')

Bu gün:


FutbolPress.Az | Bir oyunun min budağı (LAYİHƏ)

Bir oyunun min budağı (LAYİHƏ)


oxunma sayı: 1663 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi ilk layihə müsabiqəsində “İstənilən mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə “TPL klublarının media və ictimaiyyətlə əlaqələri: PR (public relations) prinsipləri” mövzusunda araşdırmaları davam etdiririk.

Bu dəfə məsələyə ajiotaja səbəb olmuş bir oyunun prizmalarından baxacağıq.

13-cü turun “Qarabağ” – “Qəbələ” qarşılaşması hələ əvvəldən maraqları pik həddə özünə çəkmişdi.

“İlin məşqçisi”, “İlin komandası” və s. seçimlərin yaxınlaşdığı ərəfədə sosial şəbəkələrdə məhz tərəzi kimi bu matça işarə edilirdi.

Oyun xeyli sürətli başladı. Gedişat taktiki gedişlərin və rəqabətin vacib rol oynadığını göstərirdi. Ta ki matçın sonlarına yaxın...

Hakimin yaratdığı fəsadların nəticəsinə bu videoda baxaq: https://youtu.be/xkZcmMspRmY

Sonra müzakirələr sosial şəbəkələrdə geniş meydan yaratdı. TV-də debatlar və s. Son illərdə ölkə çempionatında belə hərəkətliolik olmamışdı. PR (Public relations – ictimaiyyətlə əlaqələr) belə məqamları sevir. Mahir PR menecerinin əsas devizi: “mənə qığılcım göstərin, onu alova çevirim” – üçün münbit şərait yaranmışdı.

Belə məqamdan futbolun gəlirgətirən forma almasını təmin eləmək olarmı?

Tanınmış PR meneceri Vüqar Babanın fikriylə tanış olaq:

“Futbola faydalılıq yönündən baxsaq, hesab edirəm, oyun ətrafındakı ajiotaj Azərbaycan futbolunun imicini daha da aşağı saldı. Bəzi oyunların nəticələrinə AFFA tərəfindən müdaxilələr olunması görüntüsü yarandı. Bu, belə deyilsə belə, söz-söhbətlər bu cür fikrə “toxum səpdi”. Hakimlərin hansısa tapşırıqla işləməsi mesajları verildi. Ümumilikdə, hakimlik institutunun onsuz da az olan nüfuzunu bir daha zədələdi. Bu nüanslar azarkeşin futbola münasibətinə aşkar təsir edir.

Azarkeş toplamaq üçün böyük hadisələr lazımdı - UEFA-da çıxış kimi. Qarşılaşan tərəflərin hər ikisi Avropa Liqasındadı və ölkə çempionluğuna ən real iki namizəd də elə ikisidi. Onların qarşılaşmasında ortada zərərçəkmiş - "yaralı" bir "Qəbələ"  qaldı. Belə olanda azarkeşlərin qayğısı, diqqəti biraz arta bilər.

Bir də "daydaylı klub" imici qazandırılmış "Qarabağ"ın azarkeşləri. Burada klubun azarkeşləri ilə gördüyü işin  təsiri olacaq. Tərəfdarı  öz ətrafında toplaya da bilər və ya medianın basqısı ilə “utandırılmış azarkeşlər” növbəti oyuna nisbətən az gələ bilər.

Ancaq görünən budur ki, UEFA-dakı təmsilçilərimizin daxili “bazardan” faydalanmaq cəhdləri zəifdir. İstər ajiotaj olsun, istərdə də faydalanmaqçün münbit şərait”

Keçən araşdırmamızda bu məqam vurğulanmışdı. Tərəflərin PR kampaniyalarına başlaması müşahidə edilmir. Ümumiyyətlə, sanki hərəkətsizlik və ya hərəkətlilik olsun – bu klubları maraqlandırmır. Süstlüyün səbəbi?

Futbol şərhçisi Emin Abbasovu dinləyək: “Ajiotaj prizmasından yanaşsaq, bir vaxtlar “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmaları daha böyük marağa, daha böyük əks-sədaya gətirib çıxararırdı. Lakin nə stadiona gələn azarkeşlər, nə həmin matçlardakı diskussiyalar, nə də digər məqamlar qazanc üçün ciddi vasitə deyildi. Niyə?

“Futbolda qazanc” mövzusunda xeyli araşdırmalar aparmışam bu günə qədər və dəqiq qənaətə gəlmişəm ki, bizdə futbol heç bir halda biznes layihə ola bilməz. Bütün dünyada (aparıcı futbol ölkələrində) futbolda əsas 3 gəlir istiqaməti var – teleyayımdan gələn gəlirlər, stadiondan gələn gəlirlər və sponsorlardan əldə olunan vəsait. Ən ideal nümunə İngiltərə Premyer Liqasıdı. Artıq bu mövsümdən qüvvəyə minən müqaviləyə əsasən çempionatın yayım hüququ 8 milyard funt sterlinqə satılıb. Bu məbləğin 5 milyarddan bir qədər çox hissəsi daxili, qalanı isə xarici ölkələrə satışdan əldə olunur. Stadiondan gələn gəlirlə bağlı vəziyyət hamıya aydındı – bilet satışları, fan şoplar, qida satışları və s. Və nəhayət sponsorlardan gələn gəlirlərin özündə də bir neçə istiqamət var – texniki sponsor (adidas, nike və digər idman geyimləri istehsalçı şirkətlər, titul sponsorları (futbolkaların qabağında adı olan şirkət, onların sayı bir neçə də ola bilər) və stadionun adına yiyələnən sponsor. Bunlarla yanaşı digər vasitələr də ola bilər. Misal üçün, dünyada futbolçu satışı hesabına yaşayan klublar da az deyil.

Bütün bunlara nəzər saldıqdan sonra gəlin, bizim Premyer Liqaya baxaq. Stadionlara azarkeş gəlmir, amma gəlsə də maddi planda ciddi heç nə dəyişə bilməz. Ondan başlayaq ki, bizim vətəndaş hər həftə 1-2 manat verib bilet alacaq sosial duruma malik deyil. Digər tərəfdən “Qəbələ”, “Qarabağ” və “Neftçi”nin hər oyununda 1-2 manata bilet satışıyla büdcənin çox cüzi hissəsini doldurmaq olar. Avropada bilet qiymətləri təxminən 35 avrodan başlayır və 200-300 dollara qədər dəyişir. Sponsorlar isə klub saxlamaqda maraqlı deyillər. Çünki futbola yatırılan pulun geri qayıtması real deyil. Bunun üçün yalnız bir vasitə var – avrokuboklarda qazanılan gəlirlər. Ki, “Qarabağ” və “Qəbələ” məhz bunun hesabına qazanc əldə edirlər. Futbolçu yetişdirib satmaq olar. Ancaq bizdə yetişən futbolçunun real bazar qiyməti çətin ki böyük olsun...

Məsələ burasındadır ki, heç Rusiyanın özündə də futbol gəlir gətirən sahə deyil. Ona görə də, Premyer Liqadakı klubların bəziləri yerli icra orqanları tərəfindən maliyyələşir. Sponsorlar da bizdəki kimi nəyə görəsə klub saxlayırlar. Çünki yuxarıda qeyd elədiyim gəlir istiqamətləri onlarda da işləmir. Düzdü, azarkeşlər stadiona gəlir. Ancaq Rusiya klublarının büdcəsi böyük olduğundan qazancla klub saxlamaq olmur.

Bizdən fərqli Gürcüstanda tez anladılar ki, futbol gəlir gətirməyəcək. Ona görə də, orada artıq yeni mexanizm işə düşüb. Orada futbol federasiyası gələn ildən bütün klublara maliyyə yardımı ayıracaq (bizim pulla təxminən 600 min dollar). Bundan başqa bonuslar da nəzərdə tutulub ki, klublar daha çox qazanc əldə edə bilərlər. Yəni, futbol bizim kimi (Azərbaycan və Gürcüstan) ölkələr üçün ən yaxşı halda (mövcud reallığa görə) sosial layihə ola bilər, biznes yox”.


Prinsipləriniz bəlli olsun, istənilən halda, lazım olar. Lap dotasiya ilə ayaqda qalsa da, futbolun bu prosesin kənarında olması namümkündür.

Elçin Cəlilov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi  çərçivəsində hazırlanıb



oxunma sayı: 1663 | Paylaş:




?>