"Qəbələ" rəsmiləri Dubaya gedir - Ronaldinyo ilə müqavilə imzalamağa
Paylaş:
Sabah "Qəbələ" rəsmiləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Dubaya yola düşəcək. Səfərdə məqsəd dünya ulduzu Ronaldinyo ilə müqavilə imzalamaqdı.
“Qəbələ” İdman Klubunun media və marketinq meneceri Səməd Nəsibov bu haqda "FutbolPress"ə açıqlamasında bunları dedi: "Oktyabrda Ronaldinyonun Bakıya səfərini təşkil etmişdik. Mətbuat konfransında açıqlamışdıq ki, onun Bakıda futbol akademiyasının fəaliyyət göstərməsini planlaşdırırıq. Məhz bu layihənin gerçəkləşməsi üçün futbolçuyla müqavilə imzalamağa gedirik".
Müqavilə martın 15-də imzalanacaq. Niyə məhz Dubayda? Səməd bəy deyir ki, Ronaldinyonun çox sıx qrafiki var. Belə razılaşdıq ki, nəzərdə tutulan tarixdə onun Dubay səfərində müqavilə üçün vaxt ayrılsın.
Dünya ulduzunun doğulduğu Braziliyanın Qremio şəhərində, bir də Dubayka "Ronaldinho Soccer Academy"si fəaliyyət göstərir. Üçüncü beləsi isə "Qəbələ"nin dəstəyi və təşkilatçılığıyla Bakıda açılacaq.
| Paylaş: