')

Bu gün:


FutbolPress.Az | Ağasəlim Mircavadov: "Əyaləti təmsil edən komandalar Premyer Liqaya əlavə rəng qatar" (MÜSAHİBƏ)

Ağasəlim Mircavadov: "Əyaləti təmsil edən komandalar Premyer Liqaya əlavə rəng qatar" (MÜSAHİBƏ)


oxunma sayı: 864 Paylaş:

FutbolPressMəşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovla Azərbaycan millisinin Avstriya toplanışı,  U-18 yığmasın yaradılması barədə söhbətləşdik.

"İcraiyyə Komitəsi Premyer Liqa və I Divizion haqda qərar qəbul edəndən sonra bu barədə nəsə danışmaq"

- Milli komandanın Avstriya toplanışı zamanı oynadığı yoldaşlıq görüşlərinin nəticələrindən razı qaldınızmı?
- Mən Avstriyada olmamamışam. U-21 ilə Sloveniyada idim. Oyunları da izləyə bilməmişəm. Belə matçlar gənc futbolçuları yoxlamaq xarakteri daşıyır. Bu, Dünya Çempionatının seçmə mərhələsinin oyunlarına hazırlıq prosesi idi. Burada qeydə alınan nəticələr o qədər də önəmli deyildi. Əsas hədəf komandanı komplekləşdirmək idi. Nəticələrdən razı qalıb-qalmadığını Prosineçkidən soruşmaq olar.

- Dediniz ki, U-21 yığması ilə birgə Sloveniyada təlim-məşq toplanışında olmusunuz. Orada vəziyyət necə idi?
- U-21-də 6 nəfər futbolçu yoxlanılırdı. Artıq gələn ildən onlar əsas heyətdə mübarizə aparacaqlar. Deyərdim ki, artıq komanda formalaşır. Onların qarşıda 2 seçmə oyunu var. San Marino və Finlandiya matçları üçün heyət komplekləşdirilirdi. Yoldaşlıq görüşlərinin nəticələrindən razı qalmasam da, komandanın potensialı var. Bunu üzə çıxartmaq lazımdır. Komandanın əsas hədəfi qarşıdakı 2 oyunda qalib gəlmək və əsas milli komandaya futbolçu yetişdirməkdir.

- 6 futbolçunun U-21-nin əsas heyətinin üzvünə çevriləcəyini dediniz. Onların kimliyini bilmək olar?
- Hamısı 1996-97-ci il təvəllüdlü futbolçulardır. Birinin adını dəqiq deyə bilərəm. Bu "Kəpəz"in futbolçusu Budaq Nəsirovdur. Həmin futbolçuların əllərinə çox yaxşı şans düşüb. İndi onlar da öz üzərlərində işləyib yaradılan şəraitdən istifadə etsinlər. Yığmaya oyunçunu klub hazırlayır. Komandalarda bu işlər peşəkar səviyyədə olmalıdır ki, milli də yaxşı oyun sərgiləsin. 4-5 gün içində futbolçu yetişdirmək olmaz. Bu uşaqların potensialı var və onlar daim üz üzərlərində işləməlidirlər.

- U-17-də də baş məşqçi dəyişikliyi oldu. Təbriz Həsənovu Rafiz Mirzəyev əvəzlədi...
- Bu məlum məsələdir ki, U-16-da çalışan məqşçiyə 1 il sonra 17 yaşlılardan ibarət komanda tapşırılır. Təbriz öz işini yekunlaşdırdı. Lakin onun sərəncamında olan futbolçular mütamadi olaraq oynamalıdırlar. Bizim də fikrimiz var ki, 18 yaşlı futbolçulardan ibarət komanda fəaliyyət göstərsin. Məşqçilər Komitəsi olaraq AFFA-ya U-18 yığmasının yaradılmasını 2 il əvvəl təklif etmişdik. İndi istəyirik ki, komanda üçün bu ay olmasa da, gələn ay Bakıda təlim-məşq toplanışı olsun. Yığmanın yaradılmasında əsas məqsəd həmin futbolçuların itib-batmasının qarşısını almaqdır. Futbolçulardan bəziləri Nazim Süleymanovun sərəncamına veriləcək. Digərləri isə öz yaşıdları ilə birgə oynayacaqlar.

- Bizdə olan məlumata görə, U-18 yığması gələn mövsüm I Divizionda mübarizə aparacaq.
- Komandanın I Divizionda mübarizə aparıb-aparmayacağını dəqiq deyə bilmərəm. İcraiyyə Komitəsi Premyer Liqa və I Divizion haqda qərar qəbul edəndən sonra bu barədə nəsə danışmaq olar.

- Gələn mövsüm Premyer Liqada 8 komanda mübarizə apara bilər...
-Çempionatda komandaların sayının azalması yaxşı əlamət deyil. Biri var yığmaya 10 komandadan futbolçu dəvət edəsən, biri də var 8 klubdan. Birinci halda seçim şansı daha çox olur. Bütün dünyada olduğu kimi bizdə də maliyyə problemi yaşanır. Əminəm ki, federasiya rəsmiləri əlində gələni edirlər ki, 10 komanda olsun. Mən bunun şahidi də olmuşam. Konkret qərar ayın 13-ü veriləcək. 10 komandalıq çempionat daha yaxşıdır, nəinki 8. Birinci halda 4 dövrəlik sistemlə 36 oyun keçirilir, ikincidə isə 28. Bu da birbaşa futbolçulara təsir edəcək amillərdən biridir. Yenə deyirəm. Federasiya da çalışır ki, 10 komandalıq çempionat olsun.

- Sizcə, AFFA lisenziya almaq istəyən hansı klublara güzəştə getsə, daha məqsədə uyğun olar?
- Bunu dəqiq deyə bilmərəm. Məncə, bölgə klubu olsa, daha yaxşı olar. Çünki qalan 8 komandadan cəmi ikisi  paytaxtdan kənar yerləşir  - "Qəbələ" və "Kəpəz". Digər 6 klubun hamısı Bakıda və ətrafında məskunlaşıb. Şüvəlanda AZAL, "Zirə" eyni adlı qəsəbədə, digər üç klub - "İnter", "Neftçi" və "Qarabağ" mərkəzdə məskən salıb. "Sumqayıt" isə məlum məsələdir. Düşünürəm ki, bölgə klubu gəlsə, daha yaxşı olar. Çempionata maraq qatan azarkeşlərdir. Bizdə də bölgə klublarının fanatları daha çox olur. "Kəpəz" və "Xəzər Lənkəran" bunun bariz nümunəsidir. Əyaləti təmsil edən komandalar Premyer Liqaya əlavə rəng qatar.

İLKİN


oxunma sayı: 864 | Paylaş:




?>