')

Bu gün:


FutbolPress.Az | Xaqani Məmmədov Əliyardan danışdı, Tahir Süleymanovu "yıxıb sürüdü" (MÜSAHİBƏ)

Xaqani Məmmədov Əliyardan danışdı, Tahir Süleymanovu "yıxıb sürüdü" (MÜSAHİBƏ)


oxunma sayı: 1361 Paylaş:

FutbolPressAzərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçında "Neftçi" evdə "Qəbələ" ilə 1:1 hesablı bərabərə qaldı.  Oyunun nəticəsindən və başqa bütün detallardan ən çox baş hakim Əliyar Ağayevin idarəçliyi gündəmə oturdu. 
Demək olar, hamı bir ağızdan Ağayevin 74-cü dəqiqədə qapıçının Aleksey Qaya qarşı aşkar kobud epizodunu görməzlikdən gəlib, penalti vermədiyini iddia elədi/yazdı. Ətraf-aləmi səs-küyə qərq edən də məhz bu kobud səhvdir.

Mövzuyla bağlı Hakimlər Komitəsinin sədri, ən azı, Ağayev qədər tənqid hədəfinə tuş gələn  Xaqani Məmmədov “FutbolPress”in suallarını cavablandırdı.

Məmmədov, “Mən haçansa suallardan qaçmışam?” – sualıyla başlayıb, “Heç nədən çəkinmirəm, istənilən mövzuda danışmağa hazıram” deməklə davam elədi.

- “Qəbələ”nin qələbəsi əlindən alındı. Bu niyə belə olmalıdır? Ölkənin ən yaxşı hakimi saydığımız biri gözünün qarşısındakı aşkar qayda pozuntusuna niyə doğru sanksiya tətbiq eləmədi?

- “Eləmədi” yox, “eləyə bilmədi” deyək buna. “Qəbələ”nin qələbəsi əlindən niyə alınır? Bu cür yanaşanlar səhv eləyirlər. 70-ci dəqiqəyə qədər Əliyar çox yaxşı hakimlik elədi. 74-cü dəqiqədəki qərar isə səhvdir və səhvinə görə cəza alacaq. Bunu faciə halına gətirmək nəyə lazımdır?

- Hakimin səhv eləməsi aksiomadır bu məsələdə. Zərərçəkən tərəf deyir ki, çempionatda hakimlər azı 15 xalımızı əlimizdən alıb. Bu emosiya partlayışıdır faciə mühitini yaradan...

- “Qəbələ” yaratdığı yüzfaizlik qol epizodlarından 2-3-nü istifadə eləyə bilsəydi, indi nə Əliyarın səhvindən danışan vardı, nə də ki özünü hansısa kluba xoş göstərmək istəyən bəzi uydurma yazılar.

- Əliyarın səhv elədiyini, zəiflədiyini, bunda sizin də təqsirkar olduğunuzu yazmışıq. Kimə xoş gəlməkçün etmişik bunu?

- Yox, qətiyyən sizi demirəm. Sizə müsahibə verirəm, suallara səmimi cavab verirəmsə, demək, hörmətim var. Siz bilirsiniz, başınız çıxır axı, bu Əliyar nə qədər oyun idarə eləyər – psixoloji yorulub adam.

- Təşəkkür verdiyiniz dəyərə görə, ancaq Əliyarın psixoloji yüklənməsiylə bitmir iş. Görünən budur ki, o, gözü qarşısında olan hadisəyə dəqiq sanksiya tətbiq edə bilmirsə, adam heç buna “edə bilmir” də deyə bilmir. Sanki, “etmir”...

- Qətiyyən.  Yenə deyirəm, “Qəbələ”, sadəcə, gözlənən, arzulanan nəticə qazana bilmədi deyə, hakim səhvinin üstünə yükləndilər. Mediada hamı bu məsələni qabartdı, beləcə süni ajiotaj yarandı. İlin sonunda sponsora hesabat vermək lazımdır axı. Belədə öz yarıtmazlıqlarından bəhs eləməyəcəklər ki. Ən asan çıxış yolu hakimi yıxıb-sürüməkdir, günahın hamısını hakimliyin üsünə atmaqdır. Əliyar Avropa Liqasının qrup mərhələsində oyun idarə eləmiş hakimdir. Onun gələcəyinə böyük ümidimiz var və özünü doğruldacağına şübhəm yoxdur. Sadəcə, inanın ki, psxioloji yüklənməsi var, bir müddətik istirahət eləməlidir. O da insandır. Uzaqlaşdıraq? Bu, ola bilməz. Bu durumdan bəzi dırnaqarası insanların istifadə eləməyi adama yer eləyir.

