')

Bu gün:


FutbolPress.Az | "Xəzər Lənkəran": 2004-2016 (QEYD)

"Xəzər Lənkəran": 2004-2016 (QEYD)


oxunma sayı: 963 Paylaş:

FutbolPress

Dünәn "Xəzər Lənkəran"ın әsas komandası rəsmən buraxıldı. Klubun bәyanatında bildirilir ki, bundan sonra yalnız aşağı yaş komandaları ilә davam edәcәklәr. 2004-ci ildə yaradılan "Xәzәr Lәnkәran" tarixi ərzində heç vaxt I Diviziona düşməyib. Daim Premyer Liqada mübarizə aparıb.
 
Komanda ev oyunlarını 2006-ci ildə ölkə başçısı İlham Əliyev tәrәfindәn açılışı edilən Lənkəran şəhər stadionunda keçirirdi. UEFA nümayəndələrinin fikrincə, bu idman arenası keçmiş SSRİ ərazisində ən yaxşılar sırasındadır. Stadionda keçirilən ilk matçda "Xəzər Lənkəran" "Neftçi"ni 2:1 hesabı ilə məğlub etmişdi. Lənkəran şəhər stadionunun tutumu 15 000-ә yaxındır.
 
Komandanın ilk qoluna Azərbaycan çempionatında "Turan"a qarşı keçirlən matçın 26-cı dəqiqəsində albaniyalı Çöri İlir imza atıb. Sonuncu qolu isə Topaz Premyer Liqasının 2016-2017-ci il mövsümünün son turunda "Rəvan"a qarşı matçda komandanın öz yetirməsi olan 17 yaşlı İbrahim Qədirzadə vurdu.
 
XL-in ən böyük qələbəsi 9 fevral 2006-ci ildә Azərbaycan kubokunda "Şərur"a qarşı olub - 9:0. Çempionatda ən böyük qələbə dә elə 2006-ci ildə qazanılıb. "Ağ-yaşıllar" 14 apreldә MOİK-i 6:0 hesabı ilə məğlub edib.
 
Klub tarixinin 3 biabırçı nəticəsi olub. Bunlardan ikisi çempionat oyununda digəri isə Avropa Liqasının seçmə mərhələsində qeydə alınıb. İlk məğlubiyyət əzəli rəqib "Neftçi"yə qarşı oyunda baş verib. 6 noyabr 2011-ci ildә İsmət Qayıbov adına stadionda "Ağ-qaralar" 5:0 hesablı qələbə qazanıb.
 
Digər utandırıcı məğlubiyyət isə bu mövsüm qeydə alınıb. Premyer Liqanın VI turunda "Qəbələ" "Xəzər Lənkəran"ı 6:0 hesabı ilə darmadağın edib.
 
Әn ağır məğlubiyyət isə Avropa Liqasında qeydə alınıb. 2013-cü il iyunun 26-da II təsnifat mərhələsinin cavab matçında "Makkabi" Lənkəran şəhər stadionunda Con Benjamin Toşakın yetirmələrini 0:8 hesabı ilə darmadağın ediblər.
 
Avroliqalarda ümumilikdə 18 matçda meydana çıxan lənkəranlılar 2 qələbə, 7 bərabərlik, 9 məğlubiyyət əldə edib. Bu qarşılaşmalarda cənublular 14 qol vurub, 39-nu buraxıblar.
 
"Xəzər Lənkəran"da indiyə kimi 6 yerli (Nazim Süleymanov, Ağasəlim Mircavadov,  İqor Ponomaryov, Yunis Hüseynov, Elbrus Məmmədov, Ağadadaş Həmidov), 9 əcnəbi (Rasim Kara, Şenol Fidan, Viktor Pasulko, Mirça Rednik, Cüneyt Biçər, Karles Baskes, Con Benjamin Toşak, Mustafa Dənizli, Oğuz Çətin) məşqçi işləyib.
 
Komanda tarixində ən çox qol vuran futbolçu Zaur Ramazanovdur. O, 69 oyunda 33 dəfə rəqiblərini məyus edib.
 
12 illik tarixi ərzində komanda Azərbaycan çempionatında bir dəfə - 2006/2007 mövsümündə çempion olub. 3 dəfə gümüş medallara sahib çıxıb (2004/2005, 2010/2011, 2011/2012).
 
2004/2005 mövsümünün ikinci dövrəsindən etibarən uğurlu nəticələr əldə edən “Xəzər Lənkəran” çempionluğa doğru irəlilədi.
 
Mövsümün sonunda “Cәnub mirvari”si və “Neftçi” eyni xala malik olduqlarından əlavə matça - “Qızıl oyun”a ehtiyac yarandı. Qızıl medalların taleyinə 2005-ci il, iyunun 10-da Gəncə şəhər stadionunda aydınlıq gəldi. “Xəzər Lənkəran” matça yaxşı başlayaraq, hesabda irəli çıxsa da, ikinci hissədə daha təcrübəli futbolçulardan qurulmuş “Neftçi” hesabı öz xeyrinə dəyişərək çempion tituluna yiyələndi. Lakin “Xəzər Lənkəran” meydançanı mövsüm ərzindəki çıxışı ilə Gəncə şəhər stadionuna toplaşmış 25 mindən artıq azarkeşin alqış sədaları altında tərk etdi. Bu oyun Azərbaycan futbolu tarixində ilk və yeganә “Qızıl oyun” olub.
 
İlk çempionluqdan sonra hər il yanvar ayında Rusiyada təşkil olunan Müstəqil Dövlətlər Birliyi və Baltik ölkələrin futbol üzrə çempion klubları ilə keçirilən turnirə vəsiqə qazanan "Xəzər Lənkəran" ilk ildə çempion olmağı bacarıb. A Qrupunda "Kaunas" və "Reqar-TadAZ" klublarını məğlub edən cənublular "Aktobe"yə məğlub olsalar da, 1/4 finala vəsiqə qazandılar. 1/4 finalda 2:2-lik nəticədən sonra penaltilər seriyasında "Şerif" məğlub edildi. Yarımfinalda Belarus çempionu BATE mübarizədən kənarlaşdırıldı - 2:1.  Turnirin son matçında isə Özbəkistan "Paxtakor"unu 4:3 hesabı ilə məğlub edən "ağ-yaşıllar" "Birlik kubokun"da çempion oldular.
 
Lənkəran təmsilçisi Azərbaycan kubokunun 3 qat qalibidir. Cənublular 2006/2007, 2007-2008, 2010/2011-ci il mövsümlərində kuboku müzeyinә aparıblar. Komanda 2 dəfə bu tunirdə finala vəsiqə qazansa da, məğlub olub (2009-2010, 2012-2013)
 
Lənkəranlılar 2013-cü ildə Azərbaycan Superkubokunu Naxçıvan şəhər stadionunda "Neftçi"ni 2:1 hesabı ilə məğlub edərək qazanıb. 
 
Görüdüyünüz kimi, "Xəzər Lənkəran" 12 illik tarixində 11 dəfə medallara sahib çıxıb. 11-ci ilində (Hәlә daha әvvәl) başında fırtınalar qopmağa başlayan "Gəmiçilər" 12 yaşında dərin sulara qərq oldu.
 
futbolpress.az
 


oxunma sayı: 963 | Paylaş:




?>