')

Bu gün:


FutbolPress.Az | Ağasəlim Mircavadovdan xəbərdarlıq - yoxsa daha pis olacaq  (MÜSAHİBƏ)

Ağasəlim Mircavadovdan xəbərdarlıq - yoxsa daha pis olacaq (MÜSAHİBƏ)


oxunma sayı: 899 Paylaş:

FutbolPressMəşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovla Azərbaycan Premyer Liqasının səviyyəsi barədə söhbətləşdik.  O, ölkə çempionatında sürətin, rəqabətin aşağı düşdüyünü bildirdi və bunun üçün ciddi problemlər yaradacağını düşünür. Təcrübəli mütəxəssisdən tənqidi fikirlər və çıxış yollarını öyrəndik.

“Çox yaxşı oldu ki, bu mövzunu məndən soruşduz. Ürəyim doludu, çox danışacağım var bu barədə. Azərbaycan çempionatında gərginlik, rəqabət xeyli aşağı düşüb. Son üç mövsümdə xoş olmayan tendensiya davam edir. Bu il isə daha pis formada oldu”.

- Çempionatın səviyyəsinin aşağı düşməsinə səbəblər nədir?

- Səbəblər çoxdur. Əvvəllər həm komanda sayı çox idi, həm rəqabət indikindən qat-qat güclü olurdu. 2006/07 mövsümünü yadımıza salaq. Ən azı 5 komanda çempionluq uğrunda gərgin mübarizədə idi. Hətta son tura qədər məlum deyildi ki, çempion hansı olacaq. Həm də ölkə kubokunda mübarizə, rəqabət yüksək səviyyədə idi. Getdikcə geriləmə başladı. Səbəb isə klubların beş manatlıq bir şeyə on beş manat verməsi, klub rəhbərliklərinin xərclərə ciddi nəzarət eləməməsi oldu. Rəhbərlərin  bu sahəni bilməməsi işbazların onları aldatmasına gətirib çıxardı. Nəticədə bəzi klublar elə çempionatda rəqabətin gərgin olduğu vaxtlarda sıradan çıxdı, bəziləri zəiflədi, çox az hissəsi davam eləyə bildi. Çox az klub infrastruktur qurmağa başladı. Əksərinin maddi-texniki bazası heç yaradılmadı. Bütün bu amillər klubların fəaliyyətinə təsir elədi. İndi də maliyyə böhranı var və görürük ki, bu çətinliyin qarşısında ən çox 2-3 klub tab gətirə bilir.

- Problemlərdən çıxış yolları nədədir?

- Çıxış yolları çoxdur. Hər klubun özünə uyğun yol müəyyənləşdirmək və o istiqamətdə mütəxəssislərin rəhbərliyi ilə iş görmək lazımdır. Ancaq kənardan baxıb görürük ki, hələ də problem yaşayan klublar islahat aparmır. Elə uğursuzluğa səbəb olan idarəçilər vəzifədə qalır, onlar da bu işin incəliklərini bilmədiklərinə görə vəziyyəti düzəltməkçün addım ata bilmirlər. Biz – Məşqçilər Komitəsi  AFFA rəhbərliyi ilə görüşüb, bu məsələni onların diqqətinə çatdırdıq. Ölkə çempionatında rəqabətin gücləndirilməsi üçün təkliflərimizi verdik. Aydın məsələdir ki, əsas təklif çempionatda bölgə klublarının iştirakına əhəmiyyət verməkdir. Ancaq bunu təşkil eləmək çox çətindir. İndi bölgələrdə Azərbaycan çempionatında çıxış eləmək imkanında olan klublar  lap azdır. Bu istiqamətdə işlər görmək lazımdır. “Kəpəz”in bu il Premyer Liqaya qayıtması və çıxışı göstərdi ki, mütləq bölgə klublarına üstünlük vermək lazımdır. Gəncə stadionuna 20 min adam toplaşırdı. Hələ komanda o qədər iddialı deyildi. Futbolu canlandıran əsas qüvvə də azarkeşdi. Stadiona azarkeş gəlmirsə, o oyun heç kəsçün maraqlı olmaz, heç futbolçunun da öz üzərində işləməyə həvəsli olmaz.

- Bu gedişlə necə olacaq – proqnozunuz nədir?

- Bu il “Qarabağ”, demək olar, gəzə-gəzə çempion oldu. Əksər oyunlarını izləmişdim, görünürdü ki, onlara qarşı rəqabət apara biləcək komanda yoxdu. Çempionatın əvvəlində düşünmək olardı ki, “Qəbələ”, “İnter”, “Neftçi” çempionluq mübarizəsində “Qarabağ”la ciddi rəqabətdə olacaq. Ancaq yekun nəticəyə baxırıq ki, çempionla ondan sonrakı rəqiblər arasında 20-25 xal fərq var. Bu vəziyyətdən çıxış yollarını konkret müəyyənləşdirmək və tezliklə tədbir görmək lazımdır. Ölkə empionatı nə üçün keçirilir? – Milli komandaya futbolçu seçməkçün və beynəlxalq turnirlərdə oynamaqçün. Legioner oyunçuların hesabına güclənib, Avropa liqalarında yaxşı nəticə qazanmaq olur, ancaq milli komanda üçün yüksək səviyyədə hazırlıqlı oyunçu tapmaq çətinləşir. Ona görə də çempionatın belə davam eləməsinə imkan vermək olmaz. Həm federasiya, həm PFL, həm mütəxəssislər birləşib, çıxış yolunu birlikdə tapmalıdırlar. Yoxsa getdikcə səviyyə daha da enəcək.

Elçin
"FutbolPress"


oxunma sayı: 899 | Paylaş:




?>