət Qurbanov (İdmanxeber.com saytının baş redaktoru): "Neftçi"nin yubiley tədbirinə median çağırmaması idman mətbuatına qarşı böyük hörmətsizlikdi. Ölkənin ən köklü, xalqın komandası olduğunu hər dəfəsində deyən klubun bu formada addım atmasına başqa şərh vermək olmur. İnanıram ki, "Neftçi" azarkeşləri medianın üsyanını "bir qarın çörək davası" adına bağlamazlar. Bu sadəcə klub rəhbərliyinə, komandaya yönələn haqlı tənqidlərinin daha da alovlanmasına zəmin yaradır”.
 
Mahir Rüstəmli (“Futbol+” qəzetinin baş redaktoru): Təbii ki, yaxşı qarşılamadım. Bu hərəkət “Neftçi”nin idman jurnalistlərinə, yumşaq desəm, hörmətsizliyidi. Görünür, rəhbərliyin hansısa qatında jurnalistləri bu məclisdə iştiraka layiq bilməyiblər. “Neftçi”nin hərəkətinə ən yaxşı cavab hamılıqla bu komandanın oyunlarının boykotu olardı. Təəssüf ki, bu halda da oxucu, auditoriya maraqlarını nəzərə almamış oluruq.

Nə demək olar?! “Neftçi”nin indiki rəhbərliyi idman jurnalistlərinin futbolun təbliğində, inkişafında rolunu anlamır və gec-tez bu hərəkətin əvəzini ödəyəcək. Çox mənasız, düşünülməmiş, ağılsız və biabırçı qərardı. Heç bir jurnalist onların məclisini dar etməyəcəkdi. Amma bu hərəkətdən sonra əminəm ki, mənliyi, ləyaqəti olan istənilən həmkarımın qəlbində “Neftçi”nin yeri daralacaq".
 
İlqar tağıyev (“Het-trik news”qəzetinin baş redaktoru): “Neftçi”nin adına yaraşmayan hərəkətdi. Qərarı rəhbərlik qəbul edib və onların idman mediasına münasibətinin hansı səviyyədə olduğunu yaxşı bilirik. Amma klubun adına görə bunu etməməliydilər. Bu, yubiley tədbirindən çox ziyafət məclisinə oxşayır – yemək, içmək, şənlənmək. Heç kim ac deyil, sadəcə hörmət naminə çağırmaq lazım idi.

Ola bilsin, bunun səbəbi yer məhdudiyyəti ilə bağlıdır. Bəlkə düşünürlər ki, hamını çağırsaq, sıxlıq ola bilər və s. Amma ən azından “Neftçi” ilə bağlı ciddi işlər görmüş mətbu orqanları çağırmaq lazım idi. Məsələn, “Futbol+” qəzeti “Neftçi”nin səfərlərində iştirak edib, klubun kitabının hazırlanmasında Mahir Rüstəmlinin zəhməti olub, yaxud “Neftçi” ilə bağlı araşdırma yazılar hazırlayan digər media orqanları var. Bunları nəzərə almaq olardı. Çoxluğu bəhanə etməyə, hansısa kriteriyalara görə kimlərisə dəvət edə bilərdilər. Bəli, rəsmi qonaqların, klubun keçmiş futbolçuların sayını nəzərə aldıqda böyük bir rəqəm alınır, amma istənilən halda burda idman jurnalistlərini ixtisara salmaq olmazdı. Hər halda müəyyən sayda təcrübəli, ölkənin idman jurnalistikasında szünü demiş adamları çağıra bilərdilər. Burda özümü, ümumiyyətlə, nəzərdə tutmuram. Çünki çağırsalar belə, gedə bilməyəcəkdim. Üstəlik həm indiki, həm də köhnə rəhbərlikdəki bəzi şəxslərə görə “Neftçi”yə bir qədər antipatiyam yaranıb. Qəzet olaraq isə, heç vaxt kluba biganə yanaşmamışıq. 9 yaşımdan ilk azarkeşlik etdiyim bir komandanı rəhbərliyin hər hansı qərarından asılı olmayaraq, sonadək sevəcəm. Bu da öz yerində”.
 
İbrahim Cəfərov (Futbolxeber.az saytının baş redaktoru): “Buna münasibətim çox pisdi. Hətta bunu biabırçılıq adlandırardım. Mətbuatın çağırılmadığı tədbir kimə lazımdı, nəyə xidmət edir? Bu qərarı qəbul edənə deyiləcək söz yoxdu. Artıq etirazlar başlayıb. Öz adımızdan bu hörmətsizliyə cavab olaraq, dünəndən etibarən “Neftçi” ilə bağlı xəbərlərə saytımızda qadağa qoymuşuq. Bundan sonra o komandanın adı yalnız oyunların nəticəsində və turnir cədvəlində gedəcək. Hətta oxucu kütləsini itirməyi belə gözdən çıxarmışıq. Bundan sonra “Neftçi” ilə bağli heç bir xəbər, müsahibə, açıqlama saytımızda getməyəcək. Sizin vasitənizlə bütün həmkarlarımı birliyə cağırıram. Bu, mənə, sənə, ona qarşı yox, bütün idman mətbuatına edilmiş hörmətsizlikdi. Sərt şəkildə də cavabı olmalıdı. Qoy, hər bir mətbuat orqanı oz bildiyi formada etirazını bildirsin. Rəhbərliyin bu səhv, biabırçı addımına haqq qazandıran, bunu "qarın davası" adlandıran jurnalistlərə deyiləcək soz yoxdur. Biz işimizi görmək üçün daim komandanın yanında olmuşuq, heç bir təmənna güdmədən işimizi vicdanla yerinə yetirmişik. Kimsə idman mətbuatına belə hörmətsizlik edə bilməz”.
 
Ceyhun Əliyev (Sport24.az saytının baş redaktoru): İlk növbədə ortaya bir sual çıxır: səbəb nədi? “Neftçi” rəhbərliyinin qafasına daxil olub, hansı səbəbdən yubiley tədbirində media mənsublarının iştirak etmədiyini deyə bilmərik. Ancaq fərziyə irəli sürmək olar. Şəxsi fərziyəm də budu ki, “ağ-qaralar” idman sahəsində ölkədə fəaliyyət göstərən bütün KİV-ləri dəvət edə bilmədikləri üçün kiminsə xətrinə dəymək istəməyiblər. Yəni, bir qismini dəvət edib, digərlərini kənarda qoymaq istəməyiblər. “Sanballı saytlar”a görə başları ağrımışdı. Buna bənzər olayın yenidən yaşanmaması üçün məsələni bu şəkildə həll ediblər.

Yaxşı yadımdadı, ötən ilin aprelində “Qarabağ” rəhbərliyi bir sıra media mənsublarını dəvət edib, bir neçə saat ərzində fikir mübadiləsi aparmışdı. O da yadımdadı ki, dəvət almayanların bir qismi yamancana incimişdi. Yəni, məsələyə real qiymət verdikdə, “Neftçi”nin iki yolu olub:
1) hamını dəvət etmək
2) söz-söhbətdən uzaq olmaq üçün heç kimi dəvət etməmək.

Klub rəhbərliyi də 2-ci variantı seçib.

Böyük ölçüdə götürdükdə, istənilən klub seçim etməkdə azaddı. Təbii ki, dəvət etsəydilər, nümayəndəmiz yubiley tədbirini ən yüksək səviyyədə işıqlandıracaqdı. Ancaq bu, ilk növbədə “Neftçi”yə lazımdı. Klub rəhbərliyinin addımı ümumiyyətlə, vecimizə də deyil”.
 
Natiq Muxtarlı (Komanda.az) : “Neftçi” rəhbərliyindən hər zaman dediyi söz var: “Neftçi” xalqın komandasıdı”. Amma tədbirin bu şəkildə keçirilməsi bir daha sübut edir ki, bu klub xalqın deyil. Jurnalistlər kimdi? Xalqın görən gözü, yazan dili, problemlərini çatdıran üzvü. “Neftçi” tarixi boyunca dövlətdən maliyyələşib, yəni xalqın vergisindən gələn pulların hesabına. Yəqin ki, tədbirdəki təm-tərağın hansı pullar hesabına keçirilməsinin aydınlaşmasından qorxurlar. Dövlətin pullarının hədər yerə xərclənməsinin ictimailəşməsindən qorxurlar. Ona görə də bizə qarşı bu münasibət təbiidi, gözlənilməz deyil. Heç bir jurnalist “Neftçi”nin bu addımından inciməsin. “Neftçi”nin mahiyyəti ömür boyu belə olub, belə də davam edir. “Neftçi” o vaxt xalqa açıq olacaq ki, kluba xalqla təmasda olan insanlar rəhbərlik edəcək. Qoy yığışıb tədbirlərini keçirsinlər, adlarını da “xalqın komandası” qoysunlar”.


oxunma sayı: 732 | Paylaş:




?>