İdman və elm Azərbaycanda (YAZI)
Paylaş:
NBA-dan sevimlimiz Lebron Ceyms Akron Universiteti ilə müqavilə bağlayıb ki, böyüdüyü şəhərdən 1100 uşağın 4 illik təhsil haqqını ödəsin. Bu, ümumi 41 milyon dollar edir.
Həmişə FP-da idman-elm və əks kontekstdə fikirlərimizi bölüşmüşük. Dünyada ən bahalı satılan prosesdir. Pulu cəlb edən ən populyar sahənin inkişafını, sərbəst hərəkətini təmin eləmək dolayısıyla ordan gələn gəlirin digər sahələrə - daha çox da elmə istiqamətlənməsini təmin etməkdi.
Əsas çatışmayan tərəfimiz bundadı. Bizim idmançı, idman prosesi də kapitalist rejimin hökm elədiyi digər bütün ölkələrin “üçüncü sort”larındakı ilə oxşardı. Onlarda da idmançı və idman prosesi sağlamlıq və peşəkarlığın təbliği yox, sabun köpüyü ajiotaj üçün lazımlıdı...
Azərbaycanın iddiası həmişə boyundan yuxarı olub. Ancaq anlamır ki, idmançısına həddən artıq pul tökməyi sosial disbalansa səbəb olur. Elm ardınca beynini illərə səpələyən gəncin qazancı idmançıdan min dəfə az olanda onun demotivasiyası hazırdımı? Bəli...
Cəmiyyətimizdə lebronlar yoxdur. Onlar daha çox milyonlar əldə eləsə, daha çox villa alacaq, daha bahalı avtomobil əldə edəcək, daha çox “obyekt” açacaqlar. Abşeron bağlarından tutmuş digər yerlərdə gördüyünüz iki-üç və s. mərtəbəli villalarda yaşayışın olmamasını özünüzə izah edəndə bir də bu versiyanı ağlınızdan keçirin – idmançı ilə oliqarxın vəhdətinin “inşa elədikləri”...
Bunun sosio psixoloji izahını çox geniş vermək olar. Ancaq aydın məsələdir ki, əsas səbəb idmançının özünəinamının olmamasıdı.
- Qanuna arxayın deyil
- Cəmiyyətə inanmır
- Həmişə bu cür – varlı olacağına əmin deyil
- Peşəkar fərd deyil
Əgər bizdə əşədü bir idmançı olimpiadada “qızıl” qazansa, ona otərəf-butərəfli, təminən 1 milyon həndəvərində bir var gəlib çatır. İlk iş bu pulu inkişaf etdirmək olur. Ağla gələn də yuxarıda qeyd olunan qısa siyahıdakılardı - ən populyarı “obyekt” olmaqla.
Onu açmaqçün filan oliqarxa “nəmər” janrında çıxan xərclər idmançının pulunu yarıyadək azaldır. Sonra o, çalışır ki, pulun miqdarını əvvəlki həddə çatdırsın, ondan sonra başlasın artırmağa. Belədə sən ona desən ki, Qulamın oğlu xarici məşhur universitetə qəbul olunub, gəl, yardım edək ona, imkanı aşağıdı. Onun bu təklifə müsbət reaksiyasını görməzsiniz. Çünki o, aqressivdir. O, “obyekt” açıb, işlətməkçün xeyli xərcə düşüb və əzab-əziyyətlə işləyir ki, pulunu bərpa eləsin. O, necə pozitiv köklənə bilər ki? O, həm də nəslindəki çox adamı dolandırandır...
Sən ona anladana qədər ki, gəl, elmə yatırım elə, sabah sənin davamçıların “obyekt” işlətmək istəyəndə hansısa oliqarx onu “loxlaya” bilməsin, o, daha da əsəbləşəcək – özünü məndən ağıllı sanırsan?!
Bizim idman prosesi elmə zərrə qədər fayda vermir. Hərgah, heç elm də o sahəyə inteqrasiyada həvəsli deyil. Zəif elm eqolu fərdlər yaradıb, qeyri-peşəkar idmanizm də özündənrazılıq salnaməsi...
Hərəsi öz çuxurunda çabalayır; millətçi olur, ölkəsi üçün erməni döyür; ortababı da mühafizəçidi, kreditlərinin qayğısında, qanıqara və s.
Zəncirvari prosesin əmələ gətirdiyi itaətkar cəmiyyətin səbəbi məhz elmlə idman arasında inteqrallığın alınmamasındadı.
Bizim lebronlar yoxdur. Onlar hətta gizli yardım eləməyə də qorxurlar – “yerin də qulağı var”...
Bizim idmançı nəticəsinə görə Allaha minnətdardı.. pul gələndən sonra isə o pulu qorumaqla məşğuldu, idmanı davam etdirməyə vaxt olmur.
Belədə bir çarə qalır: Allah köməyimiz olsun. Hələlik...
Elçin Cəlilov
| Paylaş: