')

Bu gün:


FutbolPress.Az | Nazim Süleymanov: "11-lik”də yer ala bilmirsə, ona veriləcək şansı gözləməlidi" (MÜSAHİBƏ)

Nazim Süleymanov: "11-lik”də yer ala bilmirsə, ona veriləcək şansı gözləməlidi" (MÜSAHİBƏ)


oxunma sayı: 406 Paylaş:

FutbolPress

Makedoniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması həmin ölkədən olan həmyaşıdları ilə ikinci dəfə üz-üzə gəlib və yenə məğlubiyyətə düçar olub – 1:2. 
 
Qarşılaşmadan sonra U-19 millimin baş məşqçisi Nazim Süleymanov müsahibə verib.
 
- Yığmamız hesabı açsa da, üstünlüyünü qoruya bilmədi. Səbəbini nə ilə izah edə bilərsiniz?
- Hesabı açdığımız halda, meydanı məğlub tərk etməyimiz bizi məyus etdi. Komandamız oyun planında yaxşı təsir bağışladı. Xüsusilə, hücum xəttindən razı qaldım. Müdafiədə, əsasən də, standart vəziyyətlər zamanı xırda səhvlərə yol verdik, boşluqlar yaratdıq, rəqib futbolçuya yaxın oynamadıq, nəticədə ikinci topu buraxdıq. Bu görüşdə rəqibin qapıçısı da çox yaxşı çıxış etdi.
 
- Sona yaxın Makedoniya meydanda azlıqda qaldı. Həmin epizodu necə şərh edərdiniz?
- Fərid Nəbiyev qapıçı ilə təkbətək qalmışdı. Futbolçumuz ondan sıyrılmaq istəyərkən rəqib qapıçısı cərimə meydançasının kənarında Fəridi yıxdı. Hakim də haqlı olaraq qırmızı vərəqə göstərdi. Ümumi götürdükdə, bizim qol epizodlarımız daha çox oldu. İstifadə edə bilsəydik, lap yaxşı olardı.
 
- Birinci oyundan sonra hakim idarəçiliyindən narazı qalmışdınız. Bununla bağlı Makedoniya Futbol Federasiyasının rəsmilərinə etirazınızı bildirdinizmi?
- Təbii, federasiya rəsmilərinə narazılığımızı bildirdik. Çünki biz bura təlim-məşq toplanışına gəlmişik. Bu, yoldaşlıq oyunudu. Biz də istərdik ki, Makedoniya və Azərbaycan arasında hər zaman dostluq əlaqələri olsun. Hər zaman bu dostluq qələbə qazansın. Bugünkü oyundan sonra AFFA rəsmisi Zaur Hacı-Məhərrəmovla birgə həm hakimlərə, həm də federasiya əməkdaşlarına fikirlərimi çatdırdım. Bizə kömək etmək lazım deyil. Əsas məsələ gənc oyunçuların təcrübə toplaması, xarakterlərini formalaşdırması və püxtələşməsidi.
 
- Komandaya yeni cəlb edilən futbolçularla bağlı təəssüratlarınız necədi?
- Yeni deyəndə, biz onların hamısı tanıyırıq. Hazırda heyətlə bağlı müəyyən yerdəyişmələr aparılır. İlk oyunla müqayisədə əsas heyətdə 6 futbolçunu dəyişmişdik. Çünki bura gətirdiyimiz futbolçuların hamısına şans vermək, yoxlamaq istəyirdik. Ola bilsin ki, beynəlxalq oyunlar zamanı hansısa futbolçuda həyəcan yaransın, təlaş hiss olunsun. Onları belə oyunlara alışdırmalıyıq.
 
- Bu iki matçdan sonra sizi narahat edən məqamlar hansılar oldu?
- İlk növbədə yerli futbolçuların düşüncə tərzini qeyd edərdim. Xüsusilə də, ikinci hissədə əvəzetmə həyata keçirdikdən sonra meydana çıxan futbolçunun komandaya kömək edə bilməməsi, gücləndirməməsi baş məşqçi kimi məni narahat edir. Hər bir futbolçu ilk “11-lik”də meydana çıxmaq istəyir. Ancaq bunun üçün çalışmaq lazımdı. “11-lik”də yer ala bilmirsə, ona veriləcək şansı gözləməlidi. Meydanda 10 və ya 15, bəlkə də, 60 dəqiqə mübarizə aparacaq, bunun heç bir fərqi yoxdu. Əsas oyunun tempini tutmaq, iş əmsalını yüksəltmək, faydalı olmaqdı. Futbolçulara bunu aşılamalıyıq. Hamı eyni qaydada hazırlaşmalıdı.
 
- Növbəti planlar necədi?
- İyunun 8-də və 10-da Bakıda iki beynəlxalq yoldaşlıq oyunu keçirəcəyik. Belarusun U-19 yığması ilə hər iki oyun Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu dəfə də toplanışa dəvət etdiyimiz futbolçuların hamısına şans verməyə çalışacağıq.

(Apasport.az)


oxunma sayı: 406 | Paylaş:




?>