')

Bu gün:


FutbolPress.Az | "Elə arada mən də özümə sual verirəm ki, “Neftçi”də nə baş verir axı?" (MÜSAHİBƏ)

"Elə arada mən də özümə sual verirəm ki, “Neftçi”də nə baş verir axı?" (MÜSAHİBƏ)


oxunma sayı: 1099 Paylaş:

FutbolPressFutbol mütəxəssisi Ağasəlim Mircavadovun Premyer Liqa klublarının qış transfer bazarındakı fəaliyyəti ilə bağlı “FutbolPress”ə müsahibəsi

- Klublara transfer üçün verilən zamanın artıq yarısı geridə qalıb. Onların hazırlığı, transfer fəaliyyəti barədə nə demək olar?
- Hərəsi imkan dərəcəsində hazırlaşır. Əvvəllər qışda da, yayda da hazırlıq üçün klubların çoxu ölkə xaricinə üz tuturdu. O vaxt onların maliyyə vəziyyətləri daha yaxşı idi. Ancaq indi əvvəlki kimi deyil. Fikir verirsinizsə, 2-3-ü gedib Türkiyəyə, qalanı burda hazırlaşır. Hər halda çempionatın ikinci hissəsinə hazırlıq gedir. Ancaq istənilən effekti verməsə, məşqiləri də qınamaq olmaz. Çünki əllərində nə varsa, ondan istifadə edirlər. Əsas odur ki, onlara lazımi şərait yaradılsın. Bu, olmasa, istənilən nəticəni əldə etmək olmaz. Birinci dəfədir ki, ölkədə 8 komandalı sistem tətbiq edilir. Bu da bir təcrübədir, vəziyyətdən çıxmaq üçün vasitədir. Mənfi, müsbət cəhətlərini yalnız çempionat başa çatdıqdan sonra təhlil etmək olar. Ancaq indiki məqamda Azərbaycan kimi ölkə üçün 8 komanda çox azdır. Bunun nəyə görə olduğunu da çox gözəl başa düşürük. Klublar hazırki vəziyyətə uyğun davranırlar. Təbii ki, 4-5 il əvvəlki gərginlik, rəqabət indi yoxdur. O vaxt “Bakı”, “Xəzər Lənkəran”, “Simurq” kimi klublar var idi. Onlar transfer bazarında da bir-biri ilə rəqabət aparırdı. Avropada da belədir ki, çempionluq uğrunda azı 4 komanda mübarizə aparır. Qalan orta sıradakılar isə, Avropa Liqasına vəsiqə uğrunda yarışırlar. Bizdə isə, vəziyyət fərqlidir. 1-ci və 4-cü yer arasındakı fərq (15 xal –red.) elə hər şeyi deyir. Klubların transferləri də, hazırlığı da buna uyğundur.

- Ancaq bazarın ən fəal komandası “Neftçi” sondan ikincidir. 7 keçid rəsmiləşib, yenə də gələnlərin olacağı deyilir. Ötən yay da çoxlu transferlər etmişdilər. "Neftçi" üçün vəziyyətdən çıxış yolu budurmu?
- “Neftçi”nin yeni futbolçularını görməmişik, bilmirik, tanımırıq. Ona görə də bunun komandaya necə təsir edəcəyini ididən demək çətindir. Ancaq yerli futbolçular – Namiq Ələsgərov, Ruslan Abışovun cəlb edilməsini başa düşmək olar. Namiq gəncdir, öz üzərində işləyib çox yaxşı futbolçu ola bilər. Ruslan əvvəl də “Neftçi”də oynayıb, “İnter”in əsas heyət üzvü idi. Hər ikisi milli komandada oynayırlar. Onların oyununu da hamımız görmüşük. Qalanları ilə bağlı danışmaq isə asan deyil. Çempionatın başlanmasına çox qalmayıb. Qoy başlasın, 1-2 oyundan sonra da biləcəyik ki, necə futbolçulardır, “Neftçi”yə layiqdirlər, yoxsa yox...

- Transferlərdən belə başa düşmək olar ki, komandanın əsas məqsədi Avropa Liqasına vəsiqə qazanmaqdır. Buna nail olmaq mümkün görünür?
- Çox müəmmalı, ağır sualdır. Hər şey yeni futbolçuların səviyyəsindən və davam edən hazırlıq dövründən asılıdır. Komandanın hansı sistemlə oynayacağı da vacib amildir. “Neftçi”nin adı həmişə yuxarı sıralarda olub. Bəlkə yüksəliş oldu, bəlkə olmadı, birlikdə görəcəyik.

- Xatırlayırsızsa, bir vaxtlar Jurgen Gedenin dövründə də heyətdə köklü islahatlar aparılmışdı. Son iki transfer pəncərəsi zamanı da eyni proses gedir. Bir paralellik hiss edirsinizmi?
- Bunu demək çətindir. Onu deyim ki, Gedenin “Neftçi”yə gəlməsi faciə idi. Həmin vaxt komandada kim var idisə, göndərdilər. “Neftçi”də boya-başa çatan hamını yox elədilər. Bilirsiz, klubun öz yetirmələrinə çox önəm verilməlidir. Həmin oyunçuları göndərmək yox, qorumaq lazımdır. Çünki onlar məktəbi burda keçirlər, komandaya bağlılıqları daha çox olur. İndiki məqamda “Neftçi” öz yetirməsi olan futbolçuları qorumalıdır. Bu o demək deyil ki, pis oynayanları da saxlasınlar. Yenə qayıdım Gedeyə, o komandadakı dəyişikliklərlə böyük səhv elədi, onu ora gətirən də böyük səhv eləmişdi. “Neftçi” imicli klubdur, orda onun adına uyğun futbolçular, məşqçilər olmalıdır. Bu, mənim fikrim deyil, aksiomdur.

- Öz yetirmələrinin klub üçün faydasını qabartdınız. Elə bu transfer dönəmində Araz Abdullayev, Elşən Abdullayev “Neftçi”ni tərk elədi. “Neftçi” niyə onları saxlaya bilmir?
- Vallah, bu məsələ mənə də qaranlıq qalır. Arada özümə sual verirəm ki, “Neftçi”də nə baş verir axı, niyə yetirmələri komandada qalmır?! Amma cavab tapa bilmirəm. Çünki klubun daxilində deyiləm. Ya rəhbərliklə, ya məşqçi ilə problemləri olub, bunu mən deyə bilmərəm. Elşənin, Arazın hansı potensialda futbolçular olduğunu bilirik. Klubda nə hadisə baş verib ki, onlar komandadan gediblər, demək çətindir. Əvvəl-axır bilinəcək və çempionatın axırında da görünəcək ki, hansı tərəf haqlıdır.

- Bir az da çempionluğa əsas namizədlər “Qarabağ”la “Qəbələ”dən danışaq. Bu iki klubun transfer fəaliyyəti barədə nə fikirdəsiniz?
- Normal. Bu iki komanda həmişə yaxşı transferlər edib. İndi də qış transfer pəncərəsinin ruhuna uyğun olaraq, 1-2 yeni futbolçu ilə boşluqları doldururlar. Məsələn, Elşən Abdullayevin “Qarabağ”a keçməsi. O, futbolçunu çox izləmişəm. Olduqca potensiallı uşaqdır. Məşqçilərin sözünü eşitsə, öz üzərində ciddi işləsə, yaxşı oyunçu ola bilər. “Qəbələ” də Arazı transfer elədi. Çox yaxşı seçimdir. Araz hazır futbolçudur. Bilirsiz ki, “Qəbələ”də yerli futbolçu azdır. Bu baxımdan da Qriqorçukun onu komandaya ötürməsi başadüşüləndir. Ağıllı addımdır.

- “Qəbələ”nin ardıcıl olaraq avrokuboklarda çıxış etməsini Araz Abdullayev üçün Avropaya çıxmaq baxımından da şans hesab etmək olar?
- Komandanın Avropada uğurlu çıxış etməsi, daim oynamsı hər bir oyunçu üçün şansdır. Uzağa getməyək, elə “Qəbələ”də Ozobiç var. Avropa Liqasındakı oyununu görüb milliyə çağırdılar. Bildiyimə görə, artıq millidə oyun da keçirib. Bu, Araz üçün də, o biri futbolçular üçün də bir nümunədir. Onun taleyi özündən asılıdır. İstedadlı, bacarıqlı futbolçudur. Əgər “Qəbələ”dəki ab-havaya uyğunlaşa bilsə, Avropaya da gedə bilər. Bir də ki, “Qəbələ”nin məşqçilər korpusu ona çox kömək eləməlidir. Əgər onu təkcə yerli futbolçu azlığını aradan qaldırmaq üçün dəvət ediblərsə, bu səhvdir. Məncə, Arazı, həm də ona görə dəvət ediblər ki, komandaya fayda versin, xaricə də getmək məsələsi ola bilər, yığmanın liderlərindən olmaq da və s. Əgər belədirsə, bu, başqa məsələ.

