')

Bu gün:


FutbolPress.Az | Həsənov Bəhmən: bəs mən? (SİTAT)

Həsənov Bəhmən: bəs mən? (SİTAT)


oxunma sayı: 557 Paylaş:

FutbolPress"Əməkdar məşqçi almaq üçün adımı vermişəm. Məncə, buna layiqəm. 30 ilə yaxın təcrübəm var, milli üçün oyunçular hazırlamışam, bunun nəyi pisdi ki? Çoxlu əməkdar, PRO kateqoriyasına malik məşqçilərimizin olmasının nəyi pisdi? Bu gün təxminən 15 PRO kateqoriyalı məşqçimiz var. Ancaq mənə belə ad verilməyib. Belə ad verilsə, bunu rəsmən açıqlayacağam. Mənim əsas məqsədim PRO kateqoriyalı məqşçi olmaqdı. Əməkdar məşqçi olmaq insana savad vermir. Sovet dövründən mənim yetirmələrim oynayıb. Kiməsə ziyanı varsa, almayım bu adı" (Bu gün. APL-in 31-ci turunun "Rəvan" - AZAL (1:0) matçından sonra).

Bu sitat Bəhmən Həsənova məxsusdur. O Bəhmən ki, "Rəvan"ın haçan hay-hayı gedir, vay-vayı qalır, dada-imdada o çatır. Haçan məşqçi istefaya göndərilir, o çıxır ortaya. Haçan "Rəvan"da pul olmur, onu dəvət eləyirlər "sükan arxasına"...

Və bu o Bəhməndir ki, UEFA-nın sanksiyası ilə hesabından 6 xal silinməsinə baxmayaraq, sonuncu pillədən qurtulmaq ərəfəsinə gətirib çıxara bilib komandanı.

O, pis günün dostudur!

O, PRO-nu da haqq edir, əməkdarı da, başqa titulları da.

Bu ölkədə büdcəsi milyonlarla ölçülən "Neftçi" möhtəşəm idarəçilik sistemi nəticəsində autsayderlər sırasına yuvarlanmaqdadır, heç olmasa, maaş verəcək qədər olan "Xəzər Lənkəran" turnir cədvəlində daha pis vəziyyətdədir; hətta ən perspektivli oyunçularla zənginləşdirilən "Sumqayıt" da çalışdırdığın "Rəvan" qədər ola bilmir, Bəhmən usta. 

6 xal silinməsəydi, indi sonuncu pillədə XL idi və sizin I Diviziona düşmək təhlükəniz 50 % daha az idi. Emin Quliyevin imkansızlığa bir-iki tur belə tab gətirməyib getdiyi və komandanın, demək olar, dağıldığı bir ərəfədə gəlib,  "Rəvan"a qocaman bir romantika gətirdiniz, usta. Sizin dillənməyə, əməkdar titulu istəməyə haqqınız var. Aylardır məvacib üzünə həsrət oyunçuları meydana çıxarıb, qələbə qazanırsınızsa, sizə min dəfə halal olsun!

İllərdir "underground" fəaliyyətinizlə sizin Azərbaycan futboluna qazandırdıqlarınız fonunda şəxsinizçün itirdikləriniz... ah, nələr-nələr. Siz dağıdıcı, yırtıcı kapitalizmin iqliminə yad ruhunuzla sadə təbiətinizin diqtə etdiyi o insani tərzinizdə elə gözəl şeylər cəmləmisiniz ki... Sizi izləyirik, Bəhmən hoca! O balaca dünyanızda nə boyda işlərə qadir olmanıza əyani bələdik. Potensialınızın möhtəşəm uğurlara qovuşacaq günləri uzaqda deyil! 

Sizi lağa qoydular, hər məşqçi istefasından sonra "Rəvan"ın boşalan postunda peyda olmanıza şirk qoşdular, məsxərə düzənlədilər; demədilər ki, sizin kulisdəki zəhmətiniz bu ölkənin xarabaqalmış futbolu üçün əsl fədakarlıq salnaməsidir və bunun qiyməti nəhayət ki, verilməlidir. Hər şeyə rəğmən siz ÖZünüzüz oldunuz. ÖZlüyünüzü insanlara nümunə halında göstərməyi bacarmaqdasınız. Siz heç vaxt. "ÖZüm ölüm!" deyib, ucuz vədlər vermədiniz, vədənizi gözlədiniz və həmlələri bir-bir dəf edib, asta-asta hədəfə yetdiniz. Hələ daha böyük hədəflər qarşıdadır, Bəhmən usta! Turnir cədvəlinin sonuncu pilləsindən qurtulmağa bir şey qalmayıb...

P.S. Bəhmən usta, siz qəlblərdə əməkdar məşqçisiniz! Tezliklə bu adın rəsmiləşəcəyi ümidiylə - sizi zirvələrdə təsəvür etməyə gedirəm...

Elçin Cəlilov


oxunma sayı: 557 | Paylaş:




?>