')

Bu gün:


FutbolPress.Az | “Qəbələ”nin linç edilmə ssenarisi (YAZI)

“Qəbələ”nin linç edilmə ssenarisi (YAZI)


oxunma sayı: 2099 Paylaş:

FutbolPressAzərbaycan futbolunun ən başıbəlalı nöqtəsi Gəncə şəhər stadionunda yerli “Kəpəz” Premyer Liqanın 20-ci turunda “Qəbələ” ilə qarşılaşdı. Çempionatın son dövrlərdəki digər oyularının bir çoxu kimi bu dəfə də nəticədən çox hakim qərarları və meydandan kənarda baş verənlər müzakirə edildi.
 
Hər şey ondan başladı ki, ev sahiblərinin ilk qolu zamanı qonaq komandanın futbolçuları oyundankənar vəziyyət olduğuna etiraz etdilər. Ancaq matçın baş hakimi Əliyar Ağayev və laynsman Rza Məmmədov qətiyyətlə ofsayd olmadığını deyərək qolu hesaba aldılar. Bundan az sonra, hələ hisslər soyumamış, əsəblər sakitləşməmiş başqa bir mübahisəli epizod ortaya çıxdı. Meydanın mərkəzinə yaxın yerdə Nicat Qurbanovla Nika Kvekveskirinin qarşıdurmasından sonra referi hər iki futbolçuya “qırmızı” göstərdi.
 
Əliyar Ağayevin Nikaya göstərilən qırmızı vərəqədə səhvə yol verdiyi dəqiqdir.
 
Matçın gedişi zamanı da, oyundan sonra da qırmızı vərəqə epizodu mətbuatda və sosial şəbəkələrdə kifayət qədər müzakirə olundu. Burda maraqlı məqam ortaya çıxdı. AFFA-nın sosial şəbəkələrdə olan aşağı-yuxarı rəsmiləri, qurumla hansısa formada əlaqəsi olan әksәr şəxs qərarın tamamilə doğru olduğunu birmənalı şəkildə ifadə və "isbat elәmәyә" başladılar. Hmm.. әcәb kompakt hәrәkәtlәnmә yaranmışdı. İlk dəfə idi ki, bu prosesdə belə mütәşәkkil şәkil müşahidə edilirdi. Harda bir mətbuat nümayəndəsi Əliyar Ağayevin səhv qərar verdiyini deyirdisə, sanki missiya yerinə yetirilirmiş kimi dərhal reaksiya göstərilirdi.
 
Oyundan bir müddət keçəndən sonra gecə saatlarında “FutbolPress”ə belə bir məlumat daxil oldu ki, Gəncədə görüşün fasiləsi zamanı hakimlər döyülüb. Hətta həmin mübahisədə iştirak edən “Qəbələ” rəsmilərinin də adları verildi. Bizə belə məlum oldu ki, qarşıdurma zamanı xüsusilə oyunun dördüncü hakimi Orxan Məmmədov xəsarət alıb.
 
Jurnalistika prinsiplərinə uyğun olaraq, əvvəlcə məsələni dəqiqləşdirməyə və tərəflərin fikrini öyrənməyə cəhd göstərdik. Bu da informasiyanı oxuculara çatdırmağımızda təxminən 2 saatlıq ləngiməyə səbəb oldu. Bu müddət ərzində Əliyar Ağayevə də, Orxan Məmmədova da, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova da dəfələrlə zəng etdik. Hətta mesaj yazıb bildirdik ki, bizdə belə bir informasiya var, dəqiqləşdirmək istəyirik. Dezinformasiya yaymamağa, “sarı” mediaya çevrilməməyə bu qədər cəhdlərimizə baxmayaraq, onların heç birindən münasibət öyrənə bilmədik.
 
Sonda “Qəbələ”nin media və marketinq meneceri Səməd Nəsibovdan baş verənlərlə bağlı müəyyən məlumatlar alıb, informasiyanı təktərəfli formada saytda yerləşdirdik.
 
Gəncə şəhər stadionunda baş verən bu hadisə sonrakı gün futbol ictimaiyyətində, sosial şəbəkələrdə kifayət qədər ciddi müzakirə olundu. Nəhayət, bu gün AFFA İntizam Komitəsi hüquqi sanksiyaları rəsmi şəkildə açıqladı.
 
Bundan əvvəl azı üç mənbədən məlumat əldə etmişdik ki, "baş verənlərə" görə AFFA “Qəbələ”nin “belini qıracaq”. Mənbələrin əvvəlcədən bizə verdikləri məlumatlar tamamilə təsdiqləndi və “Qəbələ”nin konkret adları çəkilən rəsmi şəxsləri ciddi cəzalara məruz qaldı.
 
Klubun baş meneceri Zaur Əzizov və meneceri Səbuhi Səfiyarlıya 5, Media və Marketinq meneceri Səməd Nəsibov 10, İdman Klubunun döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayevə 20 və həkimi Namiq Hüseynova 5 oyun cəza verildi, əlavə olaraq 36000 manat cərimə tətbiq edildi.

Həddən artıq sərt olmadı? İntizam Komitəsi intizamı təmin etmək əvəzinə sanki bir “baron” kimi davrandı.
 
Belə qəbul edək ki, hələ mətbuatın danışdırmadığı Səbuhi Qarayev hakimlərə nəsə fiziki təsir göstərməyə cəhd edib. Ancaq haqsız cəzalandırılanlar var axı. Səməd Nəsibov deyir ki, fasilədə Orxan Məmmədova “Adam kişi olar, orda “qırmızı” var idi?”dən başda bir şey deməmişəm. Bir “adam kişi olar”ın cəzası 10 oyun və 8000 manat imiş...
 
İK-nın qərarlarından dərhal sonra “Qəbələ” rəsmilərindən artıq adları çəkilən Zaur Əzizov, Səməd Nəsibov və klubun vitse-prezidenti Fariz Nəcəfov mətbuata verdikləri açıqlamalarla cəzaların həddən artıq sərt olduğunu və orda baş verənlərin şişirdildiyini bildirdilər. Hətta Əzizov, ad açıqlamasa da, ortalığı bu qədər qarışdıranı Gəncədə gördüyünü söylədi.
 
Sözügedən şəxsin AFFA-nın “Kəpəz”dəki nümayəndəsi və klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu ola biləcəyini düşünüb ona da tribuna verdik. Mikayıl bəy özünü təmizə çıxarardı, hətta aranı sakitləşdirmək üçün həmin vaxt əlindən gələni etdiyini bildirdi. Ancaq bәzi assosiasiya nümayəndələrinin son günlər davranışı onun sözlərinə də şübhə ilə yanaşmağımıza səbəb oldu.
 
Əgər Gəncədə, həqiqətən də, hakimlərə fiziki təsir olubsa, sübutu hanı? Ortada nə bir videogörüntü, nə bir foto, nə bir polis qeydi, nə də cinayət işi var. Sadəcə nəyə əsaslandığı bilinməyən cəzalar açıqlanıb və bir neçə gündü AFFA belə şeylərin baş verdiyini, klubun haqsız olduğunu sübut etmək üçün əlindən gələni edir.

Sanki federasiya “Qəbələ”yə qarşı “start” xəttində dayanmışdı və klubun üstünə yüyürməyə xırda bir qığılcım axtarırdı. Gəncədə baş verənlər isə bunun üçün yaxşı bir səbəb oldu.
 
Çox maraqlıdır ki, bir vaxtlar məbuatla heç bir formada əlaqə saxlamalarına imkan verilməyən, hətta deyilənə görə, sosial şəbəkələrdən istifadəyə belə qadağaların qoyulduğu hakimlər belə danışmağa başlayıblar. Belə görünür ki, onların açıqlamaları da “Qəbələ”yə qarşı təşkil edilmiş bu ssenarinin bir parçasıdır. Hazırda hər yerdə Əliyar Ağayevin, Orxan Məmmədovun baş verənlərlə bağlı açıqlamaları gedir. Daha maraqlı məqam isə İntizam Komitəsinin qərarlarından əvvəl Ağayevin verdiyi müsahibədə hakimlərə qarşı hər hansı zorakılığın baş vermədiyini deməsi, cəzalar açıqlandıqdan sonra isə "belə bir şey olub ki, protokola da qeyd edilib" tonunda açıqlamaları oldu.
 
Sanki “yuxarıdan” təlimat gəldi və deyildi ki, danışıb qərarlara bəraət qazandırın. AFFA hazırda hakimlərə mətbuatda danışmağa imkan verməklə ictimaiyyətdə “Qəbələ”ni cəzalandırmaqla düz etdikləri fikrini formalaşdırmağa çalışır.
 
Belə bir linçləmə prosesindən sonra “Qəbələ”nin sanki “qolu-qıçı qırılıb”. Klubda vitse-prezident Fariz Nəcəfov və səhhətinə görə məlum oyunda iştirak edə bilməyən mətbuat xidmətinin rəhbəri Anar Hacıyevdən başqa oyunlara gedə biləcək kimsə qalmayıb.

Belə görünür ki, “Qəbələ”nin iflic vəziyyətə salınması əvvəlcədən hazırlanmış ssenari əsasında kompakt şəkildə aparılıb. İndiki məqamda klub rəsmiləri mətbuat konfransı keçirib tələb yürüdə bilər ki, federasiyanın komandaya qarşı bu qədər aqessiv olmaqda məqsəd və niyyətlərini, bunun səbəblərini açıqlasın. Hər halda qıraqdan görünən odur ki, “Kəpəz” – “Qəbələ” oyununun fasiləsində bu qədər cəzanı şərtləndirəcək faciəvi bir şey baş verməyib. 


oxunma sayı: 2099 | Paylaş:




?>