')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov: "Bəzi epizodlarda 4-cü hakimə etiraz etdim"

Qurban Qurbanov: "Bəzi epizodlarda 4-cü hakimə etiraz etdim"


oxunma sayı: 400 Paylaş:

FutbolPress

Ölkə kubokunun finalında “Neftçi”ni məğlub edərək "qızıl dubla" imza atan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- "Neftçi"nin futbolçuları bir neçə epizodda çox sərt oynadılar. Reynaldo və Almeydanı dəyişmək barədə düşünmədiz ki?

- Əlbəttə zədədən uzaq olmaq lazımdı. Ancaq futbol sərt oyundu. Bu oyun avroliqa öncəsi bizim üçün yaxşı başlanğıc oldu. Düzdü, bəzi epizodlarda 4-cü hakimə etiraz etdim. Ancaq məncə, normal oyun oldu.

 

- İkinci hissədə Maksim Medvedev və Rəşad Sadıqov mövqelərini dəyişdilər...

- AZAL-la oyunda da bir neçə dəfə belə dəyişikliklər etmişdim. Belə olanda, hücum qurmaqda bir az işimiz asanlaşır.

 

- Əlavə vaxtda Almeydanı meydandan çıxardız. Oyunun penaltilərə doğru getdiyi məqamda penalti ustasını çıxardız...

- Bu gün qalib gəlmək bizim qismətimizdə var idisə, penaltilərdə də qalib gələcəkdik. Oyunun son 15 dəqiqəsində sol cinahımızda boşluqlar var idi. Ona görə Muaremi meydana buraxdım.

 

- Dünən oyunun taleyini 90 dəqiqə ərzində həll etmək istədiyinizi demişdiz...

- İlk 90 dəqiqədə oyunun taleyini həll etmək çətin idi. Bu cür oyunlarda həyəcan olur. Buna görə də futbolçularda son nöqtəni qoymaq çatmadı. Futbolçulara səbrli oynamağı tapşırmışdım. Oyunun 120 dəqiqə davam etməsi daha baxımlı oldu. Bəlkə də, bu cür sonluq azarkeşlərə futbolu bir azda sevdirdi.

 

- Reynaldonun 122-ci dəqiqədə qırmızı vərəqə görməsi barədə nə deyə bilərsiz?

- Əlbəttə, bu, düzgün deyildi. Ancaq finaldı. Komanda 120 dəqiqə yaxşı mübarizə apardı. Məncə, buna görə onu bağışlamaq olar.

 

- Mövsüm bitdi. Yeni transferlər olacaq?

- Ölkə xaricində oyunçu axtarışındayıq. Ola bilsin, 1-ci, yada 2-ci turda yeni oyunçulardan istifadə edək. Ancaq tapmasaq, indiki heyətlə davam edəcəyik.

 

- Yerli futbolçulardan, məsələn, "Neftçi"dən bəyəndiyiniz kimsə yoxdu ki?

- Fikrimcə, "Neftçi"dən hazırda bizə futbolçu verməzlər. Biz rəhbərliyin xəbəri olmadan da bu klubun oyunçularıyla danışıqlar aparmayacağıq.

 

- Klub prezidenti Tahir Gözəl ulduz futbolçu transfer edilə biləcəyini dedi.

- Rəhbərlikdən hansısa futbolçunun alınmasını tələb etməmişəm. Sadəcə, hansı mövqelərə oyunçu lazım olduğunu demişəm. Bizə əsas ulduz futbolçu yox, işini görən futbolçu lazımdı.

 

- Arif Daşdəmirov komandaya nə kimi kömək edə bilər?

- O, ilk növbədə azərbaycanlıdı. Müdafiənin hər iki cinahında oynaya bilir. Fikirləşirəm ki, yaxşı komanda qurmaq üçün yaxşı müdafiəçilər lazımdı. Digər mövqeləri sonra düzəltmək olar. Məncə, o, bizə lazımlı oyunçudu. Onun gəlişi Aqollinin gedişinə işarə deyil. Ansi gənclərə böyük örnəkdi.

 

- Avstriya toplanışıyla bağlı plan bəllidi?

- Ayın 16-sı Avstriyaya yollanacağıq. İyunun 17-dən məşqlər başlayacaq. Ayın 19-dan isə millinin futbolçuları düşərgəyə gələcək. O ki qaldı nə vaxt ölkəyə qayıdacağımıza, bu, püşkatmadan asılı olacaq. Avstriyada ilk qarşılaşacağımız klub bu ölkənin ikinci liqa təmsilçisi "İnsburq" olacaq. Bu komandayla ayın 25-i qarşılaşacağıq.


oxunma sayı: 400 | Paylaş:




?>