')

Bu gün:


FutbolPress.Az | IV dövrənin startı: “Qarabağ”a məzlum, “Qəbələ”yə prinsipial rəqib - ÖNBAXIŞ

IV dövrənin startı: “Qarabağ”a məzlum, “Qəbələ”yə prinsipial rəqib - ÖNBAXIŞ


oxunma sayı: 457 Paylaş:

FutbolPressGələn həftə Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək. XXII turun qarşılaşmaları 2 gün davam edəcək – bazar ertəsi və çərşənbə axşamı.
 
“Kəpəz” – “Zirə”
 
Açılış oyunu Gəncədə keçiriləcək. Yerli komanda “Kəpəz” – “Zirə”ni qəbul edəcək. Ardıcıl uğursuz nəticələrdən sonra üç matçda xal qazanan gəncəlilər bu oyunda da uğurlu nəticəyə ümid edir. AZAL-la  görüşdə qələbəni son anda əldən verən Şahin Diniyevin komandası 8 oyundan sonra, nəhayət ki, 3 xal qazanmağa iddialıdı.
 
“Zirə”də isə işlər yolunda gedir. Ayxan Abbasovun gəlişindən sonra yüksəlişdə olan komanda III dövrədə “Qəbələ”dən sonra ən yaxşı nəticəni göstərib. 2-ci pillədəki “İnter”dən 7 xal geri qalan “qartallar” Gəncədə 3 xal qazanıb bu fərqi bir qədər də “əridə” bilər.
 
“Kəpəz”lə - “Zirə” bunadək cəmi 7 dəfə üz-üzə gəlib. Hərəyə 2 qələbə qazanan komandalar 3 dəfə də sülhə razılaşıb. Top fərqində Gəncə klubu üstündü – 9:8.
 
Baş tutan qarşılaşmaların heç birində meydan sahibi uduzmayıb. Son üç matçda qonaq tərəf qola və xala həsrət qalıb. “Kəpəz”in ev oyunlarının hamısında 2 qol qeydə alınıb.

 
“İnter” – “Sumqayıt”

Son iki turda əvvəlcə səfərdə “Qarabağ”a qalib gəlib (1:0), ardınca evdə “Qəbələ”yə uduzan (2:0) “İnter” bu dəfə “Sumqayıt”ı qonaq edəcək. Paytaxt klubu yaxınlaşmaqda olan əsas rəqibi “Zirə” ilə fərqi saxlamaq üçün mütləq qələbə qazanmalıdı.
 
Ancaq “Sumqayıt” da asan təslim olmayacaq. Ötən tur “Qarabağ”a böyük hesabla (0:4) yenilən “kimyaçılar” 4-cü yer uğrunda əsas rəqibi “Zirə”ni özündən irəli buraxıb. Avrokuboklar zonasına iddia edən Samir Abbasovun komandası bu mövsüm məğlub edə bilmədiyi “İnter”ə dişini göstərməlidi.
 
Bu matç komandaların 20-ci dueli olacaq. Daha əvvəl baş tutan 19 qarşılaşmanın 11-də bakılılar, cəmi 2-də isə “gənclik şəhəri” təmsilçisi qələbə qazanıb. Top frqində də paytaxt klubunun böyük üstünlüyü var – 31:14.
 
“İnter”in meydanındakı son 3 oyunda 4 və ya daha çox qol vurulub. “Sumqayıt” 5 oyundur qalib gələ bilmir. “İnter” 8 görüşdür meydanı qolsuz tərk etmir.
 

“Qarabağ” – AZAL

Turun ikinci oyun günündə çempionluğa əsas iddialılar “Qarabağ” və “Qəbələ” meydana çıxacaq. Əvvəlcə Ağdam klubu öz oyununu keçirəcək. Qurban Qurbanovun komandası doğma azarkeşləri önündə autsayder AZAL-ı sınağa çəkəcək. I dövrədə “Azərsun Arena”da rəqibini 6:0 hesabı ilə məğlub edən “süvarilər” yenə aşkar favoritdi. III dövrəni o qədər də uğurlu keçirməyən Qurban Qurbanovun komandası çempionluq yarışında əsas rəqibi “Qəbələ”ni irəli buraxmamaq üçün mütləq qələbə qazanmalıdı.
 
Ardıcıl məğlubiyyətlərdən sonra ötən tur Gəncə səfərindən xalla dönən AZAL isə güclü rəqibinə müqavimət göstərmək əzmindədi. Ancaq çempionatda cəmi bir qələbəsi olan “təyyarəçilər”in “ağ-göylər”lə oyunda uğur qazanacağı inandırıcı görünmür.
 
“Qarabağ” və AZAL indiyə qədər 33 dəfə qarşılaşıb. 21 dəfə birincilər, 6 dəfə ikincilər qalib gəlib. Qalan 6 matç sülhlə başa çatıb. Top fərqində də ağdamlılar rəqibindən bir baş üstündü – 50:26.
 
“Qarabağ” son 6 ev matçında xal itirməyib. 13 oyundur heç-heçə qeydə alınmır. "Atlılar" son 4 qarşılaşmada qalib gəlib.
 

“Neftçi” – “Qəbələ”
 
Tura “Neftçi” və “Qəbələ” arasında keçiriləcək mərkəzi oyunla yekun vurulacaq. “Bakcell Arena”da baş tutacaq qarşılaşma meydan sahibləri üçün prinsipial xarakter daşıyır. Tarixinin ən acınacaqlı məğlubiyyətini (0:8) “Qəbələ”dən alan paytaxt klubu cari çempionatda rəqibindən 1 xal da ala bilməyib. Üstəlik III dövrədəki oyunda da bakılılar hakim səhvinə görə uduzub. Qış fasiləsindən sonra daha yaxşı çıxış edən Elxan Abdullayevin komandası çempionluq uğrunda yarışan “Qəbələ”ni bu dəfə büdrətməkdə iddialıdı.
 
Ötən tur səfərdə “İnter”i məğlub edən “qırmızı-qaralar” isə əsas rəqibi “Qarabağ”ın autsayderlə oyunda xal itirmək ehtimalının az olmasına görə bu oyunda mütləq qalib gəlməlidi. III dövrənin ən yaxşı komandası olan “Qəbələ” çətin səfər oyununda qalib gəlsə, finişə doğru ciddi üstünlük qazanacaq.
 
Komandalar buna qədər 35 dəfə qarşılaşıb. 14 dəfə “Neftçi”, 13 dəfə “Qəbələ” 3 xala sevinib. 8 matçda qalib müəyyənləşməyib. Daha az qələbə qazanan “Qəbələ” top fərqində minimal üstünlüyə malikdi – 45:44.
 
“Qırmızı-qaralar” ardıcıl 3 qələbə qazanıb. “Neftçi” son 5 matçda qalib gələ bilməyib. Bakılılar öz meydanında 4 oyundur xala, 6 matçdır qələbəyə həsrətdir.

Faiq Tahirov



oxunma sayı: 457 | Paylaş:




?>