')

Bu gün:


FutbolPress.Az | 4-1-4-1 taktikasıyla 1:4 uduzduq, amma... (QEYD)

4-1-4-1 taktikasıyla 1:4 uduzduq, amma... (QEYD)


oxunma sayı: 1196 Paylaş:

FutbolPressProsineçkinin bu taktiki sxemi Azərbaycan millisinə tətbiq etməsi xoşagələndir.  Bu sistemdə azərbaycanlı futbolçular sanki özünü daha rahat, əl-qolu açıq hiss edir. İrəli çıxış və qapanmada daha kompakt hərəkət etdikləri sezilir.

Berti Foqtsun 6 ilində biz bunu görmürdük - qəliblənmə qanqaraldıcı idi. "Teryer" istəyirdi ki, Azərbaycan komandası sistemli oyun sərgiləsin. Alınmırdı. Səbəbi çox güman ki elə dediyimiz idi - həddən artıq sıxma...

İndi komanda daha çox sistematik oynayır. Tədricən üslub hiss olunmaqdadı. Bəlkə də bu rahatlığı çoxdan vermək lazım idi...
Prosineçkinin xarizmatik oyuna üstünlük verməsi əsl istəyimizə uyğundur. Hər halda, Bertinin dönəmində Almaniyaya indikindən nisbətən kiçik hesabla uduzsaq da, (1:3), indi daha çox övgü var milliyə qarşı.

Tərz vacibdir

Futbolumuzda həmişə bu çatmayıb. Deyəsən, Prosineçki buna nail olmaqçün konspesiyasını tətbiq edə biləcək, yaxud etməkdədir.
Ancaq hazırkı məqamda  bəzi qeydlər də var ki, "kaş ki" deməyimizə səbəb olur. Məsələn, 4-1-4-1 düzülüşündə Rahid Əmirquliyevin yeri ora deyil. Rahid çox zəhmətkeş, sonadək mübarizə aparan futbolçudu. Ancaq onunku meydanın rəqibə aid hissəsi yox, öz tərəfimizdə dağıdıcılıq etməkdir. Rəqibə aid hissədə Rahid həm topla, həm də topsuz özünü dəryadan çıxmış balıq kimi aparır...

Bir də,  Əfranın bu qədər tənbeh edilməsi bir az ədalətli sayılmamalıdır. Əfran "başla oynayan" deyil və bu, hamımıza çoxdan məlum idi, ancaq Prosineçkinin onun haqqında çox  gözəl izahı var: o, elə tip oyunçudu ki, oyunboyu bir, ya iki məqamda nəsə edəcək və etdiyi bizə fayda verəcək. Tam təfsilatıyla doğru təsbit...


Subyektivimə görə, Əfran start heyətçün deyil. O, daha çox 75-ci dəqiqədən sonra oyuna salınanda fayda verir. Onun əvəzinə bəs kim startda...? Bu da asan sual deyil. Ruslanla Namiq meydanın o nahiyələrində yararlıdılar, xüsusən, ikinci daha çox. Araz da var. Hərgah, Robi Arazı cinahda oynatmağı sevmir. Məsələ budur ki, dərdlərə dərman bu deyil, dərdlər bununla bitmir...

Əfranın səhvləri onun faydalı iş əmsalını kölgədə qoyur, ancaq adam anların oyunçusudu və milliyə çağırılması tam məntiqəuyğundur.
Pavelin oyunu gözləniləndən iki qat yaxşı alındı. Bədavi və Qara üst səviyyədə. Nazarovun dirijorluğunu hamımız gördük. Cavid ikinci hissədə yorğun görünsə də, mərkəzdə lazımlılığını qabarıq göstərdi. Çox canfəşanlıq edən və alqışlanası Ramili əvəzləyən Deniz Yılmaz da topla və topsuz çox hərəkətliydi. Bu arada, komandanın topsuz oyunu müzakirəyə ehtiyacı olan mövzudu...

Mirzəbəyov.. ümumiyyətlə, müdafiənin cinahları həmişəki kimi millinin ən yaralı yerlərindən biri olaraq qalır. Sağa da, sola da daha qətiyyətli namizədlər kəşf eləməlidir - bu, Robinin milliyə ən yaxşı töhfəsi olardı...

Elçin Cəlilov


oxunma sayı: 1196 | Paylaş:




?>