')

Bu gün:


FutbolPress.Az | Valentin Demyanenko: "Olimpiadaya gələn hər bir idmançı “qızıl” qazanmaq istəyir" (MÜSAHİBƏ)

Valentin Demyanenko: "Olimpiadaya gələn hər bir idmançı “qızıl” qazanmaq istəyir" (MÜSAHİBƏ)


oxunma sayı: 822 Paylaş:

FutbolPress

Avarçəkmə üzrə yığma komandamızın idmançısı Valentin Demyanenko Rio-2016 Yay Olimpiya Oyunlarında millimizin aktivinə 10-cu medalı qazandırıb. 
 
1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə gümüş mükafat əldə edən milliləşdirilmiş legioner müsahibəsində çempion ola bilmədiyi üçün təəssüfləndiyini söyləyib.
 
- Gümüş medal qazanmağınız münasibətilə təbrik edirik. Təəssüratlarınız necədi?
- Möhtəşəm hisslər yaşayıram. Gərgin yürüş oldu. Bütün rəqiblərim çox güclü idi. Belə alındı ki, ikinci yeri tutdum.
 
- Özünüz yarışdan öncə hansı nəticə qazanacağınızı gözləyirdiniz?
- Olimpiadaya gələn hər bir idmançı “qızıl” qazanmaq istəyir. Elə bir idmançı yoxdu ki, 2-ci və ya 3-cü olmaq istəsin. Hamı qalib gəlməyi arzulayır.
 
- Amma rəqiblərin siyahısına baxanda öz imkanlarınızla bağlı müəyyən fikir formalaşır...
- Bəli, hər kəs siyahıya baxır. Amma finalda öz gücünə əmin olanlar toplaşır. Hərə bir ölkəni təmsil edirdi və özlüyündə qalibdi. Fikrimcə, üzülməyə dəyməz.
 
- Azərbaycana 10-cu medalı siz qazandırdınız. Ölkəmizdəki idmansevərlərə, kanoe və kayakda avarçəkmə ilə məşğul olanlara nə demək istərdiniz?
- İdmanla məşğul olsunlar, çünki idman daim irəli aparır. Bu, ilk növbədə sağlamlıqdı. Bu idman növü intizam tələb edir, hər şeyi vaxtında etməyi, məsuliyyətli olmağı öyrədir.
 
- Dünya və Avropa çempionatlarında iştirak etmisiniz. Onlarla müqayisədə Rio-2016-ya nə dərəcədə hazır idiniz?
- Yarışa 100 faiz hazır idim və bütün hazırlığımı yürüşdə qoydum.
 
- Sizin üçün “gümüş”ü də yaxşı nəticə hesab etmək olarmı?
- Mənim üçün yox. 15 ildi bu idman növü ilə məşğul oluram. Az qala ömrümün yarısını idmana vermişəm.
 
- Tokioda “qızıl” qazanacağınıza ümid edirsinizmi?
- 200 metr məsafəyə kanoe yarışları Olimpiya proqramından çıxarılır. Ya başqa yarışa keçməliyəm, ya da karyeramı bitirməliyəm. Bu barədə düşünəcəm.
 
- Bəs indi nə haqda fikirləşirsiniz?
- İndi ilk növbədə evə getmək haqda düşünürəm. Ondan sonra karyeramla bağlı bir qərara gələ bilərəm.
 
- Evə gedəndə ilk edəcəyiniz nə olacaq?
- Atamı, anamı, doğmalarımı görmək istəyirəm.
 
- Onlarla artıq danışmısınızmı?
- Daim əlaqədəyik. İndi də gedib onlara zəng vurmaq istəyirəm.
 
 
Səmayə MƏMMƏDOVA
AGİN, Riodan


oxunma sayı: 822 | Paylaş:




?>