')

Bu gün:


FutbolPress.Az | “Olduqca prinsipial qarşılaşma”, “6 xallıq oyun”, “mövsümün qırılma nöqtəsi” (SORĞU)

“Olduqca prinsipial qarşılaşma”, “6 xallıq oyun”, “mövsümün qırılma nöqtəsi” (SORĞU)


oxunma sayı: 563 Paylaş:

FutbolPressHəftə sonu Azərbaycan Premyer Liqasının 19-cu turunda çempionluğa əsas namizədlər – “Qəbələ” və “Qarabağ” birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcək. Bir çoxlarına görə, çempionluq yolunda ən əhəmiyyətli oyun olacaq qarşılaşmaya böyük marağı nəzərə alıb, matçla bağlı ölkənin idman mediasının nümayəndələrinin fikirlərini öyrəndik.
 
Elə onlar da “Qəbələ” – “Qarabağ” oyununu “mövsümün qırılma nöqtəsi”,  “6 xallıq matç”, “olduqca prinsipial qarşılaşma”, “mövsümün oyunu” kimi təyinlərlə ifadə etdilər:

Elmir Əliyev (Haqqin.az): “Təəssüf ki, 3-cü dövrənin mərkəzi oyunundan, hətta ola bilsin, çempionluğun taleyinin həll olunacağı matçdan öncə komandaların oynayacağı futbol yox, hakimlərin səhv buraxıb-buraxmayacağı müzakirə olunur. Bu cür vəziyyət referilərin silsilə kobud səhvləri nəticəsində yaranıb. Buna görə də, hər şeydən əvvəl arzu edirəm ki, qarşılaşma hakim səhvləri olmadan ötüşsün. Ki, oyundan sonra hakimlərin yox, futbolçu və məşqçilərin işini müzakirə edə bilək. Oyunun nəticəsinə gəldikdə, məncə, heç-heçə qeydə alınacaq. “Qәbәlә” va-banka getmәyәcәk. “Qarabağ”a aradakı fәrqi qorumaqçün 1 xal da bәs edir. Əgər “Qarabağ” qələbə qazanarsa, ona çatmaq “Qəbələ” üçün çox çətin olacaq”.
 
Natiq Muxtarlı (Komanda.az): “Komandaların turnir cədvəlindəki mövqeyini nəzərə alsaq, bu qarşılaşmanı “olduqca prinsipial” təyini ilə xarakterizə edə bilərik. Xal fərqinə diqqət yetirsək, “Qarabağ”la oyun “Qəbələ” üçün 6 xallıq qarşılaşma sayılmalıdır. “Qarabağ” bu oyundan qələbə ilə ayrılsa, böyük ehtimalla, çempion olacaq. Çünki Azərbaycan çempionatında həm oyun sayı azdır, həm də digər komandaların “Qarabağ”ı büdrədəcəyi inandırıcı deyil. Belə deyək, “Qəbələ” çempion olmaq istəyirsə, yalnız və yalnız özünə güvənməlidir. Ona görə də Roman Qriqorçukun yetirmələri bu qarşılaşmadan ən pis halda heç-heçə ilə ayrılmalıdırlar. Təbii ki, “Qarabağ” da oyunun önəmini hiss edir. Qurban Qurbanov da futbolçularını qələbəyə kökləyəcək ki, çempionluq şansını təhlükəyə atmasın.

Üstəlik, onu da nəzərə alaq ki, son turlarda hər iki komandanın lehinə hakim səhvləri olub. Və “Qəbələ” “Qarabağa”a qarşı qara piar da aparıb, hakimləri bu komandaya simpatiya bəsləməkdə ittiham edib. Baxmayaraq ki, özlərinin xeyrinə də xeyli hakim səhvləri olub. Güman ki, “Qarabağ” həm də “Qəbələ”yə kimin kim olduğunu sübut etməyə çalışacaq. Qəbələdə açıq futbolun olacağını güman etmirəm. Meydanda taktika savaşının gedəcəyini düşünürəm. Rəqiblər bir-birinin səhvini gözləyəcək. Bu gedişatı yalnız erkən qol poza bilər.

Nəticə ilə bağlı proqnoz vermək isə olduqca çətindir. Yalnız komandaların son turlardakı oyun keyfiyyətini nəzərə alaraq, “Qarabağ”ın qalib gələcəyini deyə bilərəm. Amma sözsüz ki, bu oyunda istənilən nəticə qeydə alına və bu, təəccüb yaratmaya bilər”.
 
