')

Bu gün:


FutbolPress.Az | Gülağa Cabbarov: “...taym-out götürmüşəm, geri dönəcəm” (MÜSAHİBƏ)

Gülağa Cabbarov: “...taym-out götürmüşəm, geri dönəcəm” (MÜSAHİBƏ)


oxunma sayı: 1194 Paylaş:

FutbolPressGülağa Cabbarov Hakim-İnspektorlar Komitəsinin sədri idi. Ötən ilin martında AFFA-nın Hesabat-Seçki Konfransından sonra məlum oldu ki, vəzifəsindən uzaqlaşdırılıb. Halbuki əksəriyyət onun göndəriləcəyini ağlının ucundan da keçirtmirdi. Hamı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla bağlı "ölçü götürüləcəyini" gözlədiyi məqamda məqam sahibləri sağ göstərib, sol vurdu...

Ovaxtdan Cabbarov “görünmürdü”. Hakimlərin hoqqa çıxardıqları, hər tur bir neçə kobud səhvin müzakirə meydanı açdığı bu ərəfələrdə Cabbarovu aramağın yeri vardı.

- Salam, Gülağa müəllim, necəsiz?

- Salam. Məmnun oldum zənginizə, yaxşıyam.

- Haralardasız?

- Bir müddətlik istirahətdəyəm. Çəkilmişəm kənara, dincəlirəm.

- Sizə qarşı ötən il haqsızlıq olduğunu düşünmürsüz ki?

- 9 yaşımdan stadiondayam, meydandayam. Mən futbolda olmuşam, olacam da. Sadəcə, indi, bir növ, taym-out götürmüşəm, geri dönəcəm.

- Taym-out götürdüyünüzü deyirsiz, ancaq sizi vəzifənizdən sanki qovdular. İctimaiyyətdə anlaşmazlıq yarandı, gözlənmirdi bu addım...

- Bilirsiz, haqsızlıq sübut olunmalı bir şeydir. Olacaq. Biz o səviyyənin adamları deyilik, ora enmərik. Mən bunu belə adlandırıram: bir müddətlik kənardayam.

- Oğlunuz Rauf Cabbarovun idarəçiliyinə yüksək qiymət yazılmasında hakim inspektorlara təsir etdiyiniz deyilir, səbəb də bu göstərilir...

- Rauf dünənin hakimi deyil. Hakim olmaq da onun öz seçimi idi. Heç hakimliyə gəlməsinə təsirim olmayıb, qaldı ki... mən də ona yüksək bal verilməsinə ehtiyacı birdən-birə indilərdə niyə hiss edim? Mənasız və əsassız qovğalara girmək, nəticəsi olmayacaq dedi-qodulara reaksiya bildirmək bizlik deyil. Bu şeylərdən uzağıq. Hər şeyin zamanı var.

- Geridönüşünüzü gözləyək...

- Əlbəttə. Mütləq. Mən özümü futbola həsr eləmiş, bu işdə sözünü demiş, deməyi bacarmış insanam. Kiminsə qarşısında gözükölgəliliyimiz yox. Hər şey qaydasına düşəcək.

- Onda sizdən müəmmalı məqamlara aydınlıq gətirəcəyinizi gözləyirik...

- Söz verirəm, sizinlə bu barədə geniş söhbət edəcəm. Danışmağa sözümüz var. Sizə danışacam.

Elçin Cəlilov


oxunma sayı: 1194 | Paylaş:




?>