')

Bu gün:


FutbolPress.Az | Elxan Abdullayevin etirafları və həqiqətlər (YAZI)

Elxan Abdullayevin etirafları və həqiqətlər (YAZI)


oxunma sayı: 1312 Paylaş:

FutbolPress“İnter”ə qarşı hesabda önə keçdiyi matçı uduzan “Neftçi”nin (1:2) şokdan ayılmadığı aydındı, ayılmasına nə qədər qaldığı da naməlum. Gözləntilərin fonunda baş məşqçidi və ona ümid az deyil. Oyunsonrası mətbuat konfransında dedikləri  də ona inanıb-inanmamaq üçün əsas arqumentlərdən olar...

Abdullayev konfransa komandasına təşəkkür eləməklə başlayıb, şablon nəzakət simvolikasını yerinə yetirdi: “Uduzsaq da, komanda bacardığını eləməyə çalışırdı. Əsas budur. Artıq onlar meydanda başqa cür görünürlər”.

Abdullayevin ilk və net qeydi isə belə oldu: “Bu gün protokola 14 futbolçunu salmışdım. Yoxdu başqa elə biri ki, siyahıya salım. Nə də əvəzedici heyətdə buna hazır olan biri görünmür gözümə. Gərək bir müddət də izləyim”.

- Burda vacib haşiyə. Axı bunadək “Neftçi”nin idarəçiləri heç bir vəchlə heyətlə bağlı narahatlıqları yaxına buraxmırdı, ümumiyyətlə, klubun heç bir probleminin olmadığını israrla bildirirdi. Müşahidə Şurası da, məşqçilər korpusu da, idarəçilər də...

İndi Abdullayevin etirafındakı absurd vəziyyətin məsuliyyəti kimin, kimlərin üstündədir?

Bəs Rumıniyadan gətirilən, hay-küylə təqdim edilən yeni transfer? “Qızdırması var, oynaya bilmir” – ironik yanaşma mimikalarında hiss olundu yeni baş məşqçinin...

Bəs Müşahidə Şurası medianı, azarkeşləri suçlayıb, klubu aydınlığa çıxardıb, şəffalığın pak olduğuna bağıracaq həddə ətrafa bildirəndə bu “həqiqətlərdən” bixəbər idi?

Bu suallar axı sizin iflasınıza bağırır. Hardasınız?

Axı hər transferdə diqqətlə davranırdı klub, bunun üçün xüsusi seleksiya qrupu qiymət verirdi, bütün funksional şəxslər razılıq verirdi, sonra transfer reallaşdırılırdı. Hanı bəs? Ortadakı problemlər hardan qaynaqlanırmış?

Hərəsi qaçıb, bir yanda gizlənib. Danışan, məsuliyyətə cəlb olunan yox...

***               ***               ***

Elxan bəy sonra dedi ki, hələ öz komandasını yığmalıdır. Bununçün də qış transfer dönəminədək (dekabr) səbr eləmək gərəkdir. Onadək komandanın uğursuzluqlarında onu günahlandırmağı normal qarşılamayacağını dedi və hardasa haqlıdı. Bəli, onun yığdığı komanda deyil.

Ancaq yığılan komandanın da uğurlu olacağı qarant deyil. Və s.

Abdullayev sona 5 dəqiqə qalmış Jayronu məcburi oyundan çıxardı. Elə həmin mövqedən “İnter” çoxdan qol üzünə həsrət Rauf Əliyevlə ikinci dəfə fərqləndi.

Biz bunu Abdullayevin inisiativ hissiyatının zəifliyinə calayıb, məşqçi bacarığına şübhə də qondara bilərdik, konfransda dedi ki, Jayro əzələsini dartmışdı və məndən əvəzetmə istədi. Deməli. məcburi addım...

Ehtiyat skamyası məhdud ölçüdə, futbolçuların hazırlıq səviyyəsi də normal deyil.

Sağ ol düşür Abdullayevə. Açıq bildirdi ki, Jayronun azı 8 kq artıq çəkisi var. Başqa çox oyunçunun da fiziki hazırlığı yaxşı deyil. Onlar sona yaxın əzələsini dartır.

Bəli, bu, hiss olunurdu, hər dəfə qeyd olunurdu. Ancaq nə Vəli Qasımov tənqidləri yaxına buraxır, yaxud yaxına buraxsa da tənqiddən nəticə çıxarır, nə də rəhbərlik bir problemin olduğunu etiraf edirdi. Görünənsə odur ki, “Neftçi”də komandanın psixoloji sınmasından başqa, fiziki hazırlığı da pis durumdadı və komanda rəqibin təzyiqi qarşısında heç nə edə bilmir.

Abdullayevin qarşısında uzun zaman və gərgin iş rejimi olacaq. O, baş məşqçi postunda elə təcrübəli sayılmaz, ancaq mütəxəssis yanaşması var, bu, dəqiqdir. Fikri kimi, yolu da açıq olsa, süni əngəllər yaradılmasa, Abdullayevin “Neftçi”ni böhrandan çıxaracağına şübhə yeri görünmür. Bir daha vurğualamaq lazımdır - əngəllər olmasa...

Elçin Cəlilov


oxunma sayı: 1312 | Paylaş:




?>