- Bəzi dırnaqarası adamlar nə deməkdir? Bir az açıq danışaq bəlkə?

- Bax, mən Hakimlər Komitəsinin sədriyəm, hakimləri məndən yaxşı tanıyan yoxdur. Əgər mən sizə deyirəmsə Əliyarın səhvi sırf psixoloji amildən asılıdır, deməli, həqiqətən bu, belədir. Buna and içməyimə ehtiyac yoxdur. Əmin olun ki, budur məsələ. Onun hakimliyində qərəz axtarağa dəyməz. Heç bir hakimimiz qərəzli deyil. Çıxsınlar, sübut eləsinlər. İstənilən biri, buyursun, isbatlasın bunu. Məzəmməti başa düşmək olar. Az da olsa, normal tənqidlər görürəm, niyə onlara qarşı pis münasibətim yoxdur. Çünki obyektiv olmağa çalışırlar. Obyektiv, peşəkar tənqid işin xeyrinədir. Ancaq bəzi mənfəət güdənlər sanki  imkan gözləyirlər ki, nəsə səhv olsun və bunlar başlasınlar.

- Yazımda vurğulamışdım ki, xüsusən, qış fasiləsindən sonra Əliyar da daxil olmaqla, əksər hakimlərimizin hazırlığı zəifləyib. Yerdə qalanlarınsa səviyyəsi lap aşağı düşüb.

- İnanın ki, yox demək xatirinə yox demirəm, nə də süni müdafiə hesab eləməyin bunu: hakimlərin hazırlığında zəifləmə yoxdur. Konkret nəticələrlə, rəqəmlərlə bunu əyani şəkildə göstərə bilərəm. Sadəcə, səhvlər olur. Bunlarda qərəz axtarmağın əleyhinəyəm. Səhv edən cəzasız qalmır. Bu, bütün dünyada belədir. Başqa modeli yoxdur bunun. Səhvsiz iş olmur. Əsas odur ki, cəzasız səhvlər olmasın. Biz buna məsuliyyət daşıyırıq. Məsuliyyətimizin öhdəsindən də maksimum gəlməyə çalışırıq. Bilirsinizmi, daim demişəm, səhvlər olub, var, olacaq da. Ritsoli Çempionlar Liqasının  ¼ final mərhələsində “Barselona”nın lehinə penaltini vermədi. O hadisə də düz hakimin baxış bucağında baş vermişdi. Asdılar onu? Yox.

- Bunu, demək olar, başqa açıqlamalarınızın hər birində demisiniz, mən belə şablon söhbətin tərəfdarı deyiləm. Bilirik, Ritsoli səhv elədi və s. Ancaq o, yüksək templi bir oyunda etdi bunu. Ritsoli ora qədər gedib çıxmaqçün özünü sübut eləyib. Axı Əliyar hələ özünü sübut eləməlidir, Avropadakı gözləntilərimizi doğrultmalıdır. Onun bir mövsümdə 5-dən artıq kobud səhvə yol verməsini normal saymaq insana bir az çətinlik yaradır...

- Əzizim, hakimlik konkret reseptlə idarə olunmur. Bu, çox spesifik sahədir. Hər anın öz  hökmü var. Hakim meydanda bir saniyə içində qərar verməlidir. Və bilirsinizmi bir qərar üçün o, ağlından neçə qaydanı keçirdir, yekun nəticəyə gəlməkçün nə qədər predmeti nəzərə alır. Kənardan baxıb, nəsə demək olduqca asandır. Meydanda hadisələrə hakimlik eləmək böyük bir anlayışdır.

- Ətraflı danışırsınız, ancaq mətləbə gəlsək...

- Hansı sualdan yayındım?

- Heç bir sualdan yayınmamısınız. Gördüyümüz kimi, hamısına səbrlə, ətraflı cavab verirsiniz. Mən əsas məğzə, mətləbə girişməməyinizdən nigaranam.

- Buyurun, verin sualınızı, cavablayım.

- Siz istefa versəniz, düzələr bu problemlər?

- Bax, gəldik əsl məqama çatdıq. Hər şey məhz bunun ətrafında cəmləşib. Hər şey buna görədir.

- Hər şey buna görədir? O hardan çıxdı?