- Ağabala Ramazanovun adı uzun müddət “Neftçi” ilə çəkilsə də, sonradan “Qarabağ”a keçdi. Bir çoxları fikirləşir ki, “Qarabağ”da əsas heyətə düşməkdə çətinlik çəkəcək, “Neftçi”yə gedib daimi oynamağı seçməliydi...
- Ağabala da artıq özünü təsdiq eləmiş futbolçudur. Bu seçimi nəyə görə etdiyini bir özü bilir. Biz ancaq ona uğur arzulaya bilərik. Çünki bilirsiz ki, ölkədə yerli hücumçu çatışmazlığı var, belə demək mümkünsə, yox dərəcəsindədir. Ağabala da  millinin üzvüdür. “Qarabağ”da yaxşı oynasa, bu, bütün Azərbaycan futboluna xeyirdir. Onun üçün özünü həm “Qarabağ”a, həm də yığmaya layiq olduğunu sübut eləmək üçün yaxşı şansdır. “Qarabağ”dakı taleyi onun özündən, işgüzarlığından asılıdır. Qurban Qurbanovun sisteminə uyğunlaşa bilsə, uğur qazanacaq. Çünki “Qarabağ”la “İnter”in oyunu tamam fərqlidir.

- “İnter”dən söz düşmüşkən, komandanın transfer qadağası var və iki əsas heyət üzvünü əldən buraxdı. Belə vəziyyətdə 3-cü pillədəki mövqeyini qoruması nə qədər inandırıcıdır?
- Gələcək göstərəcək. Bu, komandadakı məşqçilərlə oyunçuların iş birliyindən asılıdır. Amma, əlbəttə, hiss olunur ki, “İnter” çox ağır vəziyyətdədir. Öz əsas heyət oyunçularını ora-bura verirsə, yaxşı hal deyil. Hələ bilinmir ki, yayda nə baş verəcək. Bu gedişlə, “İnter”də vəziyyət bir qədər də ağırlaşacaq.

- Aşağı pillələrdə qərarlaşan komandalardan yalnız “Neftçi” vəziyyətdən çıxmaq üçün fəaliyyət göstərir. Digər klublar isə, yeni oyunu cəlb emək bir yana, əllərində olanları da göndərirlər. Sonuncu pillədəki AZAL artıq 7 futbolçu ilə yollarını ayırıb...
- Biz bunu qəti olaraq nə iləsə bağlaya bilmərik. Bayaq da dedim ki, ölkə futbolunda əvvəlki pullar yoxdur. Ola bilsin, həmin komandaların da əsas problemi maliyyə məsələləridir.  Ancaq digər tərəfdən hansısa ortabab klubdan daha güclü komandaya futbolçu gedirsə, deməli, onlarda da nəsə iş gedir. Məsələn, Amit Quluzadə “Sumqayıt”dan yunan klubuna (“AEL Larissa” – red.) keçdi "Sumqayıt" üçün də yaxşı haldır. Qayda belədir də, alış-verişdir. Futbolçular da daha yuxarı səviyyəli klublarda oynamaq istəyirlər.

- Belə bir məlumat var ki, bu il Premyer Liqda klubların sayının artırılması ilə bağlı I Diviziona düşən olmayacaq. Aşağı pillələrdə qərarlaşan komandalar bəlkə buna arxayındılar?
- Bu məlumat hardandır, onu bilmirəm. Təkcə onu deyim ki, mən belə bir şey eşitməmişəm. Varsa da, xəbərim yoxdur.

Faiq Tahirov



oxunma sayı: 1099 | Paylaş:




?>