 
Mahir Rüstəmli (“Futbol+” qəzeti): “Futbolda “6 xallıq oyun” ifadəsi var e, hesab edirəm ki, bazar günü Qəbələdə keçiriləcək qarşılaşmaya tam uyğun gəlir. Futbol proqnozları sevməsə də, məncə, “Qəbələ” heç bir halda bu oyunda uduzmayacaq. Çempionata marağın ən üst səviyyədə qalması, “qızıl” intriqasının yaşaması üçün də Qəbələdə meydan sahiblərinin qələbəsinin və ya heç-heçənin qeydə alınması daha realdı. Başqa bir məqam: hətta “Qarabağ” qələbə qazansa da (yenə deyirəm: bu varianta pul qoymazdım), çempionun adı müəyyənləşməyəcək. Bu mənada həlledici oyun aprelin 9-da olacaq. Məhz həmin gün “Qarabağ” – “Qəbələ”ni qəbul edəcək. Bazar günü Azərbaycan çempionatı adına Qəbələdə növbəti şah əsərin yazılacağına böyük ümidlərim var, oyunu ilə haqq edənin qələbə qazanmasını, hakimliklə bağlı söz-söhbət yaranmamasını istəyirəm”.
 
İbrahim Cəfərov (Futbolxeber.az): “Bakı”, “Xəzər Lənkəran” kimi klubların gedişindən, “Neftçi”nin zəifləməsindən sonra ölkə çempionatında bir qədər sönüklük əmələ gəlib. Artıq əvvəlki gərginlik yoxdur. Ölkə çempionatının oyunlarına 25 min azarkeşin gəldiyi vaxtlar olsa da, indi həmin atmosferi görmək müşkül işə çevrilib. Bu baxımdan “Qəbələ” – “Qarabağ” oyunundan çox şey gözləyirəm. Düşünürəm ki, çox maraqlı və gərgin qarşılaşma olacaq. Amma inanmıram, bu oyun çempionu müəyyənləşdirsin. Düzdü, “Qarabağ” qələbə qazansa aradakı xal fərqi 6-ya yüksələcək, amma qarşıda hələ oyunlar çox olacaq. Bu baxımdan hər şey mümkündür.
 
Son vaxtlar komandaların fəallaşması, bir-birinə atmacalar atması bu oyun ətrafında ciddi ajiotaj yaradıb. Əsas mənfi hal komandaların heyətlərindəki itkilərlə bağlıdı. Məsələn, “Qarabağ”da Rəşad Sadıqovun oynaması sual altındadı, Kintana zədəlidi, Ağabala Ramazanov cəzalıdı. “Qəbələ”də isə mərkəz müdafiəçilərindən üçü oynamayacaq.  Bu itkilər oyuna müəyyən qədər təsir etsə də, istənilən halda hər iki tərəf güzəştə getməyəcək və qələbə üçün oynayacaq. İnanmıram ki, Qurban Qurbanov komandasını səfərə bir xal üçün aparsın.
 
Oyuna kölgə sala biləcək əsas məqam isə hakimlik məsələsidi. Elə oyun ətrafında da əsasən bu müzakirə olunur. Ümid edirəm ki, hakimlər əvvəlki səhvlərini təkrarlamayacaqlar.
 
Proqnoz vermək çətindir. Amma, məncə, “Qəbələ”nin cüzi də olsa, üstünlüyü var. Bu komandanı daha şanslı sayıram. Əgər əksi baş versə, “Qəbələ” üçün həm turnir cədvəli baxımından, həm də psixoloj cəhətdən çox çətin olacaq”.
 
 
İlkin Baba (Premyer.az): “Demək olar ki, 19-cu turda keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu bu mövsümün qırılma nöqtəsi ola bilər. Əgər “Qəbələ” məğlub olarsa, o zaman “Qarabağ” elə indidən çempionluğunu bayram etsin. Amma məsələyə digər tərəfdən yanaşsaq, düşünürəm ki, hal-hazırda ölkə çempionatında ən güclü komanda məhz “Qəbələ”dir və onlar bu il çempion olmağa daha layiqdir. Bu tura qədər müxtəlif iddialar, bəyanatlar səsləndirildi və indi bütün hər şeyə son qoymağın zamanıdır. “Qəbələ” komandası hakim haqsızlığını, “Qarabağ”a dəstək verirlər” iddalarını bir kənara qoyub öz gücünü göstərməlidir. Gücünə inanırsansa, bu da meydan! Bu tur isə “hakim də insandır, səhv edə bilər” fikrinin heç yeri yoxdur. Hakim bu oyunda səhv etməməlidir! Hazırda ölkə çempionatı “cığallıq oyunu”na çevrilib. Komandaların imkanı olsa “verin topumu, oynamıram” deyər. Zatən sınıq-salxaq bir Premyer Liqamız var, imkan versinlər meydanda əsl mübarizə olsun!”
 
