')

Bu gün:


FutbolPress.Az | “Kəpəz”in 15 illik həsrəti, “Qəbələ” üçün liderlik şansı (ÖNBAXIŞ)

“Kəpəz”in 15 illik həsrəti, “Qəbələ” üçün liderlik şansı (ÖNBAXIŞ)


oxunma sayı: 641 Paylaş:

FutbolPressSabah Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək. Baş tutacaq dörd qarşılaşma iki gün ərzində keçiriləcək. Matçların üçü paytaxtda, biri isə əyalətdə təşkil ediləcək.
 
Açılış oyununda Gəncədə yerli “Kəpəz” və çempionatın lideri “Qarabağ” münasibətlərinə aydınlıq gətirəcək. Meydan sahibləri 3-cü dövrənin ən uğursuzudu. Şahin Diniyevin komandası keçirdiyi 3 oyunun hamısında məğlub olub, üstəlik buraxdığı 8 qolla ən zəif göstəriciyə malikdi. Ardıcıl 4 matçdır meydandan xalsız ayrılan “sarı-göylər” məğlub olacağı halda 6-cı pillədəki mövqeyini də itirə bilər. Bu baxımdan gəncəlilərin oyuna böyük motivasiya çıxacağı gözləniləndi. Digər tərəfdən, komanda çempionatın ikinci yarısında ilk dəfə doğma azarkeşləri qarşısında oynayacaq.
 
Üçüncü dövrənin ilk oyununda “Neftçi” ilə bərabərə qalan “Qarabağ” isə son iki oyunda qələbəyə sevinib. Ağdam klubu ən yaxın izləyicisi “Qəbələ”ni irəli buraxmamaq üçün mütləq qalib gəlməlidi. Bu işdə Qurban Qurbanovun komandasına mane olacaq ən böyük amil Gəncə şəhər stadionunun hazırki vəziyyətidi. Topu yerdə saxlamağa üstünlük verən “köhlən atlar”ın bundan ciddi əziyyət çəkəcəyini ehtimal etmək olar. Ancaq 13-cü turun “Qəbələ” ilə ev oyununda baş verənlərə görə 4 oyunluq cəzalandırılan Riçard Almeydanın qayıdışı Qurban Qurbanovu sevindirməyə bilməz.
 
“Qarabağ” 18 oyundur ki, “Kəpəz”ə məğlub olmur. 15 ilə yaxındır qalib gəlməyən qərblilər son 7 oyunda qol buraxıb. Gəncə təmsilçisinin son 3 ev oyununda hər iki komanda qol vurub. “Kəpəz” və “Qarabağ” indiyədək 43 dəfə üz-üzə gəlib. Birincilərin 14, ikincilərin 20 qələbəsi var, 9 oyunda qalib müəyyənləşməyib. Top fərqi də “Qarabağ”ın xeyrinədi – 58:53.
 
Ağdam klubunun ən yaxın izləyicisi “Qəbələ” də ilk oyun günündə meydana çıxacaq. Roman Qriqorçukun komandası “Zirə”nin qonağı olacaq. “Qırmızı-qaralar” “Qarabağ”ın Gəncədə mümkün xal itkisindən yararlanıb liderliyi ələ keçirmək niyyətindədir. Bir oyunluq cəzadan sonra Roman Qriqorçuk yenidən komandasının başında olacaq.

İlə iki qələbə ilə başlayan “Zirə” isə ötən tur ardıcl 5-ci dueldə “Qarabağ”a eyni – 2:0 hesabı ilə məğlub oldu. Cəza səbəbindən keçən oyunu buraxan Yovan Krneta “Qəbələ”yə qarşı oynaya biləcəksə, Seza Meza Kollinin hələ bir oyun da cəzası qalır. “Zirə” qələbə qazanmaqla yenidən “Sumqayıt”ı geridə qoyaraq əldən verdiyi 4-cü pilləyə qayıtmaq əzmindədir.
 
Komandalar arasında son 3 oyunda “Qəbələ” quruhesablı qələbə qazanıb. “Zirə”nin ev oyunlarında qol vuran qalib gəlir. “Qəbələ” və “Zirə” bunadək 6 dəfə qarşılaşıb. 1 oyunda heç-heçə qeydə alınıbsa, 2 dəfə “qartallar”, 3 dəfə isə “qırmızı-qaralar” qələbəni bayram edib. Top fərqində “Qəbələ”nin 7:3-lük üstünlüyü var.
 
İkinci oyun gününün ilk matçı Şüvəlanda baş tutacaq. “AZAL Arena”da təşkil ediləcək qarşılaşmada son pillənin dəyişilməz sakini AZAL “İnter”i qəbul edəcək. Meydan sahibləri üçüncü dövrədə qələbəsi olmayan iki komandadan biridi. Bu qarşılaşma turnir cədvəlində dəyişikliyə səbəb olmayacaq. AZAL qələbə qazanmaqla “Neftçi” ilə aradakı xal fərqini 3-ə endirməyə, keçən tur “Neftçi”yə uduzan “İnter” isə liderlərdən çox geri düşməmək üçün qalib gəlməyə çalışacaq.
 
Bu, AZAL və “İnter”in 33-cü dueli olacaq. Əvvəlki 32 matçın 5-də birincilər, 14-də ikincilər qələbəyə sevinib. 13 oyunda qalib müəyyənləşməyib. Top fərqində “İnter öndədi – 34:21. AZAL 13 oyundur qələbə qazana bilmir.  “İnter” son 3 qarşılaşmada qalib gəlib.
 
Bağlanış oyununda “Neftçi” “Sumqayıt”la qarşılaşacaq. “Bakcell Arena”da keçiriləcək görüş “ağ-qaralar”ın 3-cü dövrədə ilk ev sınağı olacaq. İlə uğurlu başlayan iki komandanın dueli ciddi maraq doğurur.

“Sumqayıt” “Qəbələ” və “Qarabağ”la birgə çempionatın ikinci yarısında uduzmayan üç komandadan biridi. Yenilənmiş “Neftçi” isə topladığı 13 xalın 4-nü son 3 matçda qazanıb. Ötən tur paytaxt derbisində “İnter” üzərində inamlı qələbə qazanan Elxan Abdullayevin komandası uğurlu gedişatı davam etdirmək niyətindədir. “Kimyaçılar” isə yüksəldiyi 4-cü pillədəki mövqeyini qorumağa iddialıdılar.
 
“Neftçi” və “Sumqayıt” indiyədək 18 dəfə qarşılaşıb. Paytaxt klubu 10, gənclik şəhəri təmsilçisi 6 qələbəyə sevinib. Komandalar 2 oyunda 1 xala razılaşıb. “Neftçi” ardıcıl 3 oyundur xal qazana bilmir. Bakılılar son 6 ev oyununu qolsuz tərk etməyib.
 
Faiq Tahirov


oxunma sayı: 641 | Paylaş:




?>