')

Bu gün:


FutbolPress.Az | Rəqibi tanıyaq: Qətərə yuxarıdan aşağı baxmaq olar?

Rəqibi tanıyaq: Qətərə yuxarıdan aşağı baxmaq olar?


oxunma sayı: 955 Paylaş:

FutbolPressAzərbaycan millisi sabah 2017-ci ildə ilk oyununu keçirəcək. Komandamızın rəqibi Qətər yığması olacaq. Bir çoxları asiyalıların Almaniya ilə oyunöncəsi uğurlu seçim olmadığını düşünür. Səbəb isə rəqibin səviyyəcə xeyli aşağı olması göstərilir.

Əvvəlcə onu deyək ki, bu matç Almaniya ilə oyuna hazırlıq kimi dəyərləndirmək yersizdi. Çünki həmin oyunda meydana çıxacağı gözlənilən futbolçuların əksəriyyəti heyətə çağırılmayıb. Bu mənada təkcə müdafiə xəttini fərqləndirmək olar.

Bütün hallarda, Qətərə yuxarıdan aşağı baxmaq olarmı? – Belə görünür ki, tam da yox.

Azərbaycan və Qətər buna qədər də üz-üzə gəlib.  2013-cü ildə baş tutan qarşılaşmada qalib məüyyənləşməyib – 1:1. Maraqlıdır ki, sabahkı oyun da həmin matçla eyni məkanda təşkil ediləcək – Dohanın “Yassim Bin Hamad” stadionunda.

Uruqvaylı mütəxəssis Xorxe Fossatinin komandası FIFA-nın son reytinq sıralamasında Azərbaycan yığmasından 4 pillə yuxarıdı. Qətər 85-ci yerdə qərarlaşıb. Komanda uzun müddətdir, ilk “100-lük”də mövqeyini qorumağı bacarır. Azərbaycan yığması isə yalnız ötən ilin oktyabrında 45 pilləlik sıçrayışla planetin 100 ən güclüsü sırasına daxil olmağı bacarıb. Son siyahıların hər birində də Qətər millimizi 2-3 pillə üstələyib.

DÇ-2018-in seçmə mərhələsində Asiya zonası üzrə III mərhələnin A qrupunda yarışan Qətərin işləri heç də yolunda getmir. İran, Özbəkistan və Cənubi Koreya kimi qitənin iddialılarına uduzan komanda Suriyaya qalib gəlib, Çinlə isə bərabərlliyə razılaşıb. Bu nəticələrlə 4 xal toplayan Qətər 5-cidi və növbəti mərhələ şansları xeyli aşağıdı. Azərbaycanla oyun Fosatti üçün İran və Özbəkistan matçları öncəsi komandadakı son durumu görmk üçün maraqlıdı.

Müqayisə üçün qeyd edək ki, Azərbaycan millisi Avropa zonasında yer aldığı qrupda topladığı 7 xalla Almaniya və Şimali İrlandiyadan sonra 3-cüdür.

Qətərin hazırkı heyətində yer alan futbolçuların əksəriyyəti yerli çempionatda oynayır. Komandada “Lexviya”, “Əl- Rayyan” və “Əl-Sədd”in oyunçuları üstünlük təşkil edir. Yeri gəlmişkən, Fossati Asiya Çempionlar Liqasında mübarizə aparan “Lexviya” və “Əl- Rayyan”ın üzvlərini Azərbaycanla oyunda çox yükləməyəcəyini açıqlayıb.

Qətər millisi heyət baxımından Azərbaycanın futzal yığmasına bənzəyir. Burda Cənubi Amerikadan milliləşdirilənlər kifayət qədərdi. Braziliyalılar - Pedro Migel, Luis Martin,  Rodriqo Tabata, uruqvaylı Sebastian Soria, fransalı Amine Lekonte, Kərim Budif komandanın aparıcı oyunçularından sayılır. Onlardan başqa Qvineya, Seneqal, Əlcəzair, Səudiyyə Ərəbistanı, Sudan və Bəhreyndən olan futbolçular da Qətər millisin beynəlxalqlılıq görünüşünü zənginləşdirir.

Komandanın ən tanınmış oyunçusu Əkrəm Əfifdi. Qətərin ölkə xaricində çıxış edən yeganə futbolçusu La Liqada “Sportinq”in (Xixon) formasını geyinir. Müqavilə ilə “Vilyarreal”a məxsus olan hücumçuya qarşı ehtiyatla davranmaq lazım gələcək.

Azərbaycan millisində isə yalnız TPL-də forma geyən oyunçular sabahkı oyunda iştirak edə biləcək. Üstəlik onların bir çoxunun yığmaya layiq olduğu şübhə doğurur.

FIFA-nın yoldaşlıq oyunları üçün təqviminə daxil olmasa da, sabakı qarşılaşmanın nəticəsi növbəti reytinq siyahısında nəzərə alınacaq. Bu baxımdan matça ciddi yanaşmaq və rəqibə yuxarıdan aşağı baxmamaq lazımdı. Əks halda futbolumuzun növbəti "qara tarix"i Dohada yazıla bilər.

Faiq Tahirov


oxunma sayı: 955 | Paylaş:





?>