')

Bu gün:


FutbolPress.Az | “Milliyə çağırılmayanların içində ciddi fərq yaradacaq oyunçu yoxdur” (MÜSAHİBƏ)

“Milliyə çağırılmayanların içində ciddi fərq yaradacaq oyunçu yoxdur” (MÜSAHİBƏ)


oxunma sayı: 926 Paylaş:

FutbolPressAzərbaycan millisinin sabiq qapıçısı, futbol mütəxəssisi Cahangir Həsənzadənin “FutbolPress”ə müsahibəsi

- Azərbaycan millisi seçmə mərhələdə Almaniyaya qarşı oynadı. Geridə qalan matç barədə fikirləriniz...
- Millimizin çıxışından razı qaldım. Düzü, gözlədiyimdən daha yaxşı oyun göstərdilər. Rəqib sonuncu dünya çempionu olsa da, komanda şəklində yaxşı oynadıq, kifayət qədər hücumlarımız da oldu. Üstəlik keçən ilin avqustundan bəri qol buraxmayan Almaniyanın qapısına yol tapdıq. Bu, onun göstəricisidir ki, komandada ruh var idi, uşaqlar rəqibin ad-sanından çəkinmədilər.

- Ancaq hesab bir qədər böyük oldu...
- Məncə, hesab oyunun gedişinə tam da uyğun olmadı. Çünki almanlar o qədər də çox real qol imkanı qazanmadılar. Elə 6-7 real təhlükəli hücumları oldu, bundan da istifadə edib 4 qol vurdular.

- Komandamızın heyətində hansı oyunçuları fərqləndirmək olar?
- Sözsüz ki, Nazarovu. Təkcə ona görə yox ki, qol vurdu. Nazarov həm müdafiədə, həm hücumda xeyirli iş görürdü. Mərkəz xəttə topu özündə yaxşı saxlamağı bacarırdı. Ondan əlavə Rəşad Sadıqovu qeyd edərdim. Bir çoxları belə düşünür ki, Rəşadın gücü artıq tükənib, dinamikadan düşüb. Mən bununla razılaşmıram. O, öz təcrübəsiylə, idarəçilik bacarığı ilə komandada böyük rola malikdi. Rəşadın müdafiədə idarəçiliyi olmasa, daha çox qol görə bilərdik qapımızda.

- Əfran İsmayılovun çıxışı çox müzakirə olunur. Xüsusilə, rəqibin ikinci qolunda yol verdiyi səhv...
- Buna bir qədər başqa cür yanaşıram. Əfranın ikinci qolu buraxmağımızdan çox, öz qolumuzun vurulmasında iştirakını qeyd etmək lazımdı.  Bəli, səhv edib, amma qol ötürməsi də onun aktivindədi. Özü də mürəkkəb vəziyyətdən Nazarovu çox dəqiq gördü. Zəif oynadığını demək olmaz. Öz gücü daxilində hər şeyi etdi. Sadəcə müdafiə keyfiyyətləri, hücum keyfiyyətlərindən aşağıdı. Əfran səhv eləməsə, başqası edəcəkdi və biz indi ondan danışardıq. Əgər millimiz dünya çempionuna qol vurubsa və bunda Əfranın iştirakı varsa, onun oyununu qeyri-qənaətbəxş adlandırmaq düzgün olmaz. Səhvdən isə heç kim sığortalanmayıb.

- Komandada nə çatışmırdı?
- Komanda məşqçinin verdiyi tapşırıqları yerinə yetirirdi. Sadəcə bir neçə məqamda müdafiədə sadə vəziyyətlərdə səhvlərə yol verdik. Elə dörd qol buraxmağımızın səbəbi də birbaşa həmin xırda səhvlər oldu. Almaniyanın hansısa qeyri-adi gedişlər etməsinə ehtiyac da qalmadı. Problem əsasən hücumdan müdafiəyə keçid fazasında əmələ gəlirdi. Almanlar çox sürətlidilər deyə ani ötürmələrlə boşluqlar tapırdılar. Əfranın necə top itkisi var idisə, belə səhvlərdən digər oyunçularımızda da oldu. Məsələn, Mirzədəyov hava mübarizəsində Qomesə uduzursa, burda taktiki səhvdən danışmaq yersizdi. Sadəcə fərdi ustalıq, fiziki fərqlər belə şeylərdə rol oynayır. Məğlubiyyətə görə bizim çatışmazlıqlardansa, rəqibin səviyyəsini səbəb göstərmək lazımdır.

- Seçmə mərhələdə növbəti rəqibimiz Şimali İrlandiyadır. Çoxları bunu “açar oyun” hesab edirlər. Siz necə hesab edirsiz, DÇ-yə vəsiqə şansının qalıb-qalmaması bu oyundanmı asılı olacaq?
- Mən də razıyam ki, ən gərgin oyun o olacaq. Çünki biz ikinci yer uğrunda mübarizə aparırıqsa, ən ciddi rəqibimiz Şimali İrlandiyadır. Əgər həmin oyundan qalib ayrılsaq, şanslarımız ikiqat yüksələcək. Amma inanmıram ki, komandamız bu matçda açıq futbola getsin. Yəqin ki, yenə də yığma müdafiədə etibarlı oyun sayəsində rəqib komandada yarana biləcək boşluqlardan istifadə etməyə çalışacaq. Bəlkə Prosineçkinin həmin oyun üçün xüsusi bir taktikası olacaq, amma əvvəlki oyunlara da baxanda millimizin Şimali İrlandiyaya qarşı əks-hücum taktikasından istifadə edəcəyini gözləmək olar. Məncə, ən effektiv yol bu olardı. Həm də bu üsulla Almaniyaya qol vurmuşuqsa, Şimali İrlandiyaya da vura bilərik. Üstəlik rəqibin hücum xətti də almanlardan güclü olmayacaq.

- Prosineçki Almaniya ilə matçdan sonra dedi ki, bu oyunla qrupda istənilən rəqibi məğlub edə bilərik. Almanlara qarşı oynadığımız kimi çıxış etsək, Şimali İrlandiyanı Bakıdan əliboş yola salmaq olar?
- Bu fikirlə razıyam, amma bir qədər başqa rakursdan yanaşardım. Bəli, Almaniya ilə oyuna göstərdiyimiz reaksiyanı göstərə bilsək, istənilən komandanı məğlub etməyə qadirik. Amma əslində digər komandalara qarşı necə oynayacağıq, bu, bir az şübhə altındadır. Çünki millinin ümumi səviyyəsi o qədər deyil ki, bütün rəqiblərə qarşı oyunumuzu diktə edə bilək. Bunun da göstəricisi elə Şimali İrlandiya ilə səfər oyunu idi. Mən bunu bir “bədbəxt hadisə” adlandırardım. Demək istədiyim, əgər ardıcıl məğlubiyyətsiz oyunlardan sonra Şimali İrlandiyaya 0:4 uduzmuşduqsa, almanlara qarşı oyundan sonra yenə çox zəif çıxış etməkdən sığortalanmamışıq. Amma əgər son oyundakı kimi köklənə bilsək, iyunda qələbə qazanacağıq.

- Şimali İrlandiya ilə oyuna qədər millinin heyətində hansısa ciddi islahatlara ehtiyac varmı?
- Bunu ididən demək olmaz. Üstəlik milli komandanın baş məşqçisinin öz oyun fəlsəfəsi var və özü daha yaxşı bilir kimlərdən istifadə etsin. Amma sözsüz ki, milli komandadan qıraqda qalan 1-2 futbolçumuz var. Hamı bilir, söhbət kimlərdən gedir və ictimaiyyət həmin oyunçuları millidə görmək istəyir. Düşünmürəm ki, milliyə çağırılmayanlardan kimsə gəlib ciddi fərq yarada biləcək. Ola bilər Prosineçki həmin oyuna qədər 1-2 yeni futbolçu cəlb edəcək. Ola bilər ki, Şimali irlandiyaya qarşı matç üçün oyun planına uyğun yeni kimlərisə dəvət etsin. Amma yenə də deyirəm, yığma komandaya çağırılmayanlardan kimsə cəlb edilsə belə millinin oyununda kəskin dəyişiklik yarada bilməyəcək.

- DÇ – yə getmək şansımız neçə faizdir?
- Sözsüz ki, bir Azərbaycan futbolu azarkeşi kimi istəyirəm ki, Dünya çempionatına yüksələk. Nəhayət ki, bu arzumuz reallaşsın. 5 oyundan 7 xal toplamışıq. Düşünürəm ki, mundialın final mərhələsinə yüksəlmək çox çətin olacaq. Qupda ikinci yeri tuta bilsək, böyük iş görmüş olarıq. Məncə, bu 60:40 nisətindədi. DÇ-yə getmək şansımız 40 faizdi. Bu reallıqdı, amma istəyimiz daha çoxdu və bu, göründüyündən daha çətindir.

Faiq Tahirov



oxunma sayı: 926 | Paylaş:




?>