İlin son turu: ÖNBAXIŞ və STATİSTİKA
Paylaş:
Sabah Azərbaycan Premyer Liqasında ilin sonuncu - XIV turunun oyunları keçiriləcək. Bütün oyunlar eyni gündə baş tutacaq. Əvvəlcədən qarşılaşmaların 16 və 17 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulsa da, kubokun ilk ¼ final matçları ilə çempionat oyunları arasındakı vaxtın az olması səbəbiylə ayın 16-na planlaşdırılan matçlar da 17-nə keçirildi.
Mövsümün ilk yarısının son oyunlarına Qəbələdə start veriləcək. Bir tur əvvəl qalmaqallı qarşılaşmada məğlub olaraq zirvəni “Qarabağ”a verən “Qəbələ” “Kəpəz”i sınağa çəkəcək. Bu görüş təqvimə əsasən Gəncədə keçirilməli olsa da, meydanın ot örtüyünün durumu ilə əlaqədar (Gəncə şəhər stadionunun ardıcıl 2 oyun qəbul edə bilməməsi) oyun Qəbələdə baş tutacaq. Meydan sahibləri ötən tur əldən verdikləri liderliyi geri qaytarmaq üçün mütləq qələbə qazanmalıdır. Gəncə klubunun dekabrın 21-i baş tutacaq “İnter”lə kubok oyununa daha çox önəm verməsi bu qarşılaşmada Roman Qriqorçukun yetirmələrinin işini asanlaşdıra bilər. Ancaq “Kəpəz” qələbə sayəsində ili 4-cü kimi başa vura bilər.
Komandalar indiyə qədər ölkə çempionatları tarixində 13 dəfə qarşılaşıblar. “Qəbələ”nin aktivində 5, qərb klubunda isə 4 qələbə var. Eyni sayda oyun heç-heçə bitib. “Kəpəz” son 2 oyunda rəqib qapısına yol tapa bilməyib. Komandalar arasında son 9 randevuda is heç-heçə qeydə alınmayıb. Onlar sonuncu dəfə 2011-ci ildə Gəncədən hərəyə 1 xalla ayrılıb. Top fərqi 12:10 “Qəbələ”nin xeyrinədir.
Günün ikinci matçında “Sumqayıt” – “Zirə”ni qəbul edəcək. Əgər “Kəpəz” Qəbələdə uğursuzluğa düçar olsa, bu oyunun qalibi 4-cü pilləyə yüksələcək. Çempionatın son 3 turunda məğlub olmayan “Sumqayıt” uğurlu seriyanı davam etdirmək niyətindədir. Samir Abasovun yetrmələri, həm də, ölkə kubokunun ¼ final mərhələsində “Qarabağ”a qarşı alınan 0:6 hesablı məğlubiyyəti unutdurmalıdır. “Zirə” isə 3 oyunluq qələbə həsrətinə Sumqayıt səfərində son qoymaq əzmindədir.
Bu komandalar 5 dəfə qarşılaşıb. Üstünlük “Zirə”dədir – 3 qələbə. “Sumqayıt”ın 1 qələbəsi var, 1 oyunda isə qalib müəyyənləşməyib. Top fərqində də “Zirə” üstündür – 6:3. Komandaların son oyunlarında qol vuran qalib gəlir. “Sumqayıt” bu rəqiblə keçirdiyi 2 ev oyununda qola sevinməyib.
Turun digər qarşılaşmasında autsayderlər “Neftçi” və AZAL üz-üzə gələcək. Son kubok oyununda “Zirə”yə böyük hesabla qalib gələn “ağ-qaralar” çempionatdakı 2 oyunluq qələbə həsrətinə son qoymağa çalışacaq. AZAL isə artıq 17 oyundur ki, çempionatda qələbə üzü görmür.
Paytaxat derbisinin iştirakçıları indiyə qədər 31 dəfə üz-üzə gəlib. 15 dəfə “Neftçi”, 7 dəfə isə AZAL meydandan 3 xalla ayrılıb, 9 qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqində də Elxan Abdullayevin yetirmələri üstündür – 50:26. Komandalar arasındakı son 2 oyunda “Neftçi” 2 top fərqli qələbəyə sevinib. Maraqlıdır ki, “təyarəçilər” bu rəqib üzərində sonuncu qələbəsini ötən ilin 17 dekabrında qazanıb.
Turun mərkəzi oyununda “Qarabağ” “İnter”i qəbul edəcək. Qurban Qurbanovun yetirmələri həm qış çempionu olmaq, həm də qələbə seriyasını 7-yə çatdırmaq üçün qalib gəlməlidir. “Bankirlər” isə liderlərə yaxınlaşmaq iddiasındadır. “Qarabağ” zirvəni ötən tur əlindən aldığı “Qəbələ”yə geri qaytarmamaq üçün ən azı 1 xal qazanmalıdır. “İnter” isə istənilən nəticə ilə turnir cədvəlindəki mövqeyini qoruyacaq.
“Qarabağ”la “İnter” buna qədər 48 dəfə qarşılaşıb. Bu oyunların 21-də Ağdam, 11-də is Bakı klubu qələbəyə sevinib. Komandalar 16 dəfə 1 xala razılaşıb. Top fərqində “atlılar” 54:32-lik üstünlüyə malikdir. Komandaların son 4 oyununda meydan sahibi məğlub olmur. “Qarabağ” son 6 oyunda qol vurmağı bacarıbsa, “İnter” 4 qarşılaşmadır rəqib meydanında qol sevinci yaşamır.
| Paylaş: