')

Bu gün:


FutbolPress.Az | “Futbol saatı”nın qaçırdığı məqam (AÇIQ MƏKTUB)

“Futbol saatı”nın qaçırdığı məqam (AÇIQ MƏKTUB)


oxunma sayı: 897 Paylaş:

FutbolPressQeydi yazmağımda əsas məqsəd “Futbol saatı”nın son buraxılışı haqda həmkar/dost iradını bildirməkdir.

Əvvəl yeni gün və yeni saata keçidiniz münasibətiylə təbrik edirik. İndi daha insanların yatmalı olduğu vaxtda yox, əlverişli ərəfədə efirə çıxmağın fərqi təbii ki, özünü göstərəcək. Bunlar və verilişin qayəsini müəyyənləşdirən Sənan, Ceyhun yoldaşların mövzumuzun müsbət detalları olduğunu bilirik. Gəlin görək, nədir arzulanmaz məqam.

***          ***       ***

Premyer Liqanın 19-cu turunun “Qəbələ”  -  “Qarabağ” oyunu “Futbol saatı”nın son buraxılışının əsasını təşkil eləmişdi. Qəbələdəki auranı çox yaxşı şəkildə çatdıran Anar Əsədovun işinə bir əhsən! Bir proqramın maraqlı alınması üçün lazımı hər şey edilmişdi.

Oyunaqədərki ajiotajın oyunu cazibəli hala gətirməsi... Əsas detal budur.

Bəs  necə oldu ki, sönük başlayan və o cür davam edən ölkə çempionatında belə bir kütləvi  maraq yaradan oyun “əmələ gəldi”? Buradək necə gəlib çıxmışdıq?

***           ***             ***

Katalizator bir idi. Hər incə məqamı qabardan, tərəfləri dindirən, hakimlikdən tutmuş, qarşılaşmanı şərh edəcək adların müəyyənləşməsinədək, ən xırda detalları belə xüsusi tonla hazırlayan KİV.

Dostlar, siz Qəbələdəki reportajlarınızda hər iki tərəfin fanatlarını danışdırdız, fərqli görüntülər gördük, matçətrafı ən xırda detallar belə qabardıldı, ancaq mediadan bircə nəfər belə danışdırılmadı. Oyunun bu həddə marağa gəlib çatmasında, xüsusən elektron KİV-in təşəbbüskarlığı, cəhdləri barədə bircə məqam da qeyd edilmədi.

PFL-in təşkilatçılığıyla oyunu işıqlandırmaqçün 40-a yaxın jurnalist Qəbələyə ezam edilmişdi. Onlardan bir nəfərini belə danışdırmaq, proseslərə münasibətini verilişdə göstərmək yaxşı olmazdımı?

Yaxud oyunöncəsi proqnozlar alıb, oyunsonrası bunlardan hansının doğru, hansının yanlış olduğunu qeyd eləməklə maraqlı süjet hazırlamaq olardımı? Yaxud media nümayəndələrindən son olanlara münasibəti elə yerindəcə öyrənmək mümkün idimi?

Əlbəttə ki mümkün idi. Hələ daha kreativ nələrsə eləmək olardı.

İşlərin bu həddə gəlib çatmasında bir nömrəli səbəbkarlar jurnalistlərdi. Oyun ətrafında hava şəraitinə qədər  - hər məqama toxunan “Futbol saatı”nın həmkarlarına biganə yanaşması qəbuledilməz kmi bir şeydir, hörmətli dostlar – Sənan və Ceyhun.

Onsuz medianın durumu həm maddi, həm keyfiyyət, həm digər kriteriyalar üzrə yaxşı vəziyyətdə deyil. Barı əlimizdə olan minimum resurslarla medianın rolunu, vacibliyini hiss elətdirək.

Hər tərəfdə buraxdıqları səhvləri medianın üzərinə atmağa cəhd edirlər – zəif xarakterliləri tilova keçirdib, onlardan muzdlu istifadə edirlər. Daha abırsız məqamları qabartmadan da durumun acınacaqlı olduğunu siz də, biz də gözəl bilirik. Belədə, heç olmasa, həmkar əsl həmkarının yanında olmalıdı.

Hərəmiz öz imkanlarımız daxilində medianın vacibliyinin təbliği istiqamətində nəsə etməliyik.

İnanıram ki, gələcəkdə bu məqamları diqqətdə saxlayacaqsınız. Sizə, bizə uğurlar!

Elçin Cəlilov


oxunma sayı: 897 | Paylaş:




?>