- Əliyar Rəşad Sadiqovu meydandan qovub, bu qərarı yanlış sayanlar gəlsin, izah edim niyə doğru qərardır. Qapıya gedən zərbənin qarşısını əl-qol alırsa, buna görə oyunçu qeyd-şərtsiz “qırmızı” almalıdır.

- "Əl topu tapdı, top əli tapdı" tezisi necə bəs?

- Konkret Sadiqovun epizodunda o əlini bədənindən bilərəkdən ayırır və topun qarşısını kəsir. Əliyar tam haqlıdır.

- OK, indi Əliyarın vermədiyi penaltisi, haqsız sayılan, ancaq doğru hesab elədiyiniz “qırmızı” kartı var. Bu səhvlərə görə onun qədər ortaya qoyulub tənqid hədəfinə çevrilən həm də sizsiniz.  “Hər şey buna görədir” – nə deməkdir?

-  Bütün hər şey mənim istefam üçün edilir. Hamını demirəm, konkret bəziləri var ki, hakim penalti vermir, mənim istefa verməli olduğumu deyir, hakim kart vermir, Xaqani istefa versin – deyir.

- Sizinlə ilk geniş müsahibəm, hardasa, 6-7 il əvvələ təsadüf edir. İnsafən, heç vaxt bu qədər səmimi olmamışdınız.

- Mən həmişə səmimi cavab vermişəm və indi də həmişəki kimi.

- Yox, həmişə səmimi olmusunuz, sadəcə, indi tam başqa təəssürat yaranır məndə. Bu açıq söhbət məndə yeni-yeni suallar yaradır.

- Buyurun, hamısını verin. Mən hazıram cavablamağa.

- Sizin istefa verməli olduğunuzu ən çox Tahir Süleymanovla Babək Quliyev deyir...

- Çox sağ olun bu suala görə. Konkret deyim. Mənim Babək Quliyevlə heç bir işim yoxdur. Hərdən “Futbol saatı”na baxıram, Tahir Süleymanov orda çıxış eləyir. Mən o dostlara deyirəm ki, siz Tahiri verilişə çıxarmaqla biabır edirsiniz. O, ağlına gələni danışır. İnsanları aldadır və bunu elə rahatlıqla edir, elə bil, belə də olmalıdır. Suyu bulandıran da məhz odur. Ondan soruşan lazımdır ki, sən hakimlikdə kim olmusan?!

- İnanılmaz! Siz konkret hücuma keçdiniz...

- Bilirsinizmi, haqlı mövqeyə hörmətim var. Siz də sərt nələrsə yazırsınız, nəsə demişəmmi, nəsə artıq-əsik bir şey olurmu? Qətiyyən. Biz işimizə peşəkar yanaşanlarıq. Ancaq bu adam özünü nə hesab eləyir? Tahir Süleymanov hakimlik karyerası boyu hələ bir dəfə olsun, nə normativ verib, nə imtahan verib.  20 il əvvəlin qaydalarıyla danışır, hər şeyə də köhnə qaydalarla münasibət bildirir. Ayıbdır, vallah. Hə şeyin bir həddi var. Mən ona yaxşı cavab verəcəm. Hazırlanır. O, qələt elədiyini ya bilmir, ya da özünü bilməzliyə vurur. Elə bilir qarşı tərəfdən ona nəsə deyən yoxdursa, saymırlarsa, o da ağzınagələni danışa bilər. “Qələt” də yəqin bildiniz nə demədi

- Əlbəttə. Ərəbcədən çevrilmədə “səhv” deməkdir. Niyəsə bizim cəmiyyətdə ağır yüklü söz forması alıb.

- (Gülür) Bəli.  İşimizdən nöqsan tutanın işlətdiyi arqumentlər müasir qaydalara cavab verməlidir. Boş-boş, öz bildiklərinə uyğun danışmaqla heç nəyə nail olmaq olmaz. Bilik də bir bilik ola – adamın illərdir yenilənən qaydalardan, tövsiyyələrdən xəbəri yoxdur. Ancaq özünə əl qatıb.

- Son sualım: Əliyar Ağayevi cəza müddətini soruşsam, cavab verməyəcəksiniz. Sadəcə,  uzunmüddətli cəzalandırmaq onu itirmək olmazmı?

- Hər səhvin özünün cəzası var. Bayaq dediyim kimi, Əliyarın bir müddətlik istirahətə ehtiyacı var. Psixoloji yüklənməsi keçsin, hər şey qaydasına düşəcək.

Elçin Cəlilov


oxunma sayı: 1361 | Paylaş:




?>