 
Elnur Məmmədli (“CBC Sport”): “Qəbələ” – “Qarabağ” matçına əminliklə mövsümün oyunu demək olar. Son vaxtlar hakimliklə bağlı baş verənlər, “Qəbələ” rəsmilərinin açıqlamaları, hər iki komandanın azarkeşlərinin fəalliği deməyə əsas verir ki, gərgin bir oyun izləyəcəyik. “Qarabağ” əsas rəqibindən 3 xal öndə olduğundan “Qəbələ”nin bu görüşdə xal itkisi müəyyən mənada çempionluğa təsir edə bilər. Əminliklə demək olar ki, meydan sahibləri uçun ağır oyun olacaq. Nəzərə alsaq ki, “Qəbələ”nin müdafiə xəttində ciddi itkilər var, bu, Qriqorçukun komandasına böyük çətinlik yaradacaq. Qurban Qurbanovun muhafizəkar və ehtiyatlı olduğunu da əlavə etsək, Ağdam klubunu bu matçda heç-heçə də qane edecek. Əsas odur ki, 90 dəqiqədən sonra müzakirə mövzusu komandalar ve futbolçular olsun, hakimlər yox”.
 
İlqar Tağıyev (“Het-trik news” qəzeti): “Hər şeydən əvvəl bu oyun hər iki komandanın istədiyi şəraitdə - təbii örtüklü meydançada oynanacaq. Bu mənada tərəflərin heç birinin stadiondan şikayətlənməyə haqqı çatmayacaq. İkinci problem hakimliklə bağlı ola bilər ki, son turlarda nəticəyə təsir edən ciddi səhvlərin şahidi oluruq. Oyuna ən yaxşı hakimlər təyinat almalıdır ki, səhvlər minimum olsun və bu matçın nəticəsinə də, yekun nəticəyə də - bunlar ayrı-ayrı şeylərdi – təsiri olmasın. Gənc hakimlərin təyinatındansa, daha təcrübəli kimisə bu oyuna göndərmək lazımdı. Mənim iki variantım var. Biri təcrübəsinə görə Fariz Yusifovdu, ikincisi də avrokuboklarda kifayyət qədər samballı oyunlar idarə edən Əliyar Ağayev. Amma əsas hakimlərlə yanaşı yan xətt hakimlərinin seçiminə də diqqətlə yanaşılmalıdı. Çünki son turlarda bir neçə dəfə laynmanların ciddi nöqsanları müzakirə mövzusu olub. Bu mənada bəlkə də, referilərdən çox onların təcrübəli olmasına diqqət yetirilməlidi.
 
Komandaların vəziyyətinə nəzər saldıqda hər ikisində durum oxşardı. Xüsusilə “Qarabağ”da Dani Kintananın zədəli olmasını komanda üçün böyük itki saymaq olar. Amma onun yoxluğunu doldura biləcək oyunçular mövcuddu. “Qəbələ”də isə Rasim Ramaldanov son oyunda qırmızı vərəqə alıb, Vitali Vernidub zədəlidi. Amma Ramaldanovu o qədər də ağır itki hesab etmirəm. Çünki o, komandaya yeni qoşulub, adaptasiya prosesi gedir və s. Vernidub isə, həqiqətən, böyük itkidir. Amma “Qəbələ”də onu da əvəz edəcək futbolçu, hər halda, var. Bu, Qriqorçukun sistemindən asılı olacaq. “Qarabağ”ın hücumda sürətli oyununa qarşı bir qədər çevik “stoper”lərdən istifadə etsə, daha uğurlu addım olar. Ümumiyətlə, hər iki məşqçinin əlində maksimum istifadə edə biləcəyi geniş seçim imkanı var.
 
Oyun olduqca gərgin keçəcək. “Qəbələ” qalib gəlməklə əsas rəqibi ilə xalları eyniləşdirib, çempionluq yarışından qopmamağa çalışacaq. “Qarabağ” isə heç-heçəyə də razılaşa bilər. Çünki mövcud 3 xallıq fərq də komandaya sərf edir. Ancaq Ağdam klubu qalib gəlib fərqi 6-ya yüksəltsə belə, düşünmürəm ki, bundan sonra komandanı çempion elan etmək olsun. Çünki qarşıda hələ  bütün bir dördüncü dövrə və üçüncü dövrənin bir neçə oyunu qalıb. Onu da nəzərə almaq lazımdır ki, bu iki komandanın bundan əlavə daha bir oyunu da olacaq.
 
Oyunda hansı nəticənin qeydə alınacağına gəlincə, düzdü, proqnozlarımda çox vaxt yanılıram, amma heç-heçə gözləyirəm. Yəqin ki, yenə yanılacam”.

Faiq Tahirov


oxunma sayı: 563 | Paylaş:




?>