')

Bu gün:


FutbolPress.Az | Niyaməddin Musayevdən Şakiraya və ya bir dəfə İmişlidə (TƏƏSSÜRAT)

Niyaməddin Musayevdən Şakiraya və ya bir dəfə İmişlidə (TƏƏSSÜRAT)


oxunma sayı: 1897 Paylaş:

FutbolPressVaxtilə Azərbaycan çempionatında “MKT-Araz” var idi. Artyom Bezrodnı (rəhmətlik), Anatoli Doroş, sonradan milli komandada oynamış Fabio Luis Ramim kimi səs-küylü transferləriylə gündəmdə olan klubun Avropa çıxışı da olmuşdu. “Pambıqçılar” UEFA Kuboku və İntertoto kubokunda bir dəfə çıxış etmişdi.

2004-cü ildə yaradılsa da, qısa müddətdə iddiasını ortaya qoyan bölgə təmsilçisi cəmi 3 il sonra - 2006/07 mövsümündə Azərbaycan kubokunun finalınadək yüksəlmiş, əlavə hissələrdə o vaxtların daha populyar klubu – “Xəzər Lənkəran”a uduzmuşdu (0:1, qol: Rəşad Kərimov).

Daha sonra klubda eniş yaşanmağa başlamışdı. Hay-hayla gələn vay-vayla gedərmiş... 2008-ci ildə bir gecədə məhv olan klubun “MKT Araz”dan ölkə üçün 8500 yerlik stadion qaldı...


Niyaməddin Musayevdən Şakiraya

Hazırda stadiona daxil oluruq. İlk dəfədi İmişlədəyəm. Aranın qızılı rəngli mənzərələrini seyr eləmək gözəldir, duzlu-məzəli insanları kimi duzlu-muzlu çayı da ağız dadını xoşlandırır. Bura ilk səfərimin məhz futbola bağlı olmasının da mistikasını əhvalımıza qataraq Heydər Əliyevin adını daşıyan stadiona daxil oluruq.



Stadionda Niyaməddin Musayevin mahnılarının sədaları gəlir. Ancaq gəlişimizlə elə bil nəsə baş verir və Musayevi kolumbiyalı ulduz Şakira əvəzləyir. Sanki Bakıdan gələnlərin şərəfinə...

Peşəkar Futbol Liqasının təşəbbüsüylə bölgələrə səfər layihəsi çərçivəsində, xüsusən, I Divizion oyunlarına ezamiyyət özünü doğruldan, xoş təşəbbüs olduğunu isbatlayıb.

Uzun zamandı səmimi ortam, ürəkdən komandasını dəstəkləməyə gələn, komandanı sırf özünkü bilən azarkeş kütləsi görməmişdik/gördük.

8500 tutumlu stadionun bütün texniki imkanları Avropa səviyyəsindədir. Bircə problemi ot örtüyüdür, ona əl gəzdirmək də puldan böyük problemə baş əyməz...



Stadionun bütün sektorlarını, ətrafını gəzdim. Bura Azərbaycan Premyer Liqası üçün hazır məkandır. Bircə imkan istəyir ki, klubu o səviyyəyə daşısın. 2013-cü ildən “Mil-Muğan” adlansa da, “MKT Araz”ın varisi hesab edilən klubun sələfinin əlamətlərini daşıyan bir neçə işarə hələ də arenada qorunur, saxlanır. Stadiona giriş qapılardan birində gördüyünüz kimi...



İmişli futbolunun yetirməsi olan, “İnter”, “Simurq”, MOİK-lə Azərbaycan Premyer Liqasında oynayan Ruhid Usubovla söhbətimizdə aydın oldu ki, “Mil Muğan” rəhbərliyi sələfinin braxdığı səhvləri təkrarlamayacaq. 14 yaşlılardan ibarət komandanı çalışdıran Ruhid deyir ki, İmişli camaatı futbolu sevir. Onlar “MKT Araz”a necə atəşli dəstək verirdilərsə, eyni həddə “Mil Muğan”ı da sevirlər. O, İmişli klubunun Topaz Premyer Liqasında iştirak etməkçün texniki imkanlar və heyət baxımından hazır hesab edir.

Gördüklərimiz deməyə əsas verir – kaş ki...

Oyun isə İmişli camaatının, "Mil-Muğan"ın istədiyi nəticə ilə başa çatmır. Özünü heç də qonaq kimi aparmayan "Zaqatala" daha üstün göründüyü oyunun ikinci hissəsinin sonlarında istəyinə çatır - 1:0.

İstənilən halda, istənilən nəticə ilə və istənilən adla - "MKT-Araz", "Mil-Muğan" - fərqi yoxdu, təki İmişlidə futbol yaşasın - kaş ki...


Elçin Cəlilov



oxunma sayı: 1897 | Paylaş:




?>