')

Bu gün:


FutbolPress.Az | “Neftçi”: yeni təyinatlardan nə gözləyək? (YAZI)

“Neftçi”: yeni təyinatlardan nə gözləyək? (YAZI)


oxunma sayı: 935 Paylaş:

FutbolPress“Neftçi”də Müşahidə Şurası idarə üsulu yaradılandan komandanın nəticələri xoş olmurdu. Müstəqillik dövründə komandanın hələ belə ağır periodu olmamışdı. Şuranın nəticələrə birbaşa aidiyyatı yoxdu, ancaq həm də var. Söhbətimizdən ayrılmayın, bir-bir  nəzərdən keçirək.

Ötən mövsümü 6-cı pillədə başa vurub, “İnter” və “Zirə”nin avrokuboklara məlum məsələlər üzündən vəsiqə ala bilməməsinə görə AL-də iştirak hüququnu, bir növ, “müftə” əldə eləyən “Neftçi” ordakı performansı ilə də narazılığa səbəb oldu.

Klubun yeni üsul-idarəsinin ilk dönəmində mətbuatda açıqlamaları çox idi, canfəşanlıq aşkar görünürdü. Ancaq sonradan səngimə oldu – nəticələr pisləşdikcə...

***               ***               ***

Hələ mövsüm sonunda, ən pis halda, avrokubok uğursuzluğuna görə istefa verməli olan klub idarəçiləri, gözlənən addımı atmadı.

Nəhayət, “Qəbələ”yə 0:8 hesablı məğlubiyyət “tektonik çatların” fəsadlarını aşkara çıxardı.

Dünən isə İcraçı direktor Elnur Məmmədov, baş məşqçi Vəli Qasımov və Məmmədovun idman məsələləri üzrə müavini (Qəribə vəzifə - red.) Mübariz Xudiyev istefaya göndərildi.

Onların yerinə - icraçı direktor postuna  Elnur Eyvazov təyin edilib. Baş məşqçi işi Elxan Abdullayevə həvalə olundu. İdman direktoru vəzifəsini  isə Orxan Hüseynzadə icra edəcək. Mübariz Xudyevin vəzifəsi ləğv edilib, istefaya göndərilən Vəli Qasımovun baş məşqçiliklə yanaşı icra etdiyi idman direktoru işi isə artıq ayrılıqda fəaliyyət göstərəcək.

Beləliklə, nəzəri diqqət yetirək – bu addımları klubun adlandırdığı kimi - “islahat” hesab eləmək olarmı?

Konkret cavablar verməkçün çox tezdi. Ancaq islahatın tərifi budur: irəliyə, inkişafa yönəlik atılan addım. Bu dəyişkliklər irəliyə aparacaqmı? Bizə əminlik verən nüansları görməkçün mikroskopa ehtiyac hiss edilir...
Ən əvvəl baş məşqçi dəyişikliyinə baxaq. Çünki klubun dilini qısaldan, azarkeşləri küsdürən amil nəticələr idi. Elxan Abdullayevin Azərbaycan futbolunda adını gurlaşdıran əsas detal, hələ ki, onun rəhmətlik Ruslan Abdullayevin oğlu olmasıdı. Məşqçi kimi bu qəlibdən çıxmayıb, fenomen formalaşdırmayıb. Abdullayevin məşqçi işi və fantaziyalarının nədən ibarət olmasını isə görmək, bilmək şansımız o qədər olmayıb. Millidə, və s. klublarda əsasən baş məşqçinin köməkçisi olub. Yalnız bir dəfə “dirijor” qismində AZAL-la davam edib, o yol da elə uzun və baxımlı təsir bağışlamayıb.

Bir növ, gənc  mütəxəssisin “qabında nələrin olduğuna” bələd olmaqçün onun “Neftçi” kimi  “episentrdə” nələrisə bacaracağı bir az riskli, qayğılı görünür. Hərçənd, sıçrayışa da inanmaq olar. Təki “second hand” olmasın. Müsbət meyraları sadalaya bilərik, başda onun qətiyyətli, qərarları müstəqil verməsi və s.

***               ***               ***

Digər iki təyinat isə Azərbaycan futboluna tanış sima deyil. Orxan bəyin AFFA-da müxtəlif vəzifələrdə çalışdığı bilinsə də, onun idman direktoru kimi məsul və ağır işin öhdəsindən gələcəyi, deyərdim, hətta həsrətlə gözlənir. Bu vəzifə bu sahənin spesifikasına bələd olmağı vacib edir. Yəqin ki, Müşahidə Şurası bunaqədərki buraxılan təyinat səhvlərini  bu dəfə təkrarlamamaq üçün diqqətlə seçim edib. Həm də Orxan bəyin özünə güvənib bu işə qol qoyduğuna inanmaq istəyirik.

İcraçı direktor, yəni hazırkı idarəetmə strukturunda ən vacib fiqur, klubun aparıcı qüvvəsi vəzifəsinə təyin edilən Eyvazovun isə futbol təsərrüfatına yaxından-uzaqdan tanışlığı yoxdu. Onun reklam industriyasında mütəxəssis olduğu bildirilir. Bir növ, göndərilən Elnur da menecment, reklam və bu tip işlərdə ixtisaslaşmışdı, gələn Elnur da. Ancaq yeni Elnurun klubu doğru istiqamətə yönəldə biləcəyi gözləntiləri zamana bağlıdı.

Əslində, eks-icraçı direktorun gördüyü iş elə nöqsanlı deyildi. Yəni onun dövründə “Neftçi” daha çox klublaşdı. Müxtəlif biznes layihələr, kiçik də olsa  menecment cəhdləri oldu və s.

Sadəcə, onun Vəli Qasımova qoşulub, futbolçu axtarışı üçün ora-bura getməsi işləri korlamışdı. Mənasız, rabitəsiz, dəxlisiz gedişləri, “burun soxmaları” və s. xoşagəlməz “tryukları” olmuşdu. Onu hədəfə gətirən də, demək olar, bu məqam(lar) oldu.

***               ***               ***

Klubda ən samballı vəzifədəsənsə, səni seleksiya işlərinə cəhd eləməyə nə vadar edər ki? Hansı iştah, hansı məqsəd?

Həm də Məmmədovun siyasi gedişlərində yanlışlıqlar olmuşdu. Kulisdən sızan məlumatlarda onun Çingiz Abdullayev vasitəsiylə Elşad Nəsirova yaxınlaşdığı və dolayısıyla AFFA baş katibi postuna getmək istəyi sezilmişdi. Bundan duyuq düşən Elxan Məmmədov AFFA-dan xeyir-duası ilə yola saldığı dostu Elnuru bərk “cəzalandıracaqdı”...

...Onların ittifaqı pozulmuşdu. Elxan – Elnur qarşılıqlı rəğbəti, inamı  sarsılmışdı. Hətta onların digər dostu, “Sumqayıt”lı Kamran Quliyev də başdan aşan iddiasına, bir növ xəyanət niyyətinə görə Elnur Məmmədovdan soyumuşdu.

Elnurun gec-tez “Neftçi”dən gedəcəyi bu məsələlərə görə çoxdan məlum idi və mövzunu daim diqqətdə saxlayıb, öyrəndiklərimizi sizə çatdırırdıq.

Onun mediada persona-non-qrata həddində təqdimatı da davranışlarından qaynaqlanırdı. Bir yandan peşəkarlıq, şəffaflıqdan hamıdan çox danışan Elnur bəy media layihələrdə ilklər elədiyini iddia eləsə də, çox klubun əməkdaşlıq üçün seçdiyi partnyorlarda qərəzli olduğu özünü büruzə verdi. Dediyi ilə etdiyi uyuşmadı və s.

İş elə gətidi ki, Elnur yenidən AFFA-ya qayıtmaq şansını da itirdi. O, futbol təsərrüfatına bir də çətin dönə. Obrazlı təsviri isə belədir: “özünü bitirən kadr “.

***               ***               ***

“CBC Sport”da “Neftçi”nin vəziyyətinin müzakirə olunduğu “Üçüncü hissə” verilişində Müşahidə Şurasının üzvü Səməd Qurbanovun tez-tez “Şuranın bu işlərdə günahı yoxdu”, “Qasımova ilk gündən demişdim ki, bu işə qol qoyursan, sənə çətin olacaq”, “Transferlərdə mənim fikrim, şuranın fikri nəzərə alınmayıb” kimi fikirləri aşkarladı ki, nə qədər “maskalamağa” çalışsa da, bu idarəçilikdə ciddi çatlar var imiş. Bəhram Bağırzadənin simasında olanlar qarşısında reaksiyalarındakı səhvləri də bu işlərin kuliminasiyası oldu. Haşiyə: Bəhram byin bəyanatındakı media ilə bağlı nöqsanlı qeydinə görə hələ də üzr istəmədiyi diqqətimizdədir...

...Həmin Müşahidə Şurasıdır. Bu təyinatları da uğursuz çıxsa, komandanın nəticələrində yüksəliş olmasa, bu dəfə hədəfə ən əvvəl elə şura gətiriləcək.

İnanırıq ki, ən əsası, inanırlar ki, doğru seçim ediblər. Müşahidəni isə təkcə şura yox, hamımız edirik...

Elçin Cəlilov


oxunma sayı: 935 | Paylaş:




?>