')

Bu gün:


FutbolPress.Az | Mübariz Mənsimovun müsahibəsi: doğrular, yanlışlar (YAZI)

Mübariz Mənsimovun müsahibəsi: doğrular, yanlışlar (YAZI)


oxunma sayı: 2064 Paylaş:

FutbolPressTez-tez dəyişən ölkə gündəminin son iki gününün aktual mövzusu Mübariz Mənsimovun müsahibəsidir. İstəyirsinizsə, əvvəlcə aşağıdakı videoda müsahibəni izləyin, sonra qeydlərimizlə tanış olarsız, yaxud əksinə də edə bilərsiz.

Mənsimovun uğurlu və ciddi  iş adamı olması şübhəsiz faktdır və bunu dünyanın ciddi  reytinq təşkilatları da dəfələrlə təsdiqləyib.

Ancaq müsahibədə dediyi kimi – iş adamıdır və politikaya baş qoşmur/məşğul deyil və s.

Bəlkə də məsələnin yanlışı, boşluğu burdadır. Yaxud zəifləməsi, “vurulması” o boşluğu bariz formada üzə çıxardır.

Corc Oruelnin “1984”ündə ədalətin siyasətlə nizamlandığı (“nizamlandığı”) o qədər təfsil təsvir olunub ki, Mənsimovun bu müsahibədəki obrazı sanki əsərin dolanbaclarında azan məfhumdur.

Biz müsahibəyə tezislər və antitezislər prinsipindən yanaşacağıq. Gəlin görək, Mənsimov sərt-incik-xəbərdarlıq kombinasiyasından ibarət açıqlamalarında nə deyir/demək istəyir/deyə bilmir...


“...Bütün olanlar dövlət başçısının sərbəst iqtisadiyyat mühitinin yaranması üçün yürüdülən siyasətə əksdir”.

O, klassik müdafiə taktikasıyla əks-hücuma keçmək planını aşkar büruzə verir. Ancaq işin içində səmimiyyətin olmamasını, klanlararası toqquşmada ölkə başçısının xoş-halına daha bərk təsir eləmək istəyində olduğunu iddia eləsək, yanılmarıq. Qəhrəmanımız xalqa səslənmir, dərdini xalqla bölüşmür əslində. Çünki “...sərbəst iqtisadiyyat mühitinin yaranması...” psevdohəqiqətinə  heç bir xalq nümayəndəsi inanmaz. Xalqın nəfərləri  bu barədə reallığı sərrast bilir, bunun belə olmadığını dərisində və sümüyündə belə, hiss edir...

“Biz ermənilərdən çox bir-birimizə mane oluruq. Hamımız bir olmalıyıq, Azərbaycanın böyüyü - prezidentimizin qoyduğu layihələr, planlar – gələcəyə doğru çox gözəl cizgi var, xətt var, hər kəs o xətdə yürüməlidir”.

Mənsimovun müsahibəboyu “Azərbaycanın böyüyü” ifadəsi işlətməsi onun siyasiliyində çatışmazlıqların bol olduğunu aşkara çıxarır. Belə ifadələr böyük iş adamlarının personasına xoş təsir gətirən detallar sayılmır. Böyük olan, ali olan qanundur – bunu ki orta təhsil və praktika səviyyəsi də öyrədir adama...

Eyni qeydi iki il əvvəlki Hafiz Məmmədova aid eləmək olar.  İş adamı kimi o da zirək, çevik, bacarıqlı idi, ancaq siyasi və sosial hissiyyatı, zehniyyəti çox bəsit olduğundan sonradan ağır zərbələr aldı, müflisləşdi, futboldan silindi və s.

Mənsimov da Azərbaycan futbolundan silinib, lakin o, müsahibəsində futbola, “Xəzər Lənkəran”a qətiyyən toxunmasa da, biz birazdan bu məsələyə toxunacağıq...

“Deyirlər, Mübariz iflas etdi. Bu piarı aparanlar nə qazanırlar? Tamam, deyək, Mübariz iflas etdi – Mübarizi itirin, Telmanı itirin, Ağalarovu itirin – nə olacaq? Bunlar xaricdə Azərbaycanı təmsil edən insanlardır”

Panika hiss eləyirsiz? Bir var qətiyyətlilik, əvəz  çıxmaq hirsi, bir də var sən danışanın panikada olduğunu aşkarca hiss edirsən.

Davam edək:

“Bəzi media mənsubları deyir və yazır ki, “Palmali” Azərbaycançün heç nə eləməyib. Bir özlərindən soruşsunlar – bəs onlar Azərbaycançün nə ediblər?”

...“Azərbaycanda oturub nə edəcəyik?! Hərə bir sahəni monopoliya edib, qoyub yanına. Gəlib bununlamı  məşğul olacağıq? Qoy onlar orda işləsinlər, biz xaricdə görək işimizi. Çox da yaxşı görürük. Mən əminəm ki, dövlətimizin böyüyü bunları da aşacaq, bu korrupsiyanın önünü kəsəcək. Biz artıq yaşlandıq, inanıram ki, gənc nəsildən çox bacarıqlı iş adamları çıxacaq. Bunun önünü kəsə bilməyəcəklər. Azərbaycan milləti intellektualdır, zəngindir, ticarətin ustadıdır”.

Bax, bu... Məhz burda böyük Mənsimov ANS-ə verdiyi müsahibədə siyasi gediş eləyib. İlham Əliyevdən dividentlər əldə eləmək cəhdində olsa da, işin mütləq əks-təsiri olacağına əmin olmasa da, inansın. Bu sistemdə bu cür gedişlər işləmir. Ən yaxşı halda ziyanına işləyir...

Bəli, az sonra o, ASAN xidmət modelini misal göstərməklə, əslində Əliyevin bu monopolist, korrupsioner sistemdən üstün idarəçi olduğunu iddiaya qaldırır, ancaq siz nəinki müasir siyasəti, hətta yunan miflərindən oxuduğunuzda bu cür manevrlərin keçərli olmadığını asanlıqla seçə, ayırd edə bilərsiz. Əgər sən Dionislə həmfikirsənsə, işini onun nəzarətində “aşırmaq” istəyirsənsə, məsələn, poseydongilin “bandası”na söz atıb, Dionisin üstün olduğunu bildirməməlisən. “Troya” atının sakinisənmi?! Onda o atı qarşılayanlar da olacaq və təsir əks təsirə bərabər olmaya bilər...

Mübariz bəy, siz keyfiyyətli iş görən insansız, işinizi ciddi şirkətlərə tapşırırsınız, Azərbaycanda “Palsüd” içənlər etiraf edir ki, digər addakı məhsullardan üstündür. "Pal dondurma" plombiri isə ənənəvi dadda istehsal edilən ən keyfiyyətli məhsuldur və s. Ancaq mağazalarda, marketlərdə “Palsüd” brendi az olursa, sıxışdırılırsa, bunu sizinçün “Azərbaycanın böyüyü” həll eləməyəcək, gəmiləriniz Xəzərdə sıxılırsa, “Zərifə Əliyeva” gəmisinin Yaponiyayadək üzməsinin işə təsiri olmayacaq.

“Qara piar? Qara piar aparanlara burdan səslənirəm, “yazıqlar olsun sizə”!”.

Qara piar aparanlara heç vaxt yazıqlar olmur. Çünki onların itirəcəyi vicdan adlı meyar, qorxacaqları puldan artıq dəyər yox. Siz qara piarçılardan daha tünd rəngli qara piarçıları tapmalısınız və bilinməlidir ki, bu,  mübarizədir. Mübarizə deyilsə, inciklik, küskünlük, sonra qarğış, sonra qalusinasiyalar.. sonra depressiya və məğlubiyyət qaçılmazdır.

“Palmali nəinki İŞİD, nənki kürd – hər hansı qanunsuz şirkətin işini görməyib, görməyəcək də”.

Bunu bilirdik, bilirdilər, ancaq bilməzliyə vurublarsa, əksini üstünüzə yaxmaq istəyirlərsə, deməli, siz PR işində aşkar məğlubsunuz. Yaxud kiçik uğurların gətirdiyi “pirr qələbəsi”...

“Əvvəllər “Palmali” Xəzər dənizindən daşımaların 70 faizinə baxırdı. İndi artıq 30 faizə enib. Başqa şirkətlər yaranır, onlar işə qoşulur, alternativ kimi Xəzərə girirlər.  ...Bizi Azərbaycanda dırnaqarası dövlət məmurları sıxışdırmağa çalışırlar. Orda da bu “çirkli medianı” ortaya soxub, oyunlar oynayırlar. Əgər mən öz resursumu ortaya soxsam, bunların çirkinliklərini ortaya qoysam, nə olar?!”

Müsahibənin kuliminasiya nöqtəsi buradır.  Burda 1 qram da olsa, politkorrektlik hiss olunur – “üstümə gəlmə, əzərəm!” xəbərdarlığı. Siz bunun nə dərəcədə effektiv olacağını sual edib, cavab tapacaq qədər həvəsli deyilsinizsə, sizinçün təklif edəcəyimiz versiya  mütləq həvəsləndirəcək: bu, çox gecikmiş və yanlış gedişdir. Azərbaycanda “çirkli media” adlandırdığınız sifarişli KİV-lər  təxminən 95 faizi əhatə edir. Bunlar zamanla – klanların bir-birinə qarşı mübarizəsində əmələ gəlmiş, formalaşmış, hətta təmərküzləşmiş, daha da irəli gedərək, kommunikasayalaşmış müxtəlif parçaların əmələ gətirdiyi sistemdir. Azərbaycanın sərvətləri üzərində pay mübarizəsindədilər. Qanunun diqtəsi yox, güclərin hikkəsi...

Məsələn,  hər böyük nazirin nəzarətində azı 2 KİV var və onlar maliyyələşdirirlər ki, jurnalistika, mətbuat inkişaf etsin?  – yox, bir-birinə qarşı savaşda bu KİV-lər toqquşdursunlar. Hansı daha çox ictimai rəy yaradarsa/ictimai rəyi çaşdırarsa qalib odur.

Belə məqamda Mənsimovun “...yoxsa kəsərəm!” xəbərdarlığı gurultulu, lakin zəif gediş oldu və sanki kartların hamısı açılıb, qoyuldu ortaya.

“Biz çirkli işlərə girmirik. Ancaq hər şeyə dözümün də bir müddəti olur”

Mənsimov, son hədd sizin bu müsahibənizdir. İnanın ki, bundan o yana keçsəniz, siz fayda yox, ağır zərərlər görəcəksiniz. Daha doğrusu, bundan o yana bu cür getsəniz... Hansı nüfuzda, gücdə olursunuz, olsun - , xaricdə elədir, burda, Azərbaycanda yox. Odur ki, reformasiyaya ciddi ehtiyac var.

“O şərəfsizlərə bir şey söyləmək istəyirəm, mənim 4 övladım var. Mənim adımla “oynayanlar” bunu unutmasınlar. Qızım  bunları məndən soruşanda utanıram və o insana nifrət edirəm. Yalanına görə, kininə görə. ...Və çox maraqlıdır mənə, o yalanlardan sonra onlar öz ailələrində necə rahat yaşayırlar. İŞİD-lə, qara piarla konkret olaraq Azərbaycandan bizə zərbə vurmağa çalışırlar. Bacarmazlar. Bizi qorxutmaq olmaz. Ən aşağıya düşüb, yenidən yuxarı gələrik”.

Övladından çəkilən misal həssaslıq təsirini büruzə verməyə hesablanmış çıxışdır və burda da xalqa istiqamətlənən imic çağırışı var. Lakin, əminik ki, bu da Mənsimovun öz istehsalı olan fikir deyil, ona guya təsirli “ssenari” hazırlamışların gedişidir. Bilməlisiniz ki, bu gediş də onun obrazına uyğun gəlməyən detallardan biri kimi göründü müsahibədə. Necə deyək, elə təsəvvür edin ki, siz Qərb mühitinə uyğun nəyisə Şərq mühitində tətbiq edib, qalib olmaq, haqqınızı qazanmaq istəyirsiz. Uyğunsuzluğu bundan artıq necə ifadə eləmək olar...

Mənsimovun  ümumiyyətlə, daim və yalnız ANS-də çıxış eləməsi isə yuxarıda qeyd elədiyimiz detalın kiçik parçalarından biridir. Onun bu kanalla yaxınlığı kulisə çox, xalqa da az-maz aydındır. OK, siz də media ilə İŞ GÖRÜRSÜNÜZ, pul əməkdaşlığı edirsiniz, onda haqlı ola-ola, daha peşəkar işləyə-işləyə sizin gücünüz niyə azdır? Düşündünüzmü heç bunu?

“Hafka” da düşünürdü ki, yarılmaz qaya, vurulmaz hədəfdir. Getdikcə bunu aşkar səsləndirirdi. Ancaq politik deffektləri, yanlış kadr seçimləri, yanındakı məsləhətverənləri barədə onu sıradan çıxardı. Mənsimovun da  oxşar formada gedişlər etdiyi sezilir. Həmlələrinizdə intellekt və soyuq başdan çox süni emosiya və bəsit politik çalarlar hiss olunur. Əslində  reallıqdakı biznesmen obrazına yaraşmayan, o səviyyəyə uyğun olmayan tərz...

Sizin pul şəffaflığından danışmağınz sırf “Palmali”yə bağlıdır, ancaq Azərbaycanda bir məhsulunuz da 10 il mövcud olmuşdu – “Xəzər Lənkəran”. Hardasa 6 milyon avro borcu olan, bu müddətdə 30-a yaxın futbolçunun FIFA-ya şikayəti üzündən cərimələnmiş, fəaliyyətini dayandırmağa məcbur olmuş, məhv olmuş bir klub. O klub ki, “çirkin media” ilə işləyirdi, çirkin işlər görürdü. Klub haqda şikayətlərin hamısı FIFA-ya, ordan da dünya mediasına sızdı. Sizin adınıza bağlı olmaqla... Əgər siz idarənizə daxil olan bir yeri zamanında tənzimləməkdə, təmizləməkdə çətinlik çəkirdinizsə (yaxud bu, belə görünürdü), izninizlə, diletant bir sualı təqdim edək: bəs “Azərbaycanın böyüyü” necə bunu eləsin/bacarsın? Yaxud ondan bunu niyə gözləyirsiz?

Elçin Cəlilov


oxunma sayı: 2064 | Paylaş:




?>