')

Bu gün:


FutbolPress.Az | “Neftçi” “ölüm zolağı”na doğru hücumçusuz… (QEYD)

“Neftçi” “ölüm zolağı”na doğru hücumçusuz… (QEYD)


oxunma sayı: 704 Paylaş:

FutbolPressNamiq Ələsgərov ("Qarabağ"), Georgi Navalovski ("Veriya", Yunanıstan), Zdenek Folprext (“Slovan”, Çexiya: icarəyə), İqnasio Herrera ("İrtış", Qazaxıstan), Kirill Petrov ("Olimpik", Ukrayna), Pavel Dreksa ("Siqma", Çexiya), Ruslan Abışov ("İnter")

Bu, “Neftçi”nin qış transfer dövründəki qənimətləridi.

“Ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayevin Antalya toplanışının yekunlarına dair dünən klubun rəsmi saytında çıxan müsahibəsindən sitat: "Heç vaxt futbolçunu baxışa dəvət edib sınamağın tərəfdarı olmamışam. Bayaq bildirdiyim kimi, toplanış məndə müsbət olduğu kimi, mənfi təəssürat da yaratdı. Mənfi olan budur ki, bu günə qədər hücum xəttinə oyunçu tapa bilməmişik. Hazırda "Neftçi” hücumçusuz oynayır”.

Bir müddət əvvəl  bir qeydimizdə vurğulamışdıq ki, “Neftçi” qış transfer dövrünə xas olmayan tərzdə davranır. Sanki komandanın bütün problemləri yeni oyunçuların cəlb edilməsiylə düzələcək – transferlər o “iştahla” aparılırdı…

Hərgah “Neftçi”nin əsas görməli olduğu iş keyfiyyətli hücumçu cəlb eləmək idi, o da alınmadı. Abdullayevin buna izahı belədir:  "...hücumçu transferi ilə bağlı danışıqlarımız davam edir. Amma təəssüf ki, güclü hücumçular azad deyillər, klublara məxsusdurlar. Təbii ki, mümkün qədər güclü futbolçu transfer etmək istəyirik, amma klubun büdcəsi də nəzərə alınmalıdır. Çalışacağıq büdcəyə uyğun səviyyəli futbolçu tapaq. Hərçənd qış transfer dönəmində bunu etmək heç də asan deyil”.

Bəli, məsələ də elə bunda idi, ancaq baş məşqçinin belə danışması normal görünmür. Ən ehtiyaclı nahiyəyə namizədləri ən azı 2 ay əvvəldən müəyyənləşdirmək mümkün/lazım idi; buna da Elxan Abdullayevin vaxtı vardı. Niyə seleksiya cavabdehləri bu problemi aradan qaldıra bilməyib? Çalışdırıcı nədən kimə nə şikayət eləyir?

“Neftçi” bu heyətlə bu il əsas məqsəd olan avroliqalara vəsiqə qazanmaq tapşırığının öhdəsindən gələ biləcəkmi – böyük sualdı. Ancaq işin texniki tərəfdən doğru getmədiyi “hücumçu problemi”nin davam eləməsiylə özünü büruzə verdi. Təki bu, qarşıdakı arzulanmaz uğursuzluqlara bəhanə olmasın və klubun 80 illiyinə hədiyyə kimi Avropada çıxış eləmək nəsib olsun.

P.S. Fasilədən sonra komanda ilk oyunu “Qarabağ”a qarşı keçirəcək. Premyer Liqadakı növbəti oyunlar isə “Qəbələ”, “İnter”…

“Neftçi” “ölüm zolağına” “silahsız” gedir.

Elçin Cəlilov



oxunma sayı: 704 | Paylaş:




?>