')

Bu gün:


FutbolPress.Az | Yalan ayaq tutar, ancaq yeriməz... (YAZI)

Yalan ayaq tutar, ancaq yeriməz... (YAZI)


oxunma sayı: 1359 Paylaş:

FutbolPressDünən hansı vasitələrə əl atsaq da, Vəli Qasımovun klinikada olub-olmadığını dəqiqləşdirə bilmədik.

IV tur “Qəbələ” ilə matça komandanı Qasımovun çıxarmayacağı haqda klub saytının məlumatı əks-effekt yaratmışdı. Çünki ondan əvvəl azarkeşlər onu 90 dəqiqə istefaya çağıracağı haqda bəyanat yaymışdı və qarmaqarışıqlığı yaradan səbəb də elə bu idi. Məhz həmin bəyanatdan sonra Qasımovun halının pisləşməsi haqda xəbərin çıxması panikaya işarə edirdi; inanmayasan, nə edəsən. Axı əks-arqument yoxdur inanmamaq üçün...

Demək olar, klub rəsmilərindən başqa heç kəs əmin deyildi ki, Qasımov gecəylə təcili tibbi yardımda klinikaya yerləşdirilib (Hipertonik kriz diaqnozu). 

***               ***               ***

Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovla danışdıq. Məşqçinin “HB Güven” klinikasına yerləşdirildiyini dedi. Və medianın ictimaiyyəti çaşdırıcı informasiyalara sürüklədiyini qeyd elədi. Səbəb kimi xəbərin natamamlığını göstərib, Qasımovun klinikada olmasına aid hansısa fotonun, yaxud sənədin rəsmi saytda yerləşdirilməsinin ən qısa çıxış yolu olduğunu bildirdik. “Ən azı bu gün mümkün olmaz” - eşitdik.

Daha sonra klinika ilə əlaqə saxladıq. Ordan deyilənlərin rabitəsizliyi hiss etdirirdi ki, iş “qurma ssenariyə” oxşayır.

Ancaq tutarlı dəlillər olmadığı üçün bunun yalan olduğunu iddia eləmək olmurdu.

Ən radikal sual isə bu idi ki, “Neftçi”nin kollektivi “Modern Hospital”da sığortalıdı, əgər nəsə olsa, həmin klinikaya yerləşdirilməliydi Qasımov, əcəba başqasına üz tutmaq nədən...

Ümumiyyətlə, belə ritorik sualların çoxluğunu nəzərə alaraq, mövzunu bu yazıyla bitmiş sayıb, açıq qoyduq.

Ancaq işin ucunda nəsə gizlənib – hissiyyatı əl çəkmirdi. Həmin şübhə də özünü bir tərzdə üzə çıxardı. “Qəbələ” 8 cavabsız qolla ölkə çempionatlarında “Neftçi” tarixinin ən byükhesablı məğlubiyyətinə səbəb oldu. 

Belə sual əmələ gəlir: Qasımov bu ədavəti əvvəldən bilirdimi görəsən? Bəlkə bilərəkdən klinika uydurması olub - bu biabırçılığın iştirakçısı kimi adı hallanmasın deyə və s.

***               ***               ***

Son vaxtlar klubdaxili iqlimin yerində olmamasına dair xəbər və məqalələr xeylidir. İş o yerə çatıbmı, komadanın nəticələrinə faciəvi həddə təsir eləsin?

“7+” əmsalı və böyük məbləğdə bukmeyker gəliri... Bunu iddia eləyənlər də az deyil. Ancaq “Neftçi”nin tarixinə belə bir ləkəni salmaq bu qədər asan oldumu. SOCAR-ın himayəsi kifayət eləmirmi...

Çoxdur suallar. Və təbii ki, hamısı həvəskar həddədir. Araşdırması lazım. Tamamilə qapalı vəziyyətə gələn klubda bunu etmək heç də asan deyil.

***               ***               ***

Əvvəlki rəhbərlik çətin məqamlarda mətbuat konfransı keçirib, media və ictimaiyyətə hesabat verərdi. İndiki idarə sistemininsə səriştəsizliyi göz qamaşdırır. Onlar lokal istinad dairəsi ilə məhdudlaşırlar.

Hesabat, izahat isə vacibdir. Hələ də ölkəboyu “Neftçi”lilər nələrin baş verdiyini bilmək istəyir və bu, onların tam haqqıdır. Yoxsa klub ətrafında yalan burulğanı əmələ gəlib və səngiyənə oxşamır...

Elçin Cəlilov


oxunma sayı: 1359 | Paylaş:




?>