Zirzəmidə həyəcan (AFİŞA)
Paylaş:
Azərbaycan futbolunda tərsinə gedən proseslərin çoxluğu özünü turnir cədvəlində də büruzə verir. Çempionluq uğrunda mübarizədə “Qarabağ”a ən yaxın “Zirə”dir; onun da “atlılar”dan xal fərqi 12-dir. Üçüncü yerdəki “İnter” 49 xal toplayıb; liderdən nə az, nə çox, 23 xal geridər.
Sıralamda “Kəpəz” və “Qəbələ” də o qədər xalla mütəmadi olaraq 4 və 5-ci yerlərdə qərarlaşıblar.
Sanki APL-in ekvatoru uğrunda rəqabət daha qızğındır, nəinki çempionluq. Sözümüzün canı bu mənasız misalda deyildi, sizi çempionatın son pillələrinə nəzər yetirməyə dəvət edirik. 9 və 10-cu yerləri eyni xal toplamış (14) “Xəzər Lənkəran” və “Rəvan” bölüşür.
Bu iki komandadan biri – sonuncu yerdəki qeyd-şərtsiz I Diviziona düşəcək. 9-cu yeri tutan isə diviziondakı ikinci ilə pley-off matçına çıxacaq. O oyunda qalib gələn APL-in növbəti mövsümündə iştirakçı olacaq. Ona görə konkret bu iki komandanı qeyd edirik ki, artıq sona 5 tur qalıb və 8-ci yerdəki “Sumqayıt” (29) bundan sonra bütün oyunları uduzsa və bu cütlükdən biri bütün qarşılaşmalarda üç xal qazansa da, faydasızdır.
Göründüyü kimi, APL-in “zirzəmisində” gərginlik, həyəcan daha çoxdur.
Haşiyə çıxaq ki, UEFA-nın sanksiyasına əsasən “Rəvan”ın 6 xalı silinib. Yoxsa, “Biz bütün borcları bir neçə dəqiqəyə bağlayarıq” deyən avantürist Tuyqun Nadirovun de-fakto əsas idarəçisi olduğu “Xəzər Lənkəran” 6 xal fərqiylə çempionatın sonuncu pilləsindəydi...
Beləliklə, bu komandaların qarşıdakı turlarda afişasına nəzər yetirək.
“Rəvan”:
32-ci tur
“Kəpəz” -
XXXIII
- “İnter”
XXXIV
“Sumqayıt” –
XXXV
- “Qarabağ”
“Xəzər Lənkəran”:
32-ci tur:
AZAL -
XXXIII
- “Kəpəz”
XXXIV
“İnter” -
XXXV
- “Sumqayıt”
Hər ikisi üçün ağır qrafik saymaq olar. Ümumiyyətlə, turnir cədvəlinin sonuncuları üçün, təbii ki, bütün rəqiblər ağır sayılır. Konkretləşməyə gəlsə, “Rəvan”nın bu oyunlardan xal qopartmaq ehtimalı daha real görünür. Bunu da komandanın, xüsusən, qış fasiləsindən buyanakı cızdığı nəticə traektoriyası deməyə əsas verir. “Qırmızı-sarılar” iddialı rəqiblərə qarşı əzmkar futbol sərgiləməyi, bəzilərindən hətta xal qopartmağı ilə diqqət çəkə bilib.
Ən dramatik məqam isə sonuncu – 36-cı turdadır. Həmin tur məhz bu iki komanda qaşılaşacaq. Hazırkı xal bərabərliyi ona qədər davam eləsə, “Rəvan"
- “Xəzər Lənkəran” matçını autsayderlərin “çempionluq savaşı” da adlandırmaq olar.
P.S. Mülahizələr reqlament dəyişikliyi nəzərə alınmadan qeyd olunub. Əks halda, ölkə çempionatında komanda sayının artırılması, yaxud I Divizionda ənənəvi lisenziyalaşma problemləri və “problemləri” üzündən 2-ci yerdəki yox, 4-5-6 və s. pillədəki də gələ bilər. Yaxud heç biri gəlməyə bilər, yaxud da heç biri I Diviziona düşməyə bilər, yaxud da...
Bura Azərbaycan futboludur...
Elçin Cəlilov
| Paylaş: