')

Bu gün:


FutbolPress.Az | Bizə hansı "Neftçi" lazımdı? (YAZI)

Bizə hansı "Neftçi" lazımdı? (YAZI)


oxunma sayı: 1919 Paylaş:

FutbolPress“Neftçi”də Elnur Məmmədov və Vəli Qasımov tandeminin olmamasını hansısa qüvvə istəyir. Bunu son üç ayda iki dəfə geniş mətnlə sizə bildirməyə çalışmışıq. Təbii ki, subyektiv fikirlər, müşahidələrin hesabına. Belədə sizə faktoloji versiyalar təqdim eləmək, ən əvvəl, KİV qanunlarıyla mümkün deyil...

Hazırkı üsul-idarənin nümayəndə heyətində belə gedişləri edəcək kimsənin olduğu qəti inandırıcı deyil. “Neftçi”də hakimiyyətə gəlmək istəyən qüvvə bu hökumətdə deyil.

Qalır ikinci versiya: Neft Şirkətindən hansısa maraqlılar dəstəsi bunda maraqlıdı.

Sizə anlatmağa güman ki gərək yoxdu: klubun əsas himayəçisi SOCAR-dı və orda müəyyən cərəyanlar var, hərəsi də müxtəlif cür təsir imkanına malikdir.

İndi gəlin fikirləşək, görəsən niyə məhz Elnurla Vəli? Onların getməsini hansı qüvvə istəyə blər...

Elnur bəy kluba AFFA-dan “xeyir-dua” ilə getmişdi. Konkret, baş katib Elxan Məmmədovun kadrı kimi bilinən adıçəkilən şəxs  ora göndərildi ki, inisiativlər asta-asta ələ alınsın.

Həmin ərəfələr idi ki, Sadıq Sadıqov ə onun “drujinası” sıxışdırılırdı. Tahir Süleymanov çox şeydən duyuq düşüb, istefa vermişdi, ancaq Sadıqov hələ vəzifəsində qalırdı və s.

Məmmədov kluba yerləşəndən başladı dəftər-kitab üsul-idarəsinə keçməyə. Müxtəlif səlahiyyətlərə “burun soxduğu” haqda klubdaxili şikayətləri tez-tez eşidirdik.  Elə məqsəd də bu idi. Sadıqovu usandırıb, ordan getməsinə nail olmaq.

Məmmədov gecə-gündüz çalışırdı, daim əlində papkalar – harasa gedir, gəlir, danışır, danışır, danışır... Bu adam işgüzarlıq və mövcud rəhbərlikdən fərqli imic göstərmək missiyası uğurunda qan-tər içində çalışırdı.

Sadıqov isə susmaq mövqeyində idi. Həm də imici xeyli korlanmışdı. “Neftçi” tarixin ən yaxşı dövrünü keçirsə də, bu, yalnız nəticələrdə belə idi, mahiyyətdə klub hər tərəfdən tənqid atəşi altında idi. Səbəb isə o rəhbərliyin təmiz iş gördüyünə inamın olmaması idi. Ölkə çempionluqları bir yana, Avropa Liqasında qrupa düşməyin də rüşvətlə başa gəldiyini iddia eləyənlər çoxluq təşkil edirdi.

Sadıqov Elnur Məmmədovun canfəşanlığı qarşısında məəttəl bir duruşla qalmışdı. Bu, bir neçə ay çəkdi. Sonra gördülər ki, Rövnəq Abdullayevin xalası oğlu  kimi qələmə verilən, əslində isə qohum sayılacaq qədər yaxın olmayan Sadıqov özbaşına klubdan gedənə oxşamır. Başladılar radikal addımlar atmağa.

Başladılar deyib, mövzunu mücərrədliyə sürükləmək kimi çıxmasın, bunu edən konkret Elşad Nəsirov idi. SOCAR-ın vitse-prezidenti, ölkə başçısı İlham Əliyevin çox yaxın dostu və s.

Sizə  Azərbaycan futbolunda iki ana xəttin mübarizəsindən deyirik – Nəsirov : Abdullayev.

Birincilər heç vaxt mübarizədə olduqlarını göstərməzlər. Çox təmkinli və rahatdılar. İncə taktika ilə işləyərlər. Ancaq bu rəqabət sıxdır, qətiyyətlidir. Bunu görmüşəm, inanmışam, yazmışam və dəfələrlə doğru çıxıb. Necə deyərlər, sınanmış və doğrulmuş  versiyadır, artıq müzakirəyə də ehtiyacı yoxdur.

Həmin Nəsirov klanına yaxın qüvvələrin radikal hərəkətə keçərək klubu Abdullayevin himayəsindən qopartmaq üçün son həmləsi başladı: dünya şöhrətli yazıçı Çingiz Abdullayevin rəhbərliyə gətirilməsi....

Bir növ, idarəçiliyə yığılan Nəsirov klanına aid şəxslərin üstünə gözlənən müdaxilələrdən qoruyucu qat kimi gətirilmişdi Abdullayev. Məhz onun  nüfuzu yeni rəhbərliyi SOCAR-dan gələcək başqa təzyiqlərin qarşısında qoruyacaqdı.

İnsafən, ağıllı gediş idi. Həm də əksəri düşünürdü ki, artıq “Neftçi”nin imici düzələr.

AFFA baş katibindən gələn klublarda müşahidə şurası üsul-idarəsi hərtərəfli formada ilk dəfə “Neftçi”də tətbiq olundu – hərçənd bəzi aparıcı klublar bu formatdan müxtəlif formalarda boyun qaçırdı və s.

Ancaq nə Abdullayevin gətirilməsi, Müşahidə Şurasına ünlülərin dəvəti, nə yeni idarə dizaynı – heç nə klubun futbol uğurlarını təmin eləmədi.

Əvvəl gur çıxışlarla ekranlarda bərq vuran Abdullayev tədricən kənara çəkilməyə başladı və durum elə həddə gəldi ki, O, ümumiyyətlə, bir neçə dəfə mediadan qaçdı, gizləndi.


Çünki “Neftçi” çox pis futbol oynayırdı, ortabab komandalardan fərqlənmirdi, nəticələr nə bu rəhbərliyə, nə heyətə, nə məşqilərə yaraşırdı.

Bu da təbii ki, köhnə rəhbərliyin hirsini soyudacaq, yeni həmlələrə keçməkçün stimul yaradacaq əsas amil idi. Onların əlinə əsas d
üşmüşdü, fürsət idi...

***                   ***                  ***

Elnur Məmmədov təhsil aldığı menecmentlik istiqamətində savadlı kadr sayıla bilərdi. Ancaq onun idarəçilik qabiliyyəti, futbol təsərrüfatından anlayışı o formada deyildi ki, olanlardan baş çıxarıb, lazımlı istiqamət tuta bilsin. Təmiz idarəçilik prinsiplərini əsas tutmuşdu, bunu iddia edirdi. Ancaq o da şəxsi danışıqlara gedib, mediada “əlaltı” saxlamaq taktikasına keçmişdi və bunu biz biləndən sonra anladıq ki, “Neftçi”yə bu dəfə də dürüst idarəçilik qismət olmayıb. Hətta dostu Elxan Məmmədova qarşı yazıların yazılmasında maraqlı və həvəsli olduğuna dair məlumatlar və s.

***                  ***                  ***

Elnur Məmmədovun sağlam siyasət yürütmədiyi özünü növbəti mərhələdə də göstərmişdi. Onu futbol industriyasına gətirən, yanında olan dostu  Elxan Məmmədovu tapdayıb, Çingiz Abdullayevlə şəxsi danışıqlara getməsi, özü üçün Nəsirovdan daha əmin kvota qopartmaq cəhdlərindən baş katibin xəbər tutması ona olan etibarı sarsıltmışdı. İllərin dostluğuna ambisiyalar zərbə vurmuşdu. Elxan Məmmədov artıq Elnur Məmmədova qahmar çıxmayacağını ona açıq bildirmişdi.

Nəsirov elit obrazlı bir məmurdu. Həm də davranışlarıyla bunu göstərir, hiss elətdirir. Özünü Rövnəq Abdullayevdən üstün hesab edir. Ona görə də siz heç vaxt hiss eləməzsiniz ki, bu mübarizələr Nəsirov klanı ilə Abdullayev qüvvələri arasında gedir. Bir növ, “ulduz müharibəsi”...

Elxan Məmmədov Elnur Məmmədova zərbəni öz qüvvəsiylə vura bilməzdi. Belədə o, Rövnəq Abdullayevə daha da yaxınlaşır. Ona bəzi həqiqətləri açır.

Abdullayev də, hesab edin ki, “Neftçi”ni Sadıq Sadıqov qismində əldən verməyini heç vaxt həzm edə bilməzdi. O, ümumiyyətlə, kinli xarakterdir. Bunu tarix göstərib. Ona qarşı çıxanı mütləq, gec-tez cəzalandırır. Bu klanın rıçaqları da zəif deyil...

...Elxan Məmmədov başlayır Elnur Məmmədovun “vurulmasına”. Birbaşa vasitəçi olmasa da, bu cür hərəkət edənləri alqışlamağa və s. Bir az zəif davrandığı hiss olunurdu. Çünki rəqibə qarşı gizli hücuma keçirsənsə, bunu hiss etdirməməlisən. Elxan bəydə bu, əməlli-başlı görünürdü.

Həmin ərəfələrdə “Neftçi”dəki  Məmmədov üçün pis xəbərlər gəlməyə başladı. Onun Çingiz Abdullayev vasitəsiylə Elşad Nəsirov klanına sığınmaq, beləcə klubdakı kreslosunu böyütmək arzuları ilk zərbəni aldı. Nəsirova informasiya çatdırılmışdı ki, “Neftçi”də işlər heç də yaxşı getmir və bizdə olan məlumatlara görə aralığın sakit olmaması sizin göstərişlərinizdən doğur. Elit obrazına zərər gəlməməsini hər şeydən üstün tutan Nəsirov üçün bu, kifayət qədər ağır bir gediş idi və o, klubdakı himayəsini yalnız Çingiz Abdulayevlə kifayətləndirməyə başladı. Açıq savaşdan imtina etdi.

Belədə yalqız qaldığını hiss edən Elnur bəy baş məşqçi Vəli Qasımova sığınmağa başladı. Bilirsiz niyə? Çünki o, “Neftçi”yə tapşırıqla təyin olunub. Özü istəyib bunu. “Yuxarıda” samballı yaxını/qohumu edib bunu.

Elnur novcavan da bundan xəbərdar kimi Vəli ilə münasibətləri daha da sıxlaşdırmağa başlamışdı.

***                   ***                   ***

SOCAR-dakı qüvvə(lər)... deyirdik? Aha, həmin qüvvələrdən biri prosesi diqqətlə izləyirdi. Gördü ki, klubda haçalanma yaranıb. Artıq Nəsirovun kürəyinə söykənməyib şuradankənar idarəçi qüvvə. Belədə onlar (Oxu: Rövnəq Abdullayevin klanı) asta-asta kəşfiyyat xarakterli hücumlara başladı.

İlk zəif nöqtlər müəyyənləşdirildi. Ona uyğun hərəkətlər eləməyə, tədbirlər görməyə başladılar. Və fikrimcə, ilk həmlələrdən biri Makedoniyada olmuşdu.

Avropa Liqasında “Şkendiya” ilə mübarizədən ələnib qayıdan “Neftçi”ni hava limanında yüzə yaxın azarkeş etirazla qarşıladı. Onların əsas hədəfi Vəli Qasımov idi. Çox kompakt, qətiyyətli hərəkət edirdilər. Pərakəndə narazıların bir yerə toplaşması qətiyyən elə sistematik, inadkar etiraz yarada bilməzdi. Onlar bir ordu kimi hərəkət edirdilər...

Ondan sonra mediada Vəli Qasımov haqda  dezinformasiyalar artdı. Elnur Məmmədovun yarıtmazlıqları haqda məqalələr daha intensivləşdi.

Zəifləyən Vəli-Elnur tandeminə qarşı  bir-iki həmlə də bəs etdi ki, onlar sıradan çıxsın. Hələ bir müddət əvvəldən Müşahidə Şurası onlara qarşı inamsızlıq sərgiləyən münasibət göstərmişdi. Buna səbəb bəlkə də o tandemə qarşı hücuma keçən qüvvəylə üz-üzə gəlməmək istəyi idi...

***                    ***                   ***

Və “Neftçi” IV turda “Qəbələ” ilə matça baş məşqçisiz çıxacaq” (?!). Xəbər yayılan kimi əks-effekt verdi. Günün trendinə çevrilən mövzuda, demək olar, hamı kluba inamsızlıq nümayiş etdirdi. Sonra Qasımovun “HB Güven” klinikasında olduğu, ona hipertonik kriz diaqnozu qoyulduğu, həkim nəzarətində, stasionar baxımda olduğu bildirilsə də, klinikada olduğuna aid heç bir nümunəyə rast gəlinmədi. Həmin matçda 0:8 hesabıyla məğlub olan “Neftçi” klub tarixinin ən ağır nəticəsinə uğradı.  Sanki Qasımov olacaqları əvvəldən bilirmiş və özünü “sığortalamaq” üçün “hipertonik krizə məruz qalıbmış”...

Artıq durum o yerdədir ki, Vəli Qasımovla Elnur Məmmədov indi istefa verməyəcəksə/qovulmayacaqsa, məntiqlə, daha heç vaxt qovulmamalıdı. Bundan ağır səbəb olmaz yəni...

***                   ***                   ***

Əvvəlcə, məhz bu iki nəfər hədəfə gətirildi, uğursuzluqda da onların gedişi labüd kimi göründü. Müşahidə Şurası bəs? Ordakıların funksionallığı, sadəcə, göndərmək-gətirməkdi?

Əvvəlcə total həmlələrə gedən alternativ qüvvə zamanla bunun uğurlu gediş olmadığını gördü. Başladı qüvvələri parçalamağa, dilim-dilim “yeməyə”. İnsafən, bu taktika uğurla davam edir. İnsafsızlıq isə budur ki, qüvvələrin imkanlara sahiblənmək uğrunda savaşında sərhəd yoxdur. Hətta “Neftçi”nin tarixinə biabırçı nəticələr düşsə belə...

Rövnəq Abdullayev səxavətli insandır, kulisdə gəzən söhbətlərdən məlumdur ki, o, xeyli imkansıza öz imkanlarından yardım edir. Ailəsinin də bu işdə fəal olduğunu çox yerdə eşidirik və s. Ancaq eyni zamanda kinli, bağışlamayan biridir. Rza İbadovla başlayan mübarizədə onu ölkədən didərgin salacaq qədər qəddar olan Abdullayev kimi tanımışıq onu. Hökumətdəki performansı həlim-qəddar obrazlıdı.

O, Sadıqovun “vurulmasını” görmüşdü və onu müdafiə etmədi. Çünki Sadıqov idarəçiliyinin pul yeyintilərini aşkarladığını iddia edən SOCAR-dakı qüvvəyə qarşı deyəcək bir şey yox idi. Belədə Abdullayev Sadıqovu qorumadığını göstərmişdi. Sadıqov isə son anadək vəzifəsində qaldı, elə etdi ki, özü getməsin – bir növ, günahkar kimi rəftar etməsin. Onun ordan göndərildiyini bilirik. Öz otağını/postunu o qədər tərk eləməmişdi ki,artıq ona qarşı açıq gedişlər eləmişdilər. Bir növ, qovdular...

Abdullayevin bu proseslərdən qeyzləndiyi Sadıqovu qısa zamanda Cüdo Federasiyasına rəhbər aparması və SOCAR-dan ona çox böyük maliyyə imkanının ayrılmasıyla aydınlaşdı.

İndi bildikmi, Sadıqovun “Neftçi”dən çıxdaş edilməsinin hirsini o cür göstərən Abdullayev bu işi belə qoymayacaqdı...

Bəli, SOCAR-dan necə badalaq vurulmuşdusa Sadıqova, elə ordan da badalaq vuranlara əks-hücum edildi. İlk həmlələrdə əks-hücumun effektli olduğu aşkar görünür. Vəli və Elnurun ordan getməsi hələ rəsmi məlumat olmasa da, güman ki, rəsmiləşşəcək. Bundan sonrakı həmləni bilirsiniz...

“Neftçi” böyük pullar, imkanlar deməkdir. O klubda təmiz idarəçilik mümkünsüz qədər ağırdı. SOCAR-dan ora çox qüvvələr təzyiq edir.

Əgər sən istəsən belə, şəffaf idarəçiliyi tətbiq edə bilməzsən.

Ümumiyyətlə isə, deyəsən, Azərbaycanda şəffaf idarəçilik nəticələrin yaxşı olacağına qarant deyil. Gərək sən hakim “alasan”, tapşırıqlara gedəsən, bir sözlə, kapitalizmin vəhşi qaydalarına uyğun – dişlədilər, didişdilər, diddilər və ən qaydasız, qanunsuz döyüşdə ən güclü çıxan böyük imkanlara sahibləndi.

Proses gedir...

Elçin Cəlilov


oxunma sayı: 1919 | Paylaş:




?>