')

Bu gün:


FutbolPress.Az | İctimaiyyətə təqdimat: "Sumqayıt" FK (LAYİHƏ)

İctimaiyyətə təqdimat: "Sumqayıt" FK (LAYİHƏ)


oxunma sayı: 1400 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi ilk layihə müsabiqəsində “FutbolPress” “İstənilən mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə "TPL klublarının media və ictimaiyyətlə əlaqələri" mövzusunda qalib elan edilmişdi. İkinci dəfə eyni istiqamətdə layihəni icra edən saytımız bu dəfə "Sumqayıt" FK-nın media işini ictimaiyyətə təqdim edir.


2011/2012 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış edən, "Azərikimya" İB-nin təssisçisi olduğu "Sumqayıt" Futbol Klubu yarandığı gündən peşəkar futbol klubu kimi formalaşmağı qarşısına məqsəd qoyub. İlk cümləmizin layihəyə aidiyyatının olmadığını düşünmək olar. Lakin hansısa klubun strategiyasını və fəlsəfəsini bilmədən həmin təşkilatın ictimaiyyətlə gördüyü işi qiymətləndirmək doğru  olmaz. Ötən mövsüm 5-ci ilini başa vuran "Sumqayıt"  öz strategiyası ilə seçilib və bu layihə  3 prinsip əsasında yaradılıb. Klubun yaranmasında əsas məqsəd milli komandalar üçün futbolçu yetişdirmək, bu idman növünün Sumqayıt şəhərində yenidən bərpa olunması və ölkə xaricində yaşayan Azərbaycan əsilli futbolçuları tapıb üzə çıxarmaq olub.

Ən yeni tarixə qısaca nəzər saldıqda görürük ki, 2011-ci ildən klubumuz infrastruktur baxımından böyük problemlərlə üzləşib. Belə ki, ev oyunlarımızı keçirdiyimiz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun standartlara cavab verməməsi klub olaraq bizə, ən əsası da klubun mətbuat xidmətinə kifayət qədər problemlər yaradıb. Lakin Dövlət Neft Şirkətinin təşəbbüsü ilə 2013-cü ildə Sumqayıt şəhərində yeni futbol arenasının təməli qoyuldu və 2013-cü il sentyabrın 21-də yeni idman mərkəzinin açılış mərasimi baş tutdu. Xatırladaq ki, tədbirdə Azərbaycanda səfərdə olan UEFA-nın sabiq prezidenti Mişel Platini də iştirak etmişdir.

Mətbuat xidmətinin  əsas məqsədi və klubun rəsmi internet səhifəsi

"Sumqayıt" FK-nın Mətbuat xidməti olaraq, əsas məqsədimiz klubumuzla bağlı hər hansı suala cavab axtaran jurnalistin lazımi xəbəri əldə etməsini və bütün KİV nümayəndələrinin normal çalışması üçün şərait yaratmağı təmin etməkdir. Yeni yaranmış klubda problemlərdən qaçmaq mümkünsüzdür. İlk zamanlar yeni idman arenamızda mətbuatın çalışması üçün normal şərait yox idi. Lakin bu mövsümün əvvəlində KİV nümayəndələri üçün "Kapital Bank Arena"da media sektoru yaradıldı. Bundan başqa, oyunlar başa çatdıqdan sonra jurnalistlərin rahat çalışması üçün arenamızda xüsusi otaq da ayrılıb. Ümumilikdə, jurnalistlərlə ünsiyyətdə problemin olmadığını vurğulaya bilərik.

Hər bir klubun rəsmi internet səhifəsi həmin klubun güzgüsüdür. "Sumqayıt" Futbol Klubunun rəsmi saytı (sfc.az, sumqayitpfc.az) klub yarandığı gündən fəaliyyətə başlayıb. Sadə dizaynı ilə seçilən saytımızda klub adına hər məlumatı əldə etmək mümkündür. Rəsmi internet səhifəmizdə Sumqayıt şəhərindən tutmuş, klubun tarixi, şəhərin idman həyatı və klub haqqında hər bir məlumatı rahatlıqla əldə etmək olar. "Sumqayıt" FK-nın rəsmi saytında ən çox yer ayrılan hissə isə akademiyadır. Burada klubun aşağı yaş qrupları haqqında ətraflı məlumatlar əldə etmək mümkündür. Yəni, əsas və əvəzedici komandadan başqa, 10 oğlan (U-19, U-17, U-16, U-15, U-14, U-13, U-12, U-11, U-10, U-9), üstəlik iki qız komandasının (U-19 və U-13) üzvləri, təqvim və turnir cədvəlləri yerləşdirilib. Rəsmi saytda ən çox istifadə olunan bölümlərdən biri də fotoarxiv bölməsidir. Fəaliyyət göstərdiyi 6 il ərzində klubun fotoarxiv bölümündə 850-yə yaxın albom yerləşdirilib ki, bu da təxminən 15000 şəkil deməkdir.

tv.sfc.az və ya rəsmi internet televiziyamız

"Sumqayıt" Futbol Klubunun rəsmi internet səhifəsindən başqa, klubun media (video) portalı da yaradılıb. Video portal (tv.sfc.az) klubun rəsmi internet televiziyasıdır. 2011-ci ildən fəaliyyət göstərən video portalda hər mövsüm ayrılıqda arxivləşdirilib. Yəni, əsas və əvəzedici komandalarımızın oyunlarının video icmalları hər mövsüm üçün arxivləşdirilmiş və izləyicilərimizin ixtiyarına verilib. Video portalda əsas və əvəzedici komandalarımızın oyun icmallarından başqa, akademiyanın oyun icmalları, klubun keçirdiyi tədbirlər haqqında sujetlər, təşkil olunan turnirlər və layihələr haqqında videoçarxlar yerləşdirilib. Rəsmi internet televiziyamızda mütəmadi olaraq canlı yayımlar, hətta əsas komandamızın xarici toplanışları zamanı yoxlama görüşlərindən canlı yayımlar da təşkil ounub.

Ümumi layihələrin həyata keçirilməsi

"Sumqayıt" Futbol Klubu arxada qalan 5 il ərzində kifayət qədər ictimai aksiyalar və  müxtəlif layihələr həyata keçirib. Klubumuz hər il mövsümün başlanğıcında xeyriyyə və ümumi tədbirlərlə bağlı iş planı hazırlayır. Sponsorluq müqavilələrindən irəli gələn müddəalar əsasında müxtəlif tədbir və layihələr həyata keçirilir. Məsələn, "Sumqayıt" FK "Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC ilə bağlanmış partnyorluq müqaviləsinə əsasən, hər il Sumqayıt və onun ətraflarını əhatə edən 48 orta məktəbin şagirdlərinin iştirakı ilə "Futbol və Sağlam Həyat" adlı layihəni həyata keçirir. Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil almalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlam həyata yönləndirməkdir.

Bundan başqa, "Yay Futbol Düşərgəsi" layihəsi isə yay aylarında dərs ilinin yekunları ilə əlaqədar  Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edir. Hər iki layihə artıq 2 ildir ki həyata keçirilir.
"Sumqayıt" FK adları çəkilən layihələrdən başqa, "Access Bank Məktəbli Turniri", "Sumqayıt Kuboku", dövlət bayramlarında veteranlar və KİV nümayəndələri arasında müxtəlif layihələr də həyata keçirir.
Bu layihələri sadalamaqda əsas məqsəd isə məhz bu proyektlərin klubun mətbuat xidməti tərəfindən ərsəyə gəlməsini bildirməkdi.

"Zamanla bu problemləri də aradan qaldıracağımıza inanırıq"

"Yeni yaranmış bir klub olmasına baxmayaraq, bu sahədə hər şey ideal deyil. Görüləcək çox işlərimiz var. Sosial şəbəkələrdə aktivlik baxımından bəzi klublarımızdan geri qalırıq. Bunun da başlıca səbəbi işçi heyətimizin azlıq təşkil etməsidir. Lakin zamanla bu problemləri də aradan qaldıracağımıza inanırıq. Daim irəli getməyi qarşısına məqsəd qoyan "Sumqayıt" FK bu sahədə də irəliləmək imkanı verən planların üzərində işləyir" (Rəşad Məmmədov "Sumqayıt" FK-nın Mətbuat Xidmətinin rəhbəri)


“FubolPress” və “Sumqayıt” FK-nın birgə məqaləsi

Məqalə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə hazırlanıb*




oxunma sayı: 1400 | Paylaş:




?>