')

Bu gün:


FutbolPress.Az | Danışılmış oyunlar: AFFA gizli araşdırır? (ARAŞDIRMA)

Danışılmış oyunlar: AFFA gizli araşdırır? (ARAŞDIRMA)


oxunma sayı: 1655 Paylaş:

FutbolPressAFFA ötən gün Azərbaycan futbolunda danışılmış oyun qalmaqalı barədə yeni siyahı dərc etdi. 22 noyabrda açıqlanan siyahıdan 15 ad çıxarıldı və 2 yenisi lavə edildi.

Ancaq prosesin gedişi, bu adların necə əldə edildiyi və əvvəlki siyahıdan çıxarılanların oyun alqı-satqısında iştirak etmədiyinin necə aydınlaşması gizli saxlandı. Məlum olan odur ki, dünyada hüquq mühafizə orqanlarının apardığı araşdırmaları Azərbaycanda AFFA-nın danışılmış oyunlarla bağlı xüsusi komissiyası həyata keçirir. Komissiyanın tərkibinin kimlərdən təşkil edildiyi isə açıqlanmır.

Bəs məsələnin detalları nələrdir? Bu proses necə baş verir? AFFA yanında danışılmış oyunların araşdırılması ilə bağlı komissiya məlumatları hansı üsullarla əldə edir. Futbolçu, hakim və klub rəsmilərinin şübhəli hesab edilməsi, yaxud şübhədən azad elan olunması üçün əsaslar nələrdir?

"FutbolPress" bu suallara cavab almaq üçün AFFA rəsmiləri ilə əlaqə saxladı.

Qurumun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bildirdi ki, prosesin detalları yalnız araşdırmalar tam başa çatdıqdan sonra açıqlanacaq: "Bu barədə araşdırmanın detalları məxfi saxlanılır. Bütün məlumatlar yalnız proses başa çatdıqdan sonra veriləcək. AFFA-nın bunu açıqlamamaq hüququ var. Komissiya məsələ ilə məşğul olur. Əgər yeniliklər olacaqsa, yeni adlar ortaya çıxacaqsa, bu barədə məlumat veriləcək. Bizə UEFA-dan yalnız I Divizion oyunları ilə bağlı məlumatlar daxil olub. Premyer Liqa ilə bağlı hər hansı şübhələr yoxdur".

Həmsöhbətimiz danışılmış oyunlarla bağlı komissiya üzvlərinin kimliyinin niyə ictimaiyyətə açıqlanmaması ilə bağlı sualımıza konkret cavab vermədi. Bildirdi ki, bu, bütün dünyada belədir: "Bütün digər məsələlər kimi bu da araşdırmaların yekunu zamanı açıqlanacaq. Dünyanın hər yerində belədir. Onların kimliyi gizli saxlanılır. Bunun üçün konkret səbəb yoxdur".

AFFA rəsmisi adların araşdırılmaq üçün birbaşa UEFA-dan gəldiyini və komissiya araşdırma apardıqdan sonra şübhəlilərin kimliyini İntizam Komitəsinə təqdim etdiyini söylədi: "Bu barədə məlumatlar UEFA-dan gəlir. Komissiyaya konkret oyunlarda dəqiqəsinə, saniyəsinə qədər məlumatlar verilir. Bundan sonra araşdırmalar aparılır. Bu barədə futbolçulara, adı siyahıda yer alan şəxslərə əvvəlcədən heç bir məlumat verilmir. Nəyə görə də verilməlidir?! Araşdırmalardan sonra əgər şübhələr davam edirsə, İntizam Komitəsinə təqdim edilir və onlar qərar qəbul edir. Yalnız bundan sonra adı şübhəli olanların bundan xəbəri olur".

Məsələnin hüquqi tərəfini öyrənmək üçün AFFA-nın hüquqşünası Rəmiş Malıyevlə əlaqə saxladıq:

O, da detalların açıqlanmamasının hüquqi əsası olduğunu bildirdi: "AFFA-nın bu barədə araşdırmalarını xüsusi komissiya həyata keçirir. Prosesin gedişi zamanı detallar açıqlanmaya bilər. Bütün araşdırmalar başa çatdıqdan sonra bu barədə mətbuata məlumat veriləcək". 

Hüquqşünasın sözlərinə görə, dünyada bu işi hüquq-mühafizə orqanları həyata keçirilir, ancaq Azərbaycanda bununla bağlı konkret qanunvericilik yoxdur. Bu baxımdan AFFA-nın öz bayrağı altında keçirilən yarışlarla bağlı araşdırma aparmaq hüququ var, cəza tədbirlərini də İntizam Komitəsi həyata keçirir:

"Azərbaycanda bununla bağlı konkret qanunvericilik yoxdur. Ancaq təklif edilib və yaxın zamanda qəbul ediləcəyi gözlənilir. Bütün dünyada bu işləri hüquq-mühafizə orqanları həyata keçirir. Ancaq bizdə konkret qanunun olmaması araşdırmanı AFFA-nın həyata keçirməsinə və hüquq-mühafizə orqanarının kənar qalmasına səbəb olur. Federasiya ictimai qurum olsa da, belə bir araşdırma aparmaq hüququ var. Çünki yarışlar bilavasitə onun bayrağı altında keçirilir. Cəzalandırma sisteminə gəlincə bu, birbaşa AFFA-nın intizam qaydaları çərçivəsində həyata keçirilir".

Faiq Tahirov


oxunma sayı: 1655 | Paylaş:




?>