')

Bu gün:


FutbolPress.Az | Rövşən Binnətliyə açıq məktub

Rövşən Binnətliyə açıq məktub


oxunma sayı: 1462 Paylaş:

FutbolPressMənim peşəkar futbolla heç bir bağlılığım olmasa da futbolun nə olduğunu yaxşı bilirəm. Hələ 5-6 yaşımdan başlayaraq azı 15 il hər gün top qovmuşam. Məktəbdən gələn kimi topu götürüb yaxınlıqdakı göy çəmənlikdə düzəltdiyimiz meydançada axşam qaranlığında daşı, kəsəyi top bilib, ona zərbə vurana qədər oynayırdıq.  Məhəllələrarası yarışlarımız da olub, məktəb, şəhər birinciliyində də çıxış etmişik. Çox vaxt hücumda oynamışam və nadir hallarda meydanı qol vurmamış tərk etmişəm. Rəqibin kim olmasının, bizdən əvvəl kiminlə oynamasının və neçə qələbə qazanmasının da mən oynayan komanda üçün heç bir əhəmiyyəti olmayıb. (CBC Sport-un futbol icmalçısı Rövşən Binnətlinin təbirincə desəm, heç bir statistik paralellər aparmamışıq). Sadəcə meydanda oynamaqdan və qol vurmaqdan həmişə həzz almışıq.

Əgər hücumçular da daxil olmaqla 10 nəfər meydanda candərdi oynayırsa və hamısının fikri-zikri qol buraxmamaqdırsa, bu artıq qorxaq futbol deyil, bəs nədir? Amma cənab Rövşən Binnətli bu ifadə ilə razı deyil və qol.az saytında dərc etdirdiyi “Qarabağ” və qorxaq futbol?” adlı şərhində “qorxaq futbol nədir?” sualına cavab axtararaq, peşəkar terminologiyada belə bir ifadənin olmadığını bildirir. Guya ki, sosial şəbəkələrdə “Qarabağ”ın son vaxtlar məhz “qorxaq futbol” oynadığını yazanları anlamır. Yaxşı, Rövşən bəy, əgər “qorxaq futbol” anlayışını qəbul etmirsinizsə, onda bir ifadə də mən deyim – “Qarabağ” ona görə qalib gələ bilmədi ki, “dişsiz, candərdi futbol” oynadı. Mənimlə razısınızmı? Özü də “Viktoriya”ya onunla cavab oyunundan xeyli əvvəl – “Düdelanj”la Bakıdakı oyunun 2-ci hissəsində uduzdu. Düzdür, birinci hissədən sonrakı 2:0 hesabı böyük olmasa da, hər halda üstünlük idi, amma bu, Qurban Qurbanova əsas vermirdi ki, sonrakı 45 dəqiqəni onun tapşırığı ilə meydanın özlərinə aid olan hissəsində keçirib, topu hara gəldi və necə gəldi vurub uzaqlaşdıran 10 nəfəri futbolçu adlandırsın və hətta onların oyunundan razı qaldığını bildirsin. Məhz məşqçinin işinə belə məsuliyyətsiz yanaşmasının nəticəsi idi ki, “Qarabağ” səfərdə “Düdelanj” kimi zəif bir komanda ilə oyunda 90 dəqiqə ərzində nəinki qol vurdu, hətta uduzdu da. (Bərabərlik qolu əlavə vaxtda, özü də təsadüfən vuruldu). Buna baxmayaraq, vaxtilə yaxşı uğurlara imza atmış Q.Qurbanov yenə də özü üçün bir nəticə çıxarmadı və növbəti oyunda faktiki olaraq bu gün elə də güclü olmayan (R.Binnətlinin statistik paralelləri keçmişə aiddir və onlar həlledici amil deyil), 75-ci dəqiqədən sonra isə azlıqda qalan bir komanda ilə yenə də dişsiz futbol oynadı. Məgər Rövşən bəy “Viktoriya”nın məşqçisi Roman Pivarnikin  birinci oyundan sonrakı aşağıdakı şikayətini oxumamışdı: “Rəqibin 10 (!) futbolçu ilə müdafiəyə çəkilməsi işimizi çətinə saldı”. Doğrudanmı Q.Qurbanov həmkarının bu sözlərini özünə təhqir hesab etməmişdi? Əgər real düşünsəydi, rəqibinin belə bir rüsvayedici sözlərindən sonra “futbolçularım sona qədər mübarizə apardı” deməzdi. Təcrübəli məşqiçi məgər bilmirdi ki, bu tip yarışlarda istənilən qollu heç-heçə 0:0 hesabından qat-qat əlverişlidir və komanda məhz rəqib meydanında daha çox hücum etməlidir? Azlıqda qalmış bir komandaya nəinki qol vurmağı bacarmamış, buna heç cəhd də etməmiş bir komandanı və onun məşqçisini dəstəkləyən R.Binnətlinin əsl məqsədi nə idi?

Mən həmişə yerli məşqçilərin, xüsusilə də Q.Qurbanovun fəal müdafiəçisi olmuşam, “Qarabağ”ın uğurlarına ürəkdən sevinmişəm və bu komanda ilə qürur hissi duymuşam. Lakin hiss edirəm ki, hazırda “Qarabağ”ın düşərgəsində nə isə baş verir və belə davam edərsə, sevimli komandamız gözümüzün önündə məhv olacaqdır. Buna görə də özünü futbol bilicisi hesab edən R.Binnətli kimi boğazdan yuxarı təriflər söyləmədən və haqlı olaraq həyəcan təbili çalan insanları “ən adi texniki sxemləri bilməməkdə” günahlandırmadan, bütün futbol ictimaiyyətini bu məsələ ilə ciddi maraqlanmağa və əlaqədar təşkilatları lazımi tədbirlər görməyə çağırıram.

Necə futbol oynamağın lazım gəldiyini isə “Viktoriya”dan xeyli güclü olan “Lill”lə hər iki görüşündə əyalət komandamız “Qəbələ” göstərdi və Roman Qriqorçuk bütün məşqçilərimizə əyani dərs keçdi. Məhz buna görə də oyundan sonrakı Mətbuat konfransında biz rəqib məşqçi Frederik Antonettinin dilindən ürəyimizə yağ kimi yayılan aşağıdakı sözləri eşitdik: “Qəbələ" ilə Fransada çətin oyunumuz olmuşdu. Buna görə də rəqibin gücünü nəzərə almışdıq. Ancaq "Qəbələ"nin futbolçularının əziyyətini dəyərləndirmək lazımdır. Onlar bu gün daha güclü idi. Azərbaycan klubuna əhsən!”.
Ədalət naminə xüsusi bir “əhsən!” də bu qələbənin memarı olan R.Qriqorçukun ünvanına deyilməlidir.    

Adil ZAMAN,
jurnalist

P.S. Mən bu məqaləni iyulun 28-də - Rövşən Binnətlinin  dərc edildiyi  “Qarabağ” və qorxaq futbol?” adlı şərhini oxuyan kimi yazmışdım. Lakin düşündüm ki, onun dərc edilməsi çətin oyun ərəfəsində “Qarabağ”a mənfi təsir edə bilər və məğlubiyyətə görə mən qınaq obyektinə çevrilərəm. Axı səfər oyunu qurtaran kimi yanımdakılara demişdim ki, hətta rəqib azlıqda qalanda belə 10 nəfərlə müdafiə taktikası seçmək Q.Qurbanovun böyük səhvi idi və əgər “Viktoriya” Bakıda bircə qol belə vursa (buna isə şübhə etmədiyimə də şahidlərim var),  Qarabağ bu mərhələni keçə bilməyəcək. Təəssüf ki, proqnozlarım düz çıxdı...


oxunma sayı: 1462 | Paylaş:




?>