')

Bu gün:


FutbolPress.Az | "Çalışırıq ki, informasiyalarımız medianın “ağız dadına” uyğun olsun"

"Çalışırıq ki, informasiyalarımız medianın “ağız dadına” uyğun olsun"


oxunma sayı: 1160 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi ilk layihə müsabiqəsində “FutbolPress” “İstənilən mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə "TPL klublarının media və ictimaiyyətlə əlaqələri" mövzusunda qalib elan edilmişdi. Növbəti dəfə eyni istiqamətdə layihənin icrasını davam etdiririk. Mövzumuz TPL iştirakçılarının media əlaqələndiriciləridi. Daha doğrusu, informasiya qaynağı kimi klubların medianın işinə münasibətini öyrənirik. Müsahibimiz “Neftçi”nin Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulovdu.

“Neftçi”, xüsusən, bu mövsüm PR tipajlı addımlarıyla göz önündə olub. Həm klubun rəsmi saytı yenilənib, funksionallığı artıb, həm sosial şəbəkələrdə fəaldı, həm müxtəlif layihələr, ideyalarla çıxış edir. Bu səbəbdən müsahibimizin “ağ-qaralar”dan olması zərurət halını aldı.

- Media ilə kommunikasiya istənilən səviyyədədirmi?

- Klub olaraq buna çalışırıq. Çünki ən əvvəl işimizin peşəkar tələbi budur. Ancaq kommunikasiyanın səviyyəsindən razı qalmaq mümkün deyil. Bu halda işdən soyuya bilərik. Məntiqsiz, yaxud mənasız əminlik yarana bilər. Medianın əsas informasiya mənbəyi klublardı. Belədə sən tələbə uyğun təklif halında olmasan, qaynaq kimi tələbkarı qane edə   bilməzsən.  Media ilə kommunikasiya bu baxımdan çox həssas prosesdir. Müasir dövrdə mobil telefon bir də internet vasitəsilə əlaqə qururuq. Mənə zəng edənlərin telefonuna həmişə operativ cavab verməyə çalışıram. İstər jurnalist həmkarlarım olsun, istərsə də azarkeşlərimiz. Bu mənim üstünlüyüm deyil, vəzifə borcumdu. Amma bu cür rabitənin də ikiəlli tərəfdarı deyiləm. Vaxt olduqca həmkarlarla görüşməyə çalışıram. Canlı ünsiyyətin yerini heç nə vermir. Keçim “nəyi demək olar, nəyi olmaz” məsələsinə. Təbii ki, hər bir kollektivdə olduğu kimi bizim də “mətbəx”imiz var. Mən isə bu “mətbəx”dəki təamları (informasiyaları) ən “dadlı” və “cəzbedici” formada jurnalistlərin “masasına” gətirməliyəm. Yaxşı “aşpaz” bu “təam”ların reseptini həmişə gizli saxlamağa çalışır. Çalışırıq ki, informasiyalarımız medianın “ağız dadına” uyğun olsun. Bəzi konfidensial məsələlər var ki, yalnız onlar açıqlanmır. Bu da normal haldır.

- Elə olubmu ki, nəsə demək istəmisiz, ancaq nəyəsə görə təxirə salmısız?

Söz ağızdan çıxdısa, onun qulusan. İndi gəl qulu olduğun sözə ağalıq elə. Bir məlumat dəqiqləşməmiş onu KİV-ə təqdim etməyin tərəfdarı deyiləm. 99 yox, 100 faiz dəqiqləşmə olmalıdır. Mənim üçün önəmsiz informasiya yoxdu. Əgər jurnalisti maraqlandırırsa, deməli, vacibdir. Xəbəri təxirə salmışamsa, mütləq dəqiqləşməsini gözləmişəm.

- Medianın işi?

- İlk olaraq media mənim işimdən razı olmalıdır. Mən sizin hansı şəraitdə işlədiyinizi bilirəm. Həmkarınız olaraq məni də narahat edən məqamlar var. Futbol təhlili sarıdan “axsama” hiss olunur. İşlənən mövzular daha çox şəxsiyyətlərə bağlıdır. Belə olduqda jurnalistin təxəyyülü və fərdi bacarıqları arxa plana keçir axı. Yox, demirəm ki, materialda jurnalist öz “qol gücünü” göstərməlidir. Ola bilsin müasir şəraitdə xəbərin sürəti onun keyfiyyətindən önəmli hesab olunur. Amma su üstündə yazılan bir kitab sözdənsə, daşa çəkilmiş ibtidai şəkil yaxşıdır. Yenə də bu şəraitdə çalışırsınızsa, qəhrəmansız.

- Çatışmazlıqları nədə görürsüz?

Çatışmazlıqların bəzi obyektiv səbəbləri var. Jurnalist yaradıcı insandır. Yaradıcı insanın beyni məişət problemlərinin əsarətindən qurtulmalıdır. O, yalnız işinin keyfiyyəti barədə düşünməlidir. Ofis, avadanlıq və s. bundan da dəfələrlə kiçik problemlər olduqca işin keyfiyyəti istədiyimiz səviyyəyə qalxmayacaq. Yaradıcı insana şam işığı, vərəq və qələm bəsdi kimi optimistik nağıllara inanmaq istərdim, amma olmur. Jurnalistin təxəyyülü həm də müşahidə əsasında formalaşır. Bu müşahidələr zamanı gözə çarpan məqamlar “rəngarəng” olmalıdır ki, optimizmdən danışa bilək. Ən üstün məqam isə mediada fədailərin olmasıdır.

Elçin Cəlilov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb



oxunma sayı: 1160 | Paylaş:




?>