')

Bu gün:


FutbolPress.Az | Ostrava dramatikası (YAZI)

Ostrava dramatikası (YAZI)


oxunma sayı: 1440 Paylaş:

FutbolPressDÇ-2018-in seçmə mərhələsi:

San-Marino – Azərbaycan (0:1)
Azərbaycan – Norveç (1:0)
Çexiya – Azərbaycan  (0:0)

Birlər və sıfırlardan ibarət tablo... Qeyri-səlis məntiqmi?

Birlərin də, sıfırların da bədbəxt, zavallı futbolumuzda assosiasiyası bizə durmadan  Oser faciəsini xatırladırdı – 10:0.

Ancaq Ostravada o qara ləkəni unutduracaq sıfırların kombinasiyasına şahid olacaqdıq.  Azərbaycan futbolu üçün yeni rəqəm  zühur edəcəkdi – ilk üç oyunda 7 xal.

İstəyirəm, Həmid Herisçi tərzli  mistikaya baş vurum.

Norveçlə 1:0 nəticələnən oyun ayın 8-də olmuşdu. Bu rəqəmdən 1 çıxanda 7 edir (hazırkı xal),  bəs  üstünə 1 gələndə?
Bax, qazanılması arzulanan 1-in (xalın) qazanıldığı tarixin (8) üstünə 1 gəlib, alınan nəticədə - ayın 9-da yola düşdük. Biz bu 1-i (xalı) ayın 11-də qazandıq. 1-lərin kombinasiyasında 0-ların (0:0) nəticəsi ilə.
Toplamımız 3 oyuna, 7 xal. OSerdə basdırılan, sıfırlar və birdən ibarət rəqəmlərin həkk edildiyi “baş daşın”  “3” və “7”sini Ostravada yasla yox, təntənəylə qeyd etdik. O daşı yıxdıq, yerinə inam cücərdi, yeni nəfəs gəldi...

Bəli,  qeyri-səlis nəzəriyyə hazırdır. İnanmadığımız gerçəyə çevrilib... Birlərin və sıfırların iştirakında həm Şərq, həm Qərb numeralogiyasında müqəddəs sayılan rəqəmlərlə( 3/7). Oserdən Ostravaya qədərki müddətdə baş vermiş  OSiyek  faciəsini də unutduracaq bu rəqəmlərin mistik həll edəni  - sensey Prosineçki  qarşısında  “OS” deyəsi gəlir adamın...

***                     ***                     ***

Səfər müddətində Azərbaycandan proseslərlə maraqlananların ən çox diqqətdə saxladığı məsələlərdən biri də göydəykən  təyyarədə yaranan  nasazlıq idi. Ezamiyyətə gedən jurnalistlər, bir neçə azarkeş və milli “druijina”nı daşıyan uçaq burnunu havaya qaldırandan 20 dəqiqə sonra möhkəm səndələməyə başladı. Kapitan elan elədi ki, biz geri – Heydər Əliyev hava limanına qayıtmalıyıq. Təkərlərdən biri qınına qayıtmırdı...

Yanacaq çəni tam boşalmalıydı enməyimiz üçün. Bu da 2 saat çəkəcəkdi. Bu müddətdə biz Xəzərin göyündə uçmalıydıq.

Panika artmağa başlayırdı. Enişin asan olmayacağı zənn edilən idi. Bizimlə uçan azarkeşlərdən birinin dediklərindən mənzərə sizə daha da aydın olar: “Qardaşlar, mən bütün qitələrdə olmuşam. Dəfələrlə Amerikaya, Yaponiyaya – uzun məsafələrə uçmuşam. Hələ belə problem görməmişdim. Allah köməyimiz olsun!”.

Az sonra AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu biz tərəfə gəlib, “Xahiş edirəm, biz ensək, bu haqda heç kəs heç nə yazmasın. Təyyarənin texniki problemi aradan qaldırılmasa, digəriylə uçacağıq. Ostravaya çatmamış heç kəs bu haqda xəbər yazmasın”.

Narahatlıq və panika yayılmasın deyə edilən bu çağırışqarışıq, hər kəsdə bir gərginlik vardı və dayanmadan artırdı. Bir ara təyyarə sanki göyün yeddinci qatından yerə çırpıldı. O an biz illüminatordan baxanda dənizlə aramızdakı məsafənin lap az olduğunu gördük. Aerofobiyası olmayanlar başda olmaqla, hamı möhkəm sarsılmışdı...

“...Şükür! Problem aradan qaldırıldı. Yolumuza davam edəcəyik” – M. Nərimanoğlunun xoş xəbərindən sonra 20-25 dəqiqə sürən gərginliyimizin üstünə əlvan əhval gəldi. Bu dəfə kapitan elan vermədi, hər ehtimala, yenə nəsə ola bilər deyə, güman ki. Ancaq dərindən nəfəs alıb, kitab oxumağına, müsahibə götürməyinə, söhbət eləməyinə davam edənlər 4 saatdan sonra Ostrava hava limanına endilər...

***                     ***                     ***

Yerli vaxtla axşam 8-in yarısı mənzil başına çatdıq, müəyyən qeydlərimizi yazıb, şəhərlə tanışlığa çıxdıq. Bizi şəhərin ən gur yerinə aparacağını deyən taksiyə burdan deyirəm ki, hələ belə sükunət heç yerdə görməmişdim.

Bazar günü Avropada küçələr hərəkətsiz olur, bunu görmüşük, bilirik. Ancaq Ostravanın mərkəzində elə bir sakitlik, yoxluq hökm  sürürdü ki, çaş-baş qalmışdıq.

Publar, restoranlar belə, bağlanmışdı.

Birtəhər bir açıq pub tapıb, məşhur çex pivələrindən istədik. Nə “Kozel”, nə “Krusoviçe”, nə də digərləri. Yalnız “Rogester” vardı. Axı niyə?!

Qayıtdıq otelə, şəhərlə tanışlığı səhərə təxirə saldıq. Gecədən yağıb-kəsilən yağışdan səhər də təkrarlandı. Ancaq günorta günəşli idi. Günəş çıxmışdı, biz də gəzməyə çıxmışdıq.

***                    ***                     ***

Ostrava əhəmiyyətinə görə Çexiyada üçüncü böyük şəhərdi. Ancaq biz bu şəhərdə tez-tez çaş-baş qalırdıq. İctimai nəqliyyatda hökmdarlıq tramvaya məxsusdu. Nə avtobus gözə dəyir, nə taksilər çoxdu. Sən bu tində sosialist, kommunist  əhvallı bir şəhərdə olduğunu hiss edəcəksən, ancaq dalanı aşıb, digər tərəfə aşanda elə bil hi-tech üslublu tikililərdən qurulmuş bir şəhərcikdəsən. Havası tez-tez dəyişir və həm hava, həm şəhərin aurası insana möhkəm təsir edir.

Üstəlik, Çexiyadasan, dünyada məşhur pivə ölkəsində. Ancaq bizə tanış pivələri maraqlandığımız heç bir pubda görməmək bir yana, şəhərin yarıdan çox pivəxanası irland adları daşıyırdı. Ya da Havana. İrlandiya və Kubaya olan rəğbətin səbəbi isə aydın olmadı. Çünki buna söhbətləşdiyimiz heç bir ostravalı da izah verə bilmədi.

Əhvalımızla “oynayan” bu şəhərə hirsimizi adına qoşduğumuz lağlağılarda çıxarırdıq. Həmkarımız Elnur Həmidov inad elədi ki, Ostrava zooparkına gedək.

Hə, bax, bu iş oldu, alındı! Möhtəşəm oldu. Həm park, həm bütün qitələrdən canlılar və təbiət təsvirlərinin yaradıldığı, mükəmməl formaya salındığı bir zooparkda keçirdiyimiz 3 saatdan çox vaxtın bizə verdiyi zəngin təəssürat Ostravaya olan isterik zarafatlarımızı, “Əhsən!”lə əvəzlədi. Bu haqda sizinlə daha ətraflı bir məqalədə görüşərik. Oyuna az qalıb, biz otelə qayıdıb, stadiona çıxış üçün hazırlaşmalıyıq.

***                     ***                     ***

Dünən (10 oktyabr), oyunqabağı mətbuat konfransında Robert Prosineçki özü yaratdığı ənənsinə sadiq qalaraq meydana çıxacaq start 11-liyi açıqladı. Heyətlə bağlı, hardasa, 2, ya 3-cü sualda belə bir cavab verdi: “Ola bilər, siz inanmırsınız, ancaq bu komandaya inanmaq lazımdır. Uğuru inam gətirir. Mən bu işə yeni başlayanda da demişdim, Azərbaycanda istedadlı futbolçular var, sadəcə, onların potensialından doğru istifadə eləmək lazımdır. Ən əsası, onlara inanmaq, özlərinə əminlik aşılamaq gərəkdi”.

***                   ***                       ***

Oyuna 7-8 saat qalmış kapitan Rəşad Sadıqovun startda meydana çıxmayacağı məlum olur. İnam məsələsi sarsılmasın-neyləsin....

Onu zədədən yeni qayıtmış, formasını bərpa eləməkçün hələ bir müddət lazım olan  Bədavi əvəzləyəcəkdi.

Oyun çox sürətli başladı. Bəli, gözlənilən kimi – çexlərin təklif elədiyi sürətlə. Yerli jurnalistlər Yarolimi divara dirəmişdilər – “Azərbaycana məğlubiyyət bilirsiniz də nə deməkdir?!”.

O, 4-4-2, Prosineçki isə 4-5-1 taktiki düzülüşünü seçmişdi.

Müasir futbol şablonları göstərir ki, mister Robertin seçdiyi sxem opponentinkinin seçiminə qarşı çox vaxt üstünlük yaradır. Ancaq əldəki material da gərək buna uyğun ola...

***                     ***                     ***

Oyun  zamanı çex azarkeşlərin əsəb gərginliyinə mübtəla olmasından maraqlı nəsə olmadı. Taktiki cəhətdən çox doğru yanaşma edən mister Robertin qazandrdığı xal qədər maraqlı nə ola bilər ki...

Biz qrupda Almaniyadan sonra – ikinciyik. Az əvvəl Yoahim Löv açıqlama verib: “Azərbaycan qrup ikincisidir. Bu komandayla martda görüşümüz var. Həmin qarşılaşmanı qrupun top-oyunu hesab edirəm”. 

Bu əhavalatı “Ostrava dramatikası” adlandırıram. Bu şəhərin mistik ab-havasını heç vaxt unutmayacam.  Bizi bir ay sonra Şimali İrlandiya ilə oyunda Lövün təsvir və tərif elədiyi Azərbaycan komandasını görmək arzusuyla - niyə də yox?

Elçin Cəlilov

Bakı - Ostrava - Bakı




oxunma sayı: 1440 | Paylaş:




?>