')

Bu gün:


FutbolPress.Az | Bəhram Bağırzadənin bəyanatına sözardı (YAZI)

Bəhram Bağırzadənin bəyanatına sözardı (YAZI)


oxunma sayı: 1923 Paylaş:

FutbolPress“Neftçi”nin 0:8 hesablı nəğlubiyyətindən sonra kluba qarşı sərt tənqidlər artıb. Klubdan reaksiyalar isə hələ ki ənənəvi formadan fərqlənmir.

Məsələn. Flavinyo, Stamenkoviçin ifşa tonundakı açıqlamalarına klubun Müşahidə Şurasındakılar olmasa da, onların dostları reaksiya verir. Bir az gülməlidi.

Şuradakı dəyərli insanlardan biri də Bəhram Bağırzadədi. O da axına qoşuldu. Az əvvəl  “facebook”da bəyanat yayıb, belə bir reaksiya verdi. Reaksiyası ilə tanış oldunuzsa, keçək, onun fikirləri üzərində müəyyən gəzişmələrə.


Bəyanat belə başlayır: "Biz Sizə bildirmək istəyirik ki, Sizi aldadırlar. Klubumuza qarşı kampaniyalar hələ ötən ildən başlamışdı".

Açıq işarə. Ötən ildən başlamışdı o deməkdir ki, bu, sistemli işdir. Sistemli iş də hardan gələ bilər? Az əvvəl bu haqda geniş məqalədə detallara baş vurmağa çalışmışdıq.

Bəli, keçmiş rəhbər Sadıq Sadıqov nəzəri hədəfə gətirilib. Ancaq indiki rəhbərlik heç cür o düstürü tapa bilmir ki, Sadıqov bu qədər pisliklərlə necə o boyda nəticələri qazana bildi, indikilər şəffaflıqla heç nə edə bilmir (?!).

Digər sitatlara keməzdən əvvəl bildirək ki, Bəhram bəyin kifayət qədər haqlı olduğu məqamlar var. Ancaq ümumilikdə mətni qəbuletməz edən odur ki, o, proseslərin içində olmayan biri kimi yanaşıb və hiss olunur ki, birtərəfli informasiyalarla kifayətlənib.

Davam edək…

“Buna qədər "Neftçi”dən aybaay minlərlə dollar rüşvət alan jurnalist və saytlar əks mövqe nümayiş etdirməyə başladılar. Klub tərəfindən verilən aylıq rüşvət dayandırılan kimi bu jurnalistlər təşkilatlanmış şəkildə "Neftçi”yə qarşı məqalələr yazmağa başladılar. Bunun müqabilində klub samballı saytlarla əməkdaşlıq etməyə başladı”.

- Bəhram bəy, o, rüşvət deyil. Hazırda sizin gördüyünüz bütün, diqqət edin, bütün elektron KİV-lər o “rüşvətlə” fəaliyyət göstərir. Baxır, hansı KİV o pula görə mumlayır, hansı isə həqiqətləri yazmaqçün fəaliyyətdədir. Bunu incələmək isə peşəkar və ədalətli bələdçi tələb edir. Başqa formada desək, diqqətli olun. Siz bu iddianın mahiyyətini anlamadan yazmısız, ya necə - özünə və peşəsinə hörmət qoyub, çətinliklə də olsa saytın fəaliyyəti üçün çabalayan bizlərə qarşı ciddi səhv buraxırsınız. O puldan indi də ayrılır. Bir neçə sayta və qəzetə. Sizin böyük və ədalətli hesab etdiyiniz KİV-lərdirsə, buyurun, açıq debat təşkil edin, şəffaflıq naminə ortaya qoyaq həqiqətləri. Ümumiyyətlə, bu mətni Bəhram Bağırzadə yazıbmı dəqiq, hörmətli Bəhram bəy? Siz azad medianın şəraitsizliyindən də bilməmiş olmazsınız, olanların ümumiyyətlə, sistemdən qaynaqlandığını da... Siz nəyə görə medianı alçaltmalısız? Alçaqlarla qarşılaşmısınızsa, bunu ümumi mediaya nə dəxli?

Sonra qeyd edirsiz ki, az sayda böyük saytla əməkdaşlığa davam etdik. Onda elə çıxır ki, hələ də rüşvət verdikləriniz var? Bira az məntiq, başqa heç nə…

Bir haşiyə çıxaq, mütləq sizə maraqlı gələcək. Yeni rəhbərlik gələndə əksər idman KİV-nə verilən reklamlar dayandırıldı. Bir neçə ay ərzində təmkinini qoruya bilməyən irili-xırdalı xeyli KİV ortaya çıxdı. Bunu siz “Neftçi”nin mətbuat xidmətindən dəqiqliklə öyrənə bilərsiz.

Sonra Elnur Məmmədovun təşəbbüsü ilə bir-iki, daha sürətli şantaja keçən sayta da reklam verildi/bərpa edildi. Bununla da klubunuzun şəffaflıq prinsipinə kiçik bir çat düşmüş oldu.  Bunu da dəqiqləşdirə bilərsiz, çünki şəffaflıq gözəl bir şeydir, ancaq hər şeyi açıq danışmaq şərtiylə. 

"Nə Samir Əliyevə, nə də Əsgər Abdullayevə işləməyə imkan vermədilər. Biz onları müdafiə etmək istəsək də, sifarişli yazıların təsiri altına düşən azarkeşlər onların dərhal qovulmasını tələb etdi”.

- Doğrudanmı hər şey bu qədər bəsitdi? O məşqçilər istədiyi heyəti qura bilmədiyi üçün narahat və narazı idilər, Bəhram bəy, azarkeşin istefa çağırışına görə yox. Yəni rəhbərlik onlarn arxasında qalmadı.
Həm azarkeşin hər istefasından sonra məşqçi gedir? Hardan çıxardınz bunu? Bu rəhbərlik məşqçilərin arxasında qalmadı. Bundan əvvəlki idarəçilər belə məqamlarda məşqçi, kapitan, mətbuat xidməti, idarəçilər  - böyük heyətlə mətbuat konfransı keçirərdi, açıq sual-cavab olardı. Sizin məşqçilər, rəhbərlik isə nəinki konfrans, heç adi telefon zənginə cavab vermir, müsahibədən qaçır. "Where is şəffaflıq?"...

“Bundan başqa azarkeş toplumunu təmsil edən bəzi şəxslər bizə xəyanət etdi. Klubdan böyük maliyyə dəstəyi alan bu sıravi azarkeşləri də aldatdılar. Azarkeş toplumunu inkişaf etdirmək məqsədi ilə klubdan pul alan şəxslər komandaya qarşı məqsədli etirazlar və çıxışlar təşkil etdi. Əgər ehtiyac olarsa biz bu şəxslərin adlarını siyahı şəklində açıqlaya bilərik”.

- Bilərik? Axı nəvaxtadək işarələrlə danışacağıq? Kimlərdir kluba pul atan – açın, bildirin. Siz bu tərz açıqlama ilə şəffaflıq məqsədi güdmürsüz, hay-küy qopardanları susdurmaq yolu tutursuz. Bir növ, şantaja qarşı təhdid taktikası… "Ehtiyac olarsa" nədir, bundan ağır nə olmalıdır ki, ehtiyac olsun? İndi də olmayacaqsa, haçan olacaq?

“Nəticədə əsas komandanın oyunu hazırki səviyyəyə endi. Komandaya gələn futbolçular açıq-aşkar məşqçilərin "ayağının altını qazmağa” başaldı”.

- Ohaa… Siz nə danışırsız?
Yuxarıda medianı suçladız, burda da komandanın nəticələrinin pisləşməsinə görə kluba pul atan işbaz azarkeşləri. Bu nə yanaşmadır?
Bəhram bəy, “Neftçi”nin idarəçiliyinə sahiblənmək istəyən bir neçə qüvvə var. Dava onların arasındakı davadır. Siz məsələnin radiusunu kiçildib, azarkeş, media həddinə salırsız.
Necə məgər, bu proseslər pisləşdirdi komandanın nəticələrini? Anlaya bilmədik, bəs transfer ediləndə buna tək baş məşqçi yox, bütünlükdə klub idarəçiliyi qol çəkirdi axı. Bu qədər insanın seçimiylə gələn futbolçular necə olur ki, baş məşqçinin “ayağının altını qazır”. Kiminçün, nəyə görə, hansı məqsədlə?

Əgər "Neftçi”də hər şey belə pisdirsə necə olur ki, əvəzedici komandamız ölkə çempionatında ilk pillədə qərarlaşıb. Necə olur ki, bizim yeniyetmə və uşaq komandalarımız müxtəlif yaş qrupları üzrə çempion olur və mükafatlara yiyələnirlər”.

- Əzizimiz, fəxrimiz, XX əsrin çempionu Bəhram Bağırzadə! Onun buna nə dəxli? Bir ara çempionatın sonuncu pilləsində olan “Rəvan”ın aşağı yaşlıları liderlər qrupundaydı, həmçinin “Sumqayıt”ın dublu və s. Axı 0:8 uduzan əsas heyətin problemlərinin müzakirəsinə bu qədər kənar detalları, aidiyyatı olmayan mövzuların soxuşdurulması nəyə lazımdır?

“Əziz azarkeşlər! Sizi sadəcə aldadırlar! Əsas komanda "ağır yaralanıb” və yenidən qurulacaq. Amma aldadılmağınıza imkan verməyin! Bizi tutduğumuz yoldan sapdırmaq istəyirlər. Bir çox insanlar istəyir ki, bahalı legionerlər cəlb edib onlara və agentlərinə pul qazandırsınlar”.

- Bəli, tamamilə haqlısınız! Ancaq o cür işbazların digər klublara soxulmaq cəhdləri də yox deyil. Niyə onlarda fəsad olmur, “Neftçi”də olur? Bəlkə bunu araşdırasınız?

“Biz bu komandanı sizdən az sevmirik amma bu yoldan da dönməyəcəyik. Sadəcə səbr edin və inanın ki, biz doğma "Neftçi”mizin ruhunu qaytaracağıq. Çirkin əllərin bu kluba yaxınlaşmasına imkan verməyəcəyik! Təxribatlara uymayın”.


- Bəli, təxribatlar yox deyil və doğru çağırışdır. Ancaq Müşahidə Şurası bunadək azı iki dəfə də belə bəyanatla çıxış edib. Hərçənd, komandanın, klubun işləri irəli getmir, hörmətli Bəhram bəy. Bəs geridə qalan ilyarımdan çox müddətə görə məsuliyyət harda qaldı? Ona qalsa, qonuşumuz, “stavka””xəstəsi” Əjdər dayı da “Neftçi”ni bu cür, hələ bəlkə daha yaxşı idarə edərdi də. Dalbadal məşqçi dəyişikliyi, çempionatda pis nəticələr və s. Bunuçün şuraya, aşuraya nə hacət?

“Əgər bizim getməyimiz sevimli klubumuza xeyir verəcəksə biz getməyə hazırıq. Amma biz bu klubu futbol işbazlarına və transferlərdən pul qazanma istəyənlərin ümidinə qoymayacağıq. Bizim hər birimiz bütün xərclərin tam şəffaf olmasına ləyaqətimiz və adımızla cavabdehik. Biz sevimli komandamız üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

- Xeyr, sizin (hazırkı şuranın, idarəçilərin - red.) getməyiniz klubun xilasına dəlalət eləmir. Ancaq şəffaflıq barədə gurultulu çıxışınızın bütünlükdə rəhbərliyə aid edilməsi çətindir. Bunu mütləq düşünün. Həm də elə görünməsin ki, Bəhram Bağırzadə, Çingiz Abdullayev, Fərhad Bədəlbəyli kimi nüfuzlu şəxslər problemlər qarşısında bəraət funksiyası üçün gətiriliblər şuraya. 

Hörmətlə...

Elçin Cəlilov


oxunma sayı: 1923 | Paylaş